Məhkəmə qərarları › İş №e-2(054)-235/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-235/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-235/2025 29.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqavilə üzrə 350,30 manat əsas borc, 35,03 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 258,20 manat əsas borc, 25,82 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 465,70 manat əsas borc, 46,57 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu - cəmi 1228,82 manat borc, həmçinin, 32,29 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2025-ci il tarixdə cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə cavabdehə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi xx.xx.2025-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən dəyəri 929,16 manat, 518,04 manat və 774,96 manat olan müxtəlif növlü məişət avadanlıqlarını iddiaçıdan satın almışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh aldığı əmlakların dəyərindən ilkin ödəniş etməmiş, məbləğləri müvafiq olaraq 18 ay, 12 ay və 12 ay ərzində ərzində hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, onun iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 350,30 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 258,20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 465,70 manat ödənilməmiş borcu qalmışdır. Borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 35,03 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 25,82 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 46,57 manat cərimə hesablanmışdır. Cavabdehin həmçinin, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə cəmi 47,20 manat İnnovativ Layihələr Mərkəzi rüsumu ödəmək öhdəliyi də vardır. Hazırda xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə cavabdehin iddiaçıya cəmi 1228,82 manat ödənilməmiş borcu vardır. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 32,29 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 1228,82 manat borc məbləğinin, həmçinin, 32,29 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, araşdırma zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən dəyəri 929,16 manat, 518,04 manat və 774,96 manat olan müxtəlif növlü məişət avadanlıqlarını iddiaçıdan satın almışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh aldığı əmlakların dəyərindən ilkin ödəniş etməmiş, məbləğləri müvafiq olaraq 18 ay, 12 ay və 12 ay ərzində hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 32,29 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 350,30 manat əsas borc, 35,03 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 258,20 manat əsas borc, 25,82 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 465,70 manat əsas borc, 46,57 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu - cəmi 1228,82 manat ödənilməmiş borcu qaldığını bildirərək cavabdehdən cəmi 1228,82 manat borc və 32,29 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə qərara gəlirəm ki, iddia tələbinin xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə ödənilməmiş qalan əsas borc məbləğlərinin cavabdehdən tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 35,03 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 25,82 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 46,57 manat cərimə məbləğləri həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və əsas borcla müqayisədə yüksək məbləğdir. Cərimənin miqdarının yüksək olması cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Qeyd olunan əsaslara görə qərara gəlirəm ki, cavabdehdən tələb edilən cərimənin miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cərimə məbləğləri tutulmasına dair hissələri qismən – xx.xx.2023-cü il tarixli müqavilə üzrə 15,00 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10,00 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20,00 manat həddində həddində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Yenə həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə qərara gəlirəm ki, iddia tələbinin cavabdehdən cəmi 46,20 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 32,29 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq , q ə t e t d i m: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 350,30 manat əsas borc, 15,00 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 258,20 manat əsas borc, 10,00 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 465,70 manat əsas borc, 20,00 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu - cəmi 1166,40 manat və 32,29 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar