Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-21/2025 10.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkli Vəkil İsgəndər oğlunun, Maraqlı şəxs2 iştirakı ilə, İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktların ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Oğuz rayon Notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiqlənərək X10 və X6 vərəsəsi Maraqlı şəxs2 adına miras əmlakdan tam hissədə pay almasına dair verilmiş xx.xx.2023-cü il tarixli, 2V-501 və 2V-502 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Oğuz Rayon Notariat Ofisi vərəsəlik işi açaraq xx.xx.2017-ci ildə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmiş mərhum atası X10 və 5 nəfər ailə üzvülərinin birgə mülkiyyətində olan 1.23 ha. həyətyanı torpaq sahəsindən və 0.68 kvm. fərdi yaşayış evindən , mərhumun payına düşən tam hissəyə dair qardaşı Maraqlı şəxs2 xx.xx.2023–cü ildə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamə qanunsuz və əsassız verildiyinə görə məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, həmin şəhadətnamənin verilməsi zamanı aşağıda sadaladığı qanun pozuntularına yol verilmişdir: 1.Notariat vərəsələrin dairəsini müəyyən etməmişdir. Vərəsələr sayı yeddi nəfərdən ibarət olduğu halda, digər vərəsələrin hüquqları nəzərə alınmadan vərəsənin birinin adına mirasın tam hissəsinə dair ona pay hüququ verilmişdir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Notariat haqqında Qanunu 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Həmin Qanunun 58ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi vərəsələrin dairəsini, yerini və mirası qəbul edib-etməməsi faktını öyrənmək notariat orqanının vəzifəsidir. Yalnız bundan sonra mirası qəbul etmiş vərəsələrin öz payına uyğun vərəsəlik şəhadətnaməsi verə bilər. Mübahisə və ya qeyrimüəyyənlik olduğu halda iş məhkəmədə araşdırıldıqdan sonra vərəsəlik şəhadətnaməsi verilə bilər. 2.Vərəsələrdən hansının mirası qəbul edib – etmədiyi müəyyən edilməmişdir. Vərəsələrə bildiriş verilməmiş, onların miras əmlaka dair iddialarının olub-olmamsı müəyyən edilməmişdir. Razılıq ərizələri alınmamışdır. Mübahisə olduğu halda (mübahisə əvvəldən mövcud olmuşdur) imtina verilərək mübahisənin məhkəmədə həll edilməsi təklif edilməmişdir. 2023-cü ildə Robert ilə Rudik arasında həmin miras və digər məsələlər üzərində bəlli mübahisə baş vermiş, tərəflərin mübahisəsinə Qəbələ Polis idarəsində baxılmış və rədd qərarı qəbul edilmişdir. İş materiallarına əlavə etdiyi “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan və DƏDKRPHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 22 may 2024cü il tarixli məktubundan görünür ki, mübahisələndirilən miras torpaq sahəsinin üzərində iddiaçı-vərəsə İddiaçı adına fərdi yaşayış evinə tərtib edilmiş 1989-cu il tarixli texniki pasport vardır, lakin həmin yaşayış evinə qeydiyyat vəsiqəsi ( çıxarış) alınmamışdır. Qeyd olunmalıdır ki, İddiaçı həmin evi miras qoyanların sağlığında onların razılığı ilə inşa etmiş, daha sonra valideynləri vəfat etmiş, evin altındakı torpaq sahəsi miras qalmışdır. Həmin evdə hər il bir neçə ay Robert öz ailəsi ilə birlikdə yaşayır, valideyinlərinin vəfatı zamanı uzun müddət həmin özünə məxsus evdə yaşamış, habelə evin altında olan miras torpaq sahəsini faktiki qəbul etmişdir. Bu halların heçbiri notariat tərəfindən araşdırılmamışdır. Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilər. Qanunun bu tələbindən irəli gələrək Notariat hərəkətlərinin aparılması haqqında Təlimatın 95-ci bəndinə göstərilmişdir ki, vərəsəlik şəhadətnaməsini mirasın açıldığı yerin , yəni Qəbələ rayon Asasn Xidmət Mərkəzində fəaliyyət göstərən notarius verməli olduğu halda, mübahisələndirilən şəhadətnaməni digər inzibati ərazinin natariusu, Oğuz rayon notariusu vermişdir. Notariat işinin materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, Maraqlı şəxs2 Qəbələ Notariat Ofisində eyni vərəsəlik işi açdırmış, lakin istədiyi qanunsuz hərəkətlərə nail ola bilmdəyindən vərəsəlik şəhadətnaməsi əldə etməmiş, daha sonra Oğuz rayon notariat kontorunda buna nail olmuşdur. Bundan başqa, Mülki Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras ,həm də onun bir hissəsi üçün verilə bilər. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsləri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Qanunun bu qeyd olunan tələbini əsas götürərək qeyd ediməlidir ki, bir halda ki, Oğuz rayon Notariat Ofisi vərəsəlik işini sənədləşdirərkən vərəsələrin dairəsini, vərəsələrdən hansının mirası qəbul edib etmədiyini, vərəsələrin arasında mirasa dair ixtilaf olub-olmadığını və qanunvericiliyin bu sahəni tənzimləyən sair tələblərini araşdırmamışdır, bu halda Maraqlı şəxs2 yalnız onun payına düşən hissəyə vərəsəlik şəhadətnaməsi verilə bilərdi. Yuxarıda qeyd etdiyim məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərmişdir ki, “Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir.” Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi verilən zaman MMnin 1246-cı maddəsi qüvvədə olmuşdur ,amma həmin maddə KM-n xx.xx.2022-ci il tarixli Plenum Qərarının təsiri altına düşürdü. Həmin Qərarda göstərilmişdir ki, “O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir.” Ən əsası Oğuz rayon Notariat Ofisi vərəsəlik şəhadətnaməsi verərkən Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarını ümumiyyətlə nəzərə almamışdır. Həmin Qərar 14 oktyabr 2022-ci il tarixdə dərc edilmiş və dərhal qüvvəsini almışdır. Oğuz rayon notariat kontoru qanunvericiliyin yuxarıda qeyd olunan tələblərin heçbirinə əməl etmədən qanunsuz vərəsəlik şəhadətnaməsi vermişdir. Ona görə də həmin şəhadətnamə ləğv edilməli və miras əmlakın bölüşdürülməsi mirasın açıldığı yer üzrə fəaliyyət göstərən notariat ofisində hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 1989-cu ildən etibarən Rusiya Federasiyasında yaşayır. O, hər il Azərbaycana gələrək əvvəl yaşadığı evə baş çəkmiş, fındıq yığaraq satmışdır. 2017-ci ildə o gələndə satılacaq qədər fındıq olmadığından sadəcə özü üçün istifadə etmişdir. O, yalnız koronavirusun yayılması ilə əlaqədar sərhədlər bağlı olduğu üçün bir neçə il gələ bilməmişdir. O, hətta anası xəstə olanda Azərbaycanda 1 ay qalmışdır. Həmin evdəki qab-qacaq, çaxır boçkaları və yataq dəsti ona anasından və atasından qalmışdır. Atası və anası öldükdən sonra o özü istifadə etmişdir. O, 2011, 2012-ci illərdə gəldiyi zaman isə xarici pasport olmadığından həmin tarixlərdə gəliş-gedişlərini təsdiq edə biləcək sənəd mövcud deyildir. Atası sağ olduğu vaxta kommunal xərcləri atası özü ödəmişdir. 2017-ci ildə o, Azərbaycana gələn zaman ona atasının vəfat etdiyi xəbəri verilmişdir. O, Qəbələdə atasının “yeddi” mərasimini verdikdən sonra qayıtmışdır. Hesab edir ki, onun da miras əmlakdan pay almaq hüququ vardır. Ona görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktlar ləğv edilməlidir. Əlavə olaraq bildirdi ki, miras əmlak olan torpaq sahəsində yerləşən və miras əmlaka daxil olmayan digər ev ona məxsusdur. Həmin evin texniki pasportu da ona aiddir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil İsgəndər oğlu məhkəmə iclaslarında iddia tələbinə və məhkəməyə təqdim etdiyi mülahizələrə uyğun izahat verməklə yanaşı bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı hazırda Ukrayna Respublikasının vətəndaşı olsa da xx.xx.1953-cü ildə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuşdur. Milliyyyətcə udindir. X25 Apkaroviç xx.xx.2017-ci ildə, anası X12 xx.xx.2010-cu ildə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmişlər. xx.xx.2023-cü ildə Oğuz Rayon Notariat Ofisində vərəsəlik işi açılaraq iddiaçının mərhum atası X10 və 5 nəfər ailə üzvünün birgə mülkiyyətində olan 1.23 ha həyətyanı torpaq sahəsindən və 0.68 kv.m fərdi yaşayış evindən mərhumun payına düşən hissəyə, habelə 1,23 ha torpaq sahəsindən anası mərhum X6 payına düşən hissəyə dair iddiaçının qardaşı Maraqlı şəxs2 miras əmlakdan tam hissədə vərəsəlik hüququ haqqında 2V-501 və 2V-502 reyestr nömrəli şəhadətnamələr verilmişdir. Şəhadətnamələr qanunsuz və əsassız verildiyinə görə məhkəmə qaydasında ləğv edilməlidir. Eyni zamanda qeyd edir ki, iddiaçı anası vəfat etdikdən sonra 1 ay öz evlərində qalmış və orada olan məişət əşyalarından istifadə etmişdir. İddiaçı bundan sonra isə Ukrayna Respublikasına getmişdir. Həmin vaxtlar sərhəd keçmə qeydi aparılmadığına görə gediş-gəlişlə bağlı sübut təqdim edə bilmirlər. İddiaçı ilk dəfə 2016-cı ildə xarici pasport almış və həmin tarixdən sonra da Azərbaycana gəlib-getmişdir. 2017-ci ildə iddiaçının atası xəstə olduğu üçün zəng edib ona məlumat vermişlər. İddiaçı Azərbaycana gələn zaman hələ yolda olduğu vaxt atasının vəfat etdiyini eşitmişdir. O, atası vəfat etdikdən bir qədər sonra evlərinə gəlib çatmışdır. O, atasının “yeddi” mərasimini də təşkil etmişdir. Beləliklə iddiaçının atasının mirasını qəbul etməsi faktı təsdiq olunur. Həmçinin, iddiaçının öz evi də atasından miras qalmış torpaq sahəsinin üzərində tikilmişdir.O, evdə olan əşyalardan istifadə etmiş, həyətyanı sahədə olan meyvələri yığmışdır. Bütün bunlar iddiaçının miras əmlaka faktiki sahiblik etdiyini deməyə kifayət qədər əsas verir. Bundan əlavə cavabdehin necə tək vərəsə olması barədə arayış alması naməlumdur. Belə ki, miras qoyanın 6 vərəsəsi vardır. İddiaçı və Kamanov Rudik, hər ikisi Sovet İttifaqı respublikaları birliyi dağıldıqdan sonra işləmək üçün başqa dövlətə getmişlər. Lakin İddiaçı hər il payız aylarında ailəsi ilə birlikdə öz evinə gələrək yaşamış və evinin yerləşdiyi torpaq sahəsinin üzərində olan məhsulu toplayaraq özü üçün istifadə etmişdir. Bu qayda ilə 2023-cü ilin payız aylarınadək Robert və Rudik arasında heç bir narazılıq olmamışdır. 2023-cü ilin payız ayında İddiaçı ailəsi ilə özünün evində yaşayan zaman onun evindən küllü miqdarda qızıl-ziynət əşyaları itmişdir. Həmin qızıl-ziytnət əşyalarının itmsində Kamanov Rudikin ailə üzvüləri günahkar kimi göstərilmişdir. Həmin vaxtdan tərəflər arasında ciddi münaqişə yaşanmışdır. İddiaçı 2023-cü ilin noyabr ayında ailəsi ilə birlikdə çıxıb getmiş , Kamanov Rudik isə valideyinlərindən qalan torpaq sahəsinin və üzərində olan İddiaçıin evinin və valideyinlərindən qalan evin özünün adına keçirmək üçün vərəsəlik şəhadətnaməsinin verilməsi ərizəsi ilə Qəbələ ASAN xidmətinin notariatına müraciət etmişdir. Qəbələ ASAN xidmətinin notariatı tərəfindən şəhadətnamə verilməsindən imtina edildiyindən Oğuz rayonunda yerləşən notariat ofisinə gəlmişdir. Maraqlı şəxs2 qeyd etdiyi formada verilən arayış qanuna zidd olduğundan hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, ondan irəli gələn nəticələr də ləğv edilməlidir. Bundan əlavə 2023-cü ildə Maraqlı şəxs2 valideynlərinin adına olan evi və iddiaçıya məxsus evin altındakı torpaq sahəsidə daxil olmaqla onların adına olan torpaq sahəsini öz adına qanusuz üsulla rəsmiləşdirdikdən sonra, iddiaçının evinidə zəbt etmişdir. Qeyd olunalardan görünən odur ki, həm Qəbələ rayon başçısının Nic İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi qanunsuz arayış verməklə, həm də Oğuz rayon notariat ofisinin xüsusi notariusu qanunsuz vərəsəlik hüququna dair şəhadətnamə verməklə bilərəkdən qanun normalarını pozmuşlar. Ona görə hesab edir ki, həmin şəxslər barəsində xüsusi qəradad çıxarılmalı və müvafiq prokurorluq orqanlarına göndərilməlidir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla cavabdeh X8 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs2 məhkəmə iclasında etirazına uyğun izahat verərək göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, vərəsəlik işi açılandan sonra qanuna əsasən vərəsələrin iş yeri və yaşayış yerlərinə müvafiq məlumatlar verilmişdir. İddiaçı 35 ildən artıq müddətdə mirasın yerləşdiyi Nic qəsəbəsini tərk etmiş, Rusiya vətəndaşı olmaqla orada yaşamışdır. Miras əmlak qoyanlarla, yəni ata-anası ilə heç maraqlanmamışdır. Onların bütün qayğılarını o, öz ailəsi ilə birlikdə çəkmişdir. İddiaçı isə arabir Qəbələyə gələrək öz tanışları ilə vaxt keçirmişdir. Notarius bütün sənədləri düzgün tərtib etmiş, qanuna əməl etmişdir. O özü miras əmlakını faktiki olaraq qəbul etməklə daşınmaz əmlakın-torpaq sahəsi və evin dağılmasının qarşısını almış və onu qoruyub mühafizə təmir işlərini həyata keçirmişdir. 2023-cü ildə iddiaçı Nic qəsəbəsinə gələndə zor gücünə mirası ələ keçirmək və satmaq istəmiş, polis şöbəsində araşdırma əsasında rədd qərarı qəbul edilmişdir. İddiaçının fikri yenə də əmlakı satmaqdır. İddiaçının adına olan texniki pasport və arayış da şübhəlidir. Həmçinin əlavə olaraq bildirir ki, 1,28 ha torpaq sahəsinin 0,018419 ha hissəsində 1975-ci ildə inşa olunmuş, bir mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 68 kv.m olan fərdi yaşayış evinə adına xx.xx.2024-cü ildə verilmiş **********67- 10301, inventar nömrəsi 406-66/782 olan texniki pasport qanuni texnki pasportdur, yəni Robertin adına qeyd olunan texniki pasport mövcud olsaydı, onun adına ikinci texniki pasport verilməzdi. Torpaq sahəsini və evi miras açıldığı gündən qəbul etmiş, bu günədək də sahibliyini həyata keçirməklə mühafizə edib qoruyur və təkbaşına təmir işlərini həyata keçirir. 1,23 ha torpaq sahəsində yerləşən həyətdə iki ev var, birində-Robertin evində o özü, atası, ailəsi yaşayıb, indi də özü ailəs ilə yaşayır, digər evdə isə oğlu yaşayır. Onlar 4 qardaş, 3 bacıdırlar. Bacıları ona deyir ki, haqqını tələb et. Robert hərdən bir gəlib bir otaqda qalır, gedir. Robert evi alsa onun yaşamağa yeri olmayacaq. Eyni zamanda iddiaçının yaşadıqları evdə heç bir əşyası olmamış, Azərbaycana gəldiyi zaman onların əşyalarından istifadə etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, mərhum X21 ilə X6 xx.xx.1952-ci ildə nikaha daxil olması, X6 xx.xx.2010-cu il tarixdə, X21 isə xx.xx.2017-ci il tarixdə ölməsi, X10 və X6 adına Qəbələ rayonu Nic kəndində (6 nəfərlə birgə) 0.8421 ha, 1.7475 ha, 0.746399 ha kənd təsərrüfatlı təyinatlı və 1.13 ha həyətyanı torpaq sahəsi olması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat, **********67-10301 reyestr nömrəli çıxarışda göstərilmiş torpaq sahəsinin üzərində 2 fərdi yaşayış evi və 2 təsərrüfat tikilisinin (tövlə, təndirxana) mövcud olması, 1 fərdi yaşayış evi və 1 təsərrüfat tikilisinin (tövlə) qeydiyyata alınmış olması (İddiaçı adına fərdi yaşayış evi ilə bağlı texniki pasport olsa da, lakin həmin fərdi yaşayış evinə qeydiyyat vəsiqəsi tərtib edilməməsi) mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması işə əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: - xx.xx.1952-ci il tarixli ИЕ 101302 nömrəli evləndirmə haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X21 ilə X12 arasında xx.xx.1952-ci ildə nikah bağlanmışdır; - Nic qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 431685 nömrəli, xx.xx.2024-cü il tarixli və AZ-İİ seriyalı, 431686 nömrəli, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə, X21 isə xx.xx.2017-ci il tarixdə ölmüşdür; - JN seriyalı, 338G nömrəli, 40600068 kod nömrəli Torpağa mülkiyyətə hüququna dair şəhadətnamənin və hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın surətlərindən Qəbələ rayonu Nic kəndində yerləşən 1.13 hektar həyətyanı torpaq sahəsinin X22, X13, X14, X17, X23 və X4 birgə mülkiyyətində, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin isə X10 tam mülkiyyətində olması aydın olur. - xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi surətindən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.84-21 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X21, X15, X18, X19, X20 və X7 birgə mülkiyyətində olması aydın olur. - xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi surətindən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 1.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X21, X15, X18, X19, X20 və X7 birgə mülkiyyətində olması aydın olur. - 1989-cu il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin tekniki pasportundan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan aydın olur ki, Qəbələ rayonu Nic kəndində yerləşən sahəsi 1500 kv.metr olan fərdi yaşayış evi ilə bağlı İddiaçı adına texniki pasport vardır, lakin həmin fərdi yaşayış evinə qeydiyyat vəsiqəsi tərtib edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1993 nömrəli rəyində qeyd olunmuşdur ki, Qəbələ rayonu Nic kəndində yerləşən, İddiaçı adına tərtib edilmiş aprel 1989-cu il tarixli, 787 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda koordinatlar və məkan göstəriciləri olmadığına görə 1984cü ildə tikilmiş, ümumi sahəsi 67,5 kv.m, açıq eyvan 52,5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənədlərinə uyğun olub-olmamasını təyin etmək mümkün deyildir. İddia olunan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat, **********67-10301 reyestr nömrəli çıxarışda göstərilmiş torpaq sahəsinin üzərində yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat, **********67-10301 reyestr nömrəli çıxarışda göstərilmiş torpaq sahəsinin üzərində 2 fərdi yaşayış evi və 2 təsərrüfat tikilisi (tövlə, təndirxana) mövcuddur. 1 fərdi yaşayış evi və 1 təsərrüfat tikilisi (tövlə) qeydiyyata alınmış, . - xx.xx.2023-cü il tarixli 2V-501 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X10 vərəsəsi Maraqlı şəxs2 Ruben Kamanovdan miras qalmış DƏDRX-nın 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X11 verilmiş **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Qəbələ rayonu Nic qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1.23 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən və üzərində yerləşən ümumi sahəsi 68 kv.m olan fərdi yaşayış evindən tam hissədə pay almışdır. - xx.xx.2023-cü il tarixli 2V-502 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 vərəsəsi Maraqlı şəxs2 Tamara Kamanyandan miras qalmış DƏDRX-nın 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X11 verilmiş **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Qəbələ rayonu Nic qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1.23 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən tam hissədə pay almışdır. İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Maraqlı şəxs2 adına miras əmlakdan tam hissədə pay almasına dair verilmiş xx.xx.2023-cü il tarixli, 2V-501 və 2V-502 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktların ləğv edilməsini tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. Mülki işin mübahisəli hallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə bildirir ki, iddiaçının blə bir tələblə müraciət etmək hüququ onun mərhum atası X9 və X2mış miras əmlakın qəbul edilməsi faktından, yənin onun həqiqi vərəsə statusuna malik olmasından asılıdır. Çünki vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasını mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun yaranması məhz iddiaçının miras qoyanlardan qalmış əmlakın qəbul edilməsindən sonra mümkündür. Əks təqdirdə o, digər vərəsələrin mirasın qəbul edilməsi və ondan irəli gələn hərəkətləri mübahisələndirə bilməz. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X10 xx.xx.2017-ci ildə, X6 isə xx.xx.2010-cu ildə ölməsi sübuta yetirilir. Yəni onların ölümü ilə miras açılmış və həmin anlardan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyanlar tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilməmişdi. Belə olan halda isə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X12 xx.xx.2010-cu ildə öldüyü zaman sağ olan əri və övladları onun qanun üzrə vərəsəsi sayılır. Tərəflər məhkəməyə X10 vərəsələrinin dairəsi ilə bağlı hər hansı bir sübut təqdim etməsə də, işdə iştirak edən şəxlərin məhkəmədə verdiyi izahatlarından onun vərəsələrinin mərhumun xx.xx.2017-ci ildə öldüyü vaxt sağ olan övladları olması müəyyən edilir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı,bütövlüyü prinsipini ehtiva edir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. X1 xx.xx.2017-ci ildə və X6 xx.xx.2010-cu ildə ölümü ilə onların övladlarından biri olan Maraqlı şəxs2 vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdi. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Həmin Qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarı qəbul edildikdən sonra məhkəmənin icraatına daxil olmuş, iş üzrə vərəsəlik münasibətləri də yuxarıda qeyd edilən Qərarın qəbul edilməsindən əvvəl yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən qərarın hüquqi qüvvəsi hazırki işə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Həmçinin qeyd edilən Məcəllənin 1246-ci maddəsində mirasın qəbul edilməsinin müddəti əks edilmişdir ki, həmin normaya əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. İddiaçı mərhum X21 və X5 miras qalan əmlakın qəbul edilməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə iddiaçı və onun nümayəndəsinin onun hər il Azərbaycan Respublikasına gəlməklə evə baş çəkməsi, orada 1 ay qalması, fərdi yaşayış evində olan əşyalardan istifadə etməsi və s. bu kimi hərəkətləri ilə miras əmlakı qəbul etmiş hesab edilməsi ilə bağlı xüsusatlara tənqidi yanaşır. Belə ki, iddiaçı qeyd edilən fərdi yaşayış evində daimi yaşamamış, orada, eləcə də torpaq sahəsində təsərrüfat aparmamışdır. O, yalnız müəyyən vaxtlarda qısa müddətə qonaq kimi gəlmişdir. İddiaçı və onun nümayəndəsinin izahatlarından müəyyən olunur ki, iddiaçının hətta ən uzun qaldığı müddət cəmi 1 ay təşkil edir. Bütün bunlar isə öz-özlüyündə iddiaçının mirası qəbul etdiyini deməyə əsas vermir. Eyni zamanda məhkəmə iddiaçının miras-əmlak üzərində olan fərdi yaşayış evi ilə əlaqədar bildirir ki, həmin yaşayış evi hazırki mübahisəsinin predmeti deyildir və iddiaçı aidiyyəti orqana müraciət edərək həmin yaşayış evinin qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənləri ümumiləşdirək məhkəmə belə hesab edir ki, İddiaçı valideynlərindən qalmış mirası qəbul etməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən onun tələbi əsaslı sayıla bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Yuxarıda da qeyd edildiyi ki, iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasını tələb etməsi tələbini irəli sürməsi üçün ilk olaraq onun həqiqi vərəsə statusu əldə etməli və ya mirası qəbul etməlidir. Çünki şəxs yalnız bundan sonra miras əmlaka mülkiyyət hüquq əldə etməklə, həmin əmlak barəsində onun mənafeyini pozan hərəkət və ya qərarları mübahisələndirmək hüququ əldə edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddiaçı isə valideynlərindən miras qalamış əmlakın qəbul edilməsi və ya həqiqi vərəsə statusu əldə edərək miras əmlak üzərində mülkiyyət hüququ əldə etməsi bağlı məhkəmə mötəbər sübut təqdim etmədiyindən onun valideynlərindən qalmış miras barəsində digər vərəsələr tərəfindən həyata keçirdiyi hüquqi hərəkətlərin qanunsuz və əsassızlığını mübahisələndirmək hüququ mövcud deyil. Çünki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli qərarına əsasən subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Məcəllənin 1246 və 1272-ci maddələrində qeyd edilən müddətlər kəsici müddət olmaqla, məhkəmə tərəfindən tətbiq edilən bilən müddətdir. Bütün bunlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, mülki qanunvericiliyin özündə əks etdirdiyi kəsici müddətlər də iddiaçı tərəfindən ötürülmüşdü. Eyni zamanda məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Hazırkı iş üzrə tələb vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktların ləğv edilməsi olduğundan mirasa sahiblənməklə adına vərəsəlik şəhadətnaməsi və çıxarış verilmiş Maraqlı şəxs2 bu tələbə cavab verməli şəxs, yəni cavabdeh ola bilər. Lakin Maraqlı şəxs2 iş üzrə cavabdeh qismində göstərilməmiş və ona qarşı tələb irəli sürülməmişdir. MPM-ə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.) Baxılan iş üzrə məhkəmə tərəfindən iddiaçıya əsl cavabdehin əvəz edilməsi təklif edilsə də, iddiaçı həmin təkliflə razılaşmadığından işə mahiyyəti üzrə baxılmağa davam edilmişdir. Məhkəmə onu da qeyd edir ki, Maraqlı şəxs2 iş üzrə maraqlı şəxs kimi cəlb edilsə də mülki-prosessual qanunvericilikdə iddiya cavab verməli olan proses iştirakçısı kimi məhz cavabdeh göstərilmişdir. Məhkəmə ona təqdim edilmiş sübutları və məhkəmədə dindirilmiş şəxslərin izahatlarını qanunvericiliyin tələbləri ilə qarşılıqlı və əlaqəli şəkində tədqiqinin yekunu olaraq belə hesab edir ki, İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktların ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktların ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(054)-21/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-21/2025
10.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver