Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-143/2022 08.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Оğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03.08.2020-ci il tarixli müqavilə üzrə 170,00 manat əsas borc, 17,00 manat cərimə - cəmi 187,00 manat borc və 30,00 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə cavabdehə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin surətlərini almış və iddiaçının tələbinə dair etiraz ərizəsini məhkəməyə təqdim edərək işə sadələşdirilmiş icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Həmin etiraz ərizəsi əsasında məhkəmənin 29.03.2022-ci il tarixli 2 (054) - 143 / 2022 nömrəli qərardadına əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış 03.08.2020-ci il tarixli müqaviləyə əsasən həmin tarixdə dəyəri 756,00 manat olan bir ədəd mobil telefonu iddiaçıdan satın almışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərindən 156,00 manat ilkin ödəniş etdikdən sonra hər ay 50,00 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, onun iddiaçıya 170,00 manat ödənilməmiş borcu qalmış, borcun gecikdirilməsinə görə 17,00 manat cərimə hesablanmışdır. 03.08.2020-ci il tarixli müqavilə üzrə hazırda cavabdehin iddiaçıya cəmi 187,00 manat borcu vardır. Cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 187,00 manat borc və 30,00 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İşə iddia icraatı qaydasında baxılması üzrə məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh də sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, "xxxx" MMC ilə bağladığı alqı-satqı müqaviləsi əsasında aldığı mobil telefonda qüsur olduğuna görə iki dəfə iddiaçı təşkilata müraciət etmişdir. Hər dəfə mobil telefonu guya təmir edib ona qaytarsalar da, qüsur aradan qalxmamışdır. İstehlakçı kimi onun hüquqları iddiaçı tərəfindən pozulmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı cavabdehin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş 03.08.2020-ci il tarixli müqavilə, həmin müqaviləyə əlavə və 03.08.2020ci il tarixli bildiriş, 20.01.2022-ci il tarixli xəbərdarlıq məktubu, 14.02.2022-ci il tarixli maliyyə və ödəniş cədvəli, 15.02.2022-ci il tarixli mədaxil qəbzi, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, mobil telefonun təmiri və texniki servis barədə 24.04.2021ci il və 02.07.2021-ci il tarixli məlumat vərəqələri ilə müəyyən edildi ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış 03.08.2020-ci il tarixli müqaviləyə əsasən həmin tarixdə dəyəri 756,00 manat olan bir ədəd mobil telefonu iddiaçıdan satın almışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərindən 156,00 manat ilkin ödəniş etdikdən sonra hər ay 50,00 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh mobil telefonun təmiri və texniki servis xidməti ilə bağlı 24.04.2021-ci il və 02.07.2021-ci il tarixlərdə iki dəfə iddiaçıya müraciət etmişdir. Hazırda iddiaçı cavabdehin 03.08.2020-ci il tarixli müqavilə üzrə 170,00 manat əsas borc və 17,00 manat cərimə - cəmi 187,00 manat ödənilməmiş borcu qaldığını bildirərək cavabdehdən cəmi 187,00 manat borc və 30,00 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, həmin müqaviləyə əlavə edilmiş sənədlərə, xəbərdarlıq məktubuna, maliyyə və ödəniş cədvəlinə istinad edir. Cavabdeh iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir və iddiaçının tələbinə dair etirazlarının əsası olaraq məhkəməyə mobil telefonun təmiri və texniki servis barədə 24.04.2021-ci il və 02.07.2021-ci il tarixli məlumat vərəqələrini təqdim etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, tərəflər arasında dəyəri hissə-hissə ödənilmək şərti ilə pərakəndə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Satıcı müqavilədə göstərilən əşyanı alıcıya təhvil vermiş, alıcı da həmin əşyanı təslim almışdır. Sonradan əşyanın keyfiyyəti ilə əlaqədar tərəflər arasında mübahisə yaranmışdır. Satıcı öhdəliyinə uyğun olaraq alıcı tərəfindən edilən müraciət əsasında yaranmış qüsurun aradan qaldırılması məqsədilə əşyanı təmir üçün qəbul edərək əşyaya texniki servis xidməti göstərmiş, 24.04.2021-ci il tarixdə mobil telefonun dinamikini dəyişdirməklə bir dəfə əşyanı təmir edərək alıcıya təhvil vermişdir. Alıcı tərəfindən ikinci dəfə müraciət edilərkən əşyaya texniki servis xidməti qaydasında baxış keçirilsə də, hər hansı qüsur aşkar olunmamış, əşyanın texniki cəhətdən normal olduğu, yəni təmirə ehtiyacı olmadığı müəyyən edilərək bununla bağlı 02.07.2021-ci il tarixdə müvafiq sənəd tərtib edilmişdir. Bundan sonra cavabdehin iddiaçıya qarşı hər hansı etirazının olması halları müəyyən olunmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə cavabdehin etiraz ərizəsində, habelə, məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatları onun maddi məsuliyyətdən azad olunması üçün əsas kimi qəbul etmir və hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar iddia tələbinin əsaslılığını sübut etmək üçün yetərlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, qeyd olunan hüquq normalarının tələbləri və işin faktiki halları ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, iddia tələbinin 03.08.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan 170,00 manat əsas borc məbləğinin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 03.08.2020-ci il tarixli müqavilə üzrə 17,00 manat cərimə məbləğinin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30,00 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 03.08.2020-ci il tarixli müqavilə üzrə 170,00 manat əsas borc, 17,00 manat cərimə və 30,00 manat dövlət rüsumu - cəmi 217 (iki yüz on yeddi) manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-143/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-143/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver