Məhkəmə qərarları › İş №e-2(054)-212/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-212/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-212/2022 10.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Оğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə haqqının və itirilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən aparılmış hesabat üzrə 528,10 manat borc, itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabat üzrə 216,00 manat, əvvəlcədən ödənilmiş 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı - cəmi 774,50 manat məbləğin cavabdehdən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin müraciəti əsasında tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh yaşadığı evdə istehlakçı kimi təbii qazdan istifadə etmişdir. Cavabdeh istifadə etdiyi təbii qazın dəyərini ödəməmiş, nəticədə onun cəmi 528,10 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəməlidir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozmuşdur. Bundan əlavə, cavabdehin yaşadığı evin qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilərkən sayğaca müdaxilə olunduğu müəyyən edildiyinə görə itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabat üzrə cavabdehə 216,00 manat borc hesablanmışdır. Cavabdeh həmin məbləğləri ödəmədiyinə görə iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Ona görə də təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən aparılmış hesabat üzrə 528,10 manat borc, itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabat üzrə 216,00 manat, əvvəlcədən ödənilmiş 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cəmi 774,50 manat məbləğin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış 21.06.2021-ci il tarixli qazın alqı-satqısı müqaviləsinin, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 12.04.2021-ci il tarixli aktın, qaz sayğacının yoxlanılması barədə 23.06.2021-ci il tarixli aktın, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.06.2021-ci il tarixli aktın, dəymiş ziyanın bərpasına dair 29.06.2021-ci il tarixli tələbnamənin surətləri, abonentin 01.04.2021-ci il tarixli saldosu və 30.03.2022-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, cavabdeh ünvan 1 ünvanında yaşayır. Tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh yaşadığı evdə istehlakçı kimi təbii qazdan istifadə etmişdir. Cavabdeh iddiaçının xidmətlərindən istifadə etmiş, lakin özü ilə iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəməmişdir. Eyni zamanda, cavabdehin yaşadığı evin qaz xəttinə quraşdırılmış sayğaca baxış keçirilərkən sayğacda aşkar olunduğuna görə itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabat üzrə cavabdehə 216,00 manat borc hesablanmışdır. Təbii qazdan istifadə haqqının və itirilmiş təbii qazın dəyərinin ödənilməsi cavabdehdən tələb edilmiş, cavabdeh həmin məbləğləri ödəmədiyinə görə iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən aparılmış hesabat üzrə 528,10 manat borc, itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabat üzrə 216,00 manat, əvvəlcədən ödənilmiş 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı - cəmi 774,50 manat məbləğin məbləğin ödənilməsini tələb edir. İddiaçı hazırki iddia tələblərinin əsası olaraq tərəflər arasında bağlanmış təbii qazdan istifadə müqaviləsinə, qaz sayğacının yoxlanılması haqqında, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara, dəymiş ziyanın bərpasına dair tələbnaməyə, abonentin saldosuna istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Qazdan istifadə Qaydaları”na 3 nömrəli Əlavənin 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 528,10 manat borc məbləği tutulmasına dair hissəsi təmin edilməlidir. “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarıın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.2.3-cü bəndinə əsasən istehlakçı tərəfindən müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək paylayıcının hüququdur. İddiaçı cavabdehin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca onun özü (istehlakçı) tərəfindən məqsədli olaraq müdaxilə edildiyini, itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabat üzrə 216,00 manat borc hesablandığını bildirir, cavabdeh isə həmin faktı təkzib edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə etirazını da bildirməmişdir. Ona görə də məhkəmə iddiaçının dəlillərini iddia tələbinin itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabat üzrə 216,00 manat borc məbləğinə dair hissəsinin sübut edilməsi üçün də yetərli hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabat üzrə 216,00 manat borc məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 528,10 manat, itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabat üzrə 216,00 manat borc məbləğləri, 30,00 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı - cəmi 774 (yeddi yüz yetmiş dörd) manat 50 (əlli) qəpik tutularaq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar