Məhkəmə qərarları › İş №e-2(054)-318/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-318/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-318/2024 18.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X12 oğlunun, Cavabdeh nümayəndəsi Qocayev Nazim Zeynəddin oğlunun iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 4675,47 manat məbləğində sığorta ödənişi, 66,76 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair mülki işə 18 noyabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 4675,47 manat məbləğində sığorta ödənişi, 66,76 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə bütün məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməklə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında bağlanmış xx.xx.2022-ci il tarixli AS-H 590/22 saylı sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “X14 LC200” markalı, 004 T 010 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Tufan M50” markalı mopedlə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “X14 LC200” markalı, 004 T 010 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 4675,47 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərara əsasən yol-nəqliyyat hadisəsinin törədilməsində “Tufan M50” markalı mopedin sürücüsü Cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. “X10” MMC-nin S ******* saylı, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən “X14 LC200” markalı, 004 T 010 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4675,47 manat müəyyən edilmişdir. Həmin məbləğin Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən rəsmi şəkildə tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları nəzərə alınmaqla iddianın təmin olunması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, hadisənin baş verməsində hər iki tərəfin günahı vardır. Onun sürdüyü texnikaya görə vəsiqə tələb olunmur. Tələb edilən məbləğ həddən çoxdur. Həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Sığorta Təşkilatı hadisə yerində fotoşəkillər çəkib. Özü gedib məlumat verib ki, hesablama düzgün deyil. Ona işin məhkəməyə veriləcəyi bildirilmişdir. Öz mopedini təmir etdirib. Ziyan məbləğinin dəqiq müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında cavabdeh olan oğlunun izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, ziyanlığı sığorta şirkəti ödəyib, sonradan pulun tələb edilməsi düzgün deyil. Ziyan məbləği şişirdilib. Məbləğin azaldılmasını xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfi dinləyib iş materiallarını araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etmiş və xx.xx.2024-cü il tarixli, 2(054)-318/2024 saylı qərardada əsasən işi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Sözügedən iş xx.xx.2024-cü il tarixli, 9/6097 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İddiaçının və cavabdehin nümayəndələrinin iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tam təmin olunacağı və cavabdeh tərəfindən tam məbləğ ödəniləcəyi təqdirdə güzəşt tətbiq ediləcəyini, əks təqdirdə güzəştin olmayacağını bildirdi, ekspert rəyinə münasibət bildirilməsini məhkəmənin mülahizəsinə buraxaraq iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 ekspert rəyi ilə tanış olduğunu, lakin ziyan məbləğinin düzgün hesablanmadığını, məbləğin maşın farasına münasibətdə hədsiz yüksək olduğunu, əslində yalnız üst şüşənin dəyişilməsinin, xərcin 300 manatla həll olunmasının mümkün olduğunu, amma faranın bütünlükdə dəyişildiyini, buna görə tələb olunan məbləği ödəməyə etiraz etdiyini, faraya təkrar baxış keçirməklə yeni məbləğin müəyyən edilməsini tələb etdiyini bildirdi və iddianın ekspertiza ilə müəyyən edilmiş məbləğdən daha aşağı həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş nəqliyyat vasitəsinin AD 111867 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X14 LC200” minik markalı, 004 T 010 dövlət qeydiyyat nişanlı avtomobil Rusya Federasiyasının Azərbaycandakı Səfirliyinə məxsusdur. İşə əlavə edilmiş AC 357719 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək BC kateqoriya üzrə avtomobil idarə etmək hüququ verilmişdir. İşə əlavə edilmiş nəqliyyat vasitələrinin AS-H 590/22 saylı, xx.xx.2022-ci il tarixli sığortası şəhadətnaməsinin surətindən görünür ki, “X14 LC200” minik markalı, 004 T 010 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Rusya Federasiyasının Azərbaycandakı Səfirliyinin adına sığortalanmışdır. Bakı şəhəri Nərimanov rayon Polis şöbəsinin işə əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə məlumatı əks etdirən xx.xx.2023-cü il tarixli, 50/2-17381 saylı arayışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri Nərimanov rayonu, Koroğu Rəhimov küçəsində Cavabdeh tərəfindən idarə olunan “Tufan M5” markalı mopedlə Rusya Federasiyasının Azərbaycandakı Səfirliyinə məxsus, X6 tərəfindən idarə olunan “X14 LC200” minik markalı, 004 T 010 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, avtomobilə zərər vurulmuşdur. Bakı şəhər Nərimanov RPİ Təhqiqat Şöbəsinin təhqiqatçısı Nadir Rzazadənin işə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın Nərimanov RPİ DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturadan, xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 926622 saylı elektron qaimədən, "xxxx" ASC-nin baş vermiş sığorta hadisəsi ilə əlaqədar həyata keçiriləcək sığorta ödənişi barədə xx.xx.2023-cü il tarixli, A-AS-238/23 saylı sığorta aktından görünür ki, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə məxsus “X14 LC 200” markalı, 004T010 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan 4675,47 manat olmaqla, sığorta ödənişinin cəmi dəyəri 4675,47 manat təşkil etmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 001XOH********** (ölkədaxili) saylı və 001BUDG231850397 (vergi-bdcə) saylı ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən 3962,26 manat və 713,21 manat, cəmi 4675,47 manat pul “X13” MMC-nin hesabına köçürmə yolu ilə ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1801/23 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Cavabdeh 4675,47 manat sığorta ödənişinin 7 gün ərzində "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuş, əks təqdirdə məsuliyyət tədbirləri görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 9/6097 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X11” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2017-ci il buraxılışlı, “X14 LC 200” markalı, 004T010 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3138,20 manat olub dəyişilməli hissələrin qiyməti 2438,29 manat, təmir-bərpa işlərinin qiyməti 700 manat təşkil edir. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli, 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan 2017-ci il buraxılışlı, “X14 LC 200” markalı, 004T010 dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(054)-318/2024 nömrəli mülki iş materiallarında olan qüsur aktı əsasında hesablandı. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında, həmçinin iş materialları ilə müəyyən edildi ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi (moped) ilə digər nəqliyyat vasitəsinə (avtomobil) ziyan vurulmuş, nəticədə iddiaçı tərəfindən sığorta olunmuş zərərçəkənə 4675,47 manat məbləğində sığorta ödənişi aparılmış, buna görə iddiaçının subroqasiya hüququ yaranmışdır. İddia tələbinin məbləğinə münasibətdə məhkəmə aşağıdakıları bildirir: Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(054)-318/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına uyğun olaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/6097 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X11” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2017-ci il buraxılışlı, “X14 LC 200” markalı, 004T010 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3138,20 manat olub dəyişilməli hissələrin qiyməti 2438,29 manat, təmir-bərpa işlərinin qiyməti 700 manat təşkil edir. İddiaçı tərəfindən dəymiş zərərin məbləği olan 4675,47 manat mülki iş materialına əlavə edilmiş olan qüsur aktına istinad edilməklə tələb edilsə də, göründüyü kimi məhkəmə tərəfindən təyin olunmuş ekspertiza keçirilərkən zərərin məbləği qüsur aktına da istinad edilərək yenidən hesablanmış, 2017-ci il buraxılışlı, “X14 LC 200” markalı, 004T010 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə cəmi 3138,20 manat (dəyişilməli hissələrin qiyməti 2438,29 manat, təmir-bərpa işlərinin qiyməti 700 manat) müəyyən edilmişdir. Məhkəmə ekspertin rəyini sübut olaraq qəbul etməklə hesab edir ki, iddia tələbi ekspert rəyində göstərilən məbləğdə təmin edilməli, qalan hissədə rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(054)-318/2024 saylı qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6097 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq 51,39 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh alınıb iddiaçıya verilməli, 15,37 manat dövlət rüsumu iddiaçıya aid edilməli, işin hallarına uyğun olaraq 50 manat ekspertiza xərcinin 16 manat hissəsi iddiaçıdan, 34 manat hissəsi cavabdehdən tutularaq müvafiq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3138,29 (üç min bir yüz otuz səkkiz manat iyirmi doqquz qəpik) manat pul, 51,39 (əlli bir manat otuz doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat ekspertiza xərcinin 16 manat hissəsi iddiaçı "xxxx" ASC-dən və 34 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. İddia tələbi 1537,18 manat pul və 15.37 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar