Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-360/2023 29.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 29 avqust 2023-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən irəli gələn 1636,2 manat əsas, 245,4 manat cərimə, cəmi 1881,6 manat borcun və 38,82 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən iddianın qiyməti nəzərə alınmaqla ərizə xx.xx.2023-cü il tarixdə sadələşdirilmiş qaydada baxılması üçün icraata qəbul edilmiş, cavabdehin iddia ərizəsində qeyd edilmiş ünvanına rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə istehlakçı hüquqlarının pozulduğunu bildirərək işə iddia icraatı qaydasında baxılmasını xahiş etdiyindən xx.xx.2023-cü il tarixli qərardadla işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 2877-(2) saylı və xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsi ilə işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən ona ilkin ödəniş olmadan 18 ay müddətinə, ayda 91 manat, sonuncu ay 89,2 manat ödəmək şərti ilə cəmi dəyəri 1636,2 manat olan “HP” markalı noutbuk, “Logitech” markalı kompüter siçanı, “Tp-Link” markalı modem, "xxxx" markalı çanta və “Baseus” markalı qulaqcıq satılmışdır. Alqı-satqı müqaviləsinin 4-cü bəndinə əsasən əşyanın dəyərinin vaxtında ödənilməməsi ilə əlaqədar bütün xərclər alıcı tərəfindən satıcıya ödənilir. Qeyd olunanlara baxmayaraq cavabdeh tərəfindən ödəniş cədvəlinin şərtlərinə əməl edilməmişdir. İddiaçı MMC tərəfindən borcluya yazılı xəbərdarlıq edilsə də, öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2454 manat təşkil etdiyi halda məbləğdən 90% güzəşt edildiyindən cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 245,40 manat ödənilməlidir. Qeyd edilənlərə əsasən xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilədən irəli gələn 1636,2 manat əsas, 245,40 manat cərimə, cəmi 1881,6 manat borcun və 38,82 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMCyə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçının məhkəmə hazırlıq iclaslarında iştirak edən nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə ilə İddiaçı MMC-nin Qəbələ rayon filialından cəmi dəyəri 1636,2 manat olan “HP” markalı noutbuk, 2 ədəd noutbuk aksessuarı, “Baseus”markalı qulaqcıq, “TP-Link” markalı modem və "xxxx" markalı çanta almışdır. Müştəriyə tam yararlı məhsullar təqdim edilib. Müəssisədə ancaq təzə mallar satılır. Məhsuldan vitrində 1 ədəd qaldıqda məhsul müştərinin razılığı ilə ona verilir. Məhsulu alan zaman müştəriyə izah edilib ki, əgər aldığı məhsullarda zavod “defekti” olarsa, 14 gün müddətində geri qaytarma hüququ var. Müştəri məhsulu zədələyib geri qaytarmaq istədiyi zaman kompensasiya tələb olunur. Cavabdeh noutbuk və modemi qeyd edilən müddət keçməmiş qaytarsa da məhsulların üzərində cızıq olduğu müəyyən edilib, buna görə dəyişdirilməsi mümkün olmayıb. Cavabdeh kompensasiyanı vermək istəməyib və məhsulları təqdim edib gedib. Məhsullarda zavod defektinin olub-olmadığına dair yoxlama aparılması barədə məlumatı yoxdur. Modemin Oğuzda işləməmə ehtimalı ola bilərdi, çünki həmin vaxt Oğuz rayonu ərazisində optik kabel mövcud deyildi, lakin həmin məhsulun da üzərində cızıq olduğundan müştəri kompensasiya ödəməli idi. Yalnız zavod defekti aşkar olunsa 1 il zəmanət müddəti ərzində pulsuz təmir aparıla bilər. Qalan hallarda xidmət pulludur. Cavabdeh özü də müraciətə imza edərək məhsulların qüsurunun olmadığını və üzərində cızıq olduğunu təsdiq etmişdir. Texniki rəy də verilib. Məhsullar indiyədək servisdədir. Mağazada cavabdehin oğlu əməkdaşlara qarşı kobudluq etmişdir. Alıcı indiyədək qaytardığı məhsulla maraqlanmayıb, yaxud aldığı məhsulların heç birinin dəyərini ödəməyib. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəməyə gec müraciət edilməsinin səbəbi hüquq departamentinin əməkdaşlarının sayının az olmasıdır. Hazırda iddiaçı 1636,2 manat əsas borcun, 245,4 manat cərimə məbləğinin və 38,82 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, 10 mart 2021-ci il tarixdə iddiaçı ilə bağladığı müqaviləyə əsasən 18 ay müddətə ayda 91 manat ödəmək şərtilə noutbuk, modem, çanta, kompüter üçün siçan və qulaqcıqdan ibarət məhsulları satın almışdır. Ancaq evə gəlib noutbuku açanda ekranda ağ xətt olduğunu, həmçinin görüntünün ağ-qara olduğunu müəyyən edib. Modem isə ümumiyyətlə işləmədiyindən mütəxəssisdən soruşmuş, mütəxəssis modemin texniki şərtlərə görə həmin vaxt Oğuz rayonu ərazisində işləməyəcəyini bildirdiyindən hər iki məhsulu qaytarıb qutusuna yerləşdirmiş, 16 mart 2021-ci il tarixdə məhsulları geri qaytarmaq üçün müraciət etmişdir. Qəbələ şəhərində İddiaçı mağazasında satıcı 1 dəqiqə ərzində məhsula baxıb işlədiyini, ancaq noutbuka proqram yüklənməli olduğunu demişdir. Modemin isə həqiqətən Oğuz rayonunda işləməyəcəyi təsdiq edilmişdir. Həm modem, həm də noutbuku dəyişmək istədiyini bildirdikdə ona ərizə yazdırmışlar. Sonra demişlər ki, məhsullarda cızıq olduğundan dəyişə bilmirlər. Satış müdiri onunla kobud danışmışdır. Hər iki məhsulda cızıq olmasının deyilməsi və dəyişməkdən imtinaya əsəbiləşmişdir, çünki məhsulları heç işlətmədən ehtiyatla qutusuna qoymuş və mağazaya verib geri qayıtmış, bundan sonra heç bir ödəniş etməmişdir. Buna baxmayaraq hazırda onda qalan qulaqçıq, kompütür siçanı və çanta üçün ödəniş etməyə hazırdır. Digər iki məhsul dəyişilsə belə ona lazım deyil, çünki başqa noutbuk və modem alıb. İddianın qismən təmin edilməsinə etirazı yoxdur. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, iddia əsaslı deyil. Müştəriyə vitrində olan mal satılıb, həmin vaxt onun xarici səthində hər hansı cızığın olması və həmin şəkildə müştəriyə satılması istisna deyil, yəni məhsulların ikisinin də üzərində cızıq olması və bunun cavabdeh tərəfindən edilməsi şübhəlidir. Cavabdehin məhsulların üzərində cızıq olması barədə qeyd yazılmış sənədə imza etməsi bunun məhz onun tərəfindən edilməsinin etirafı kimi qiymətləndirilə bilməz. Məhsullar vaxtında qaytarılıb. “İrşad Electronis” isə 2 ildən çox müddət keçəndən sonra iddia verib. Müştəri ehtiyacını artıq başqa məhsullarla ödəyib. Cavabdeh qalan 2-3 əşyanın dəyərini istənilən vaxt ödəyə bilər. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 cavabdehin hazırlıq iclasında verdiyi izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, Cavabdeh tərəfindən noutbuk və modem 16 mart 2021-ci ildə, alınandan cəmi 6 gün sonra qaytarılsa da, dəyişdirməkdən imtina edildiyindən məhsullar iddiaçıda qalıb, artıq mənəvi cəhətdən dəyəri aşağı düşüb, yəni köhnəlib. Cavabdeh isə özünə yeni və işlək məhsullar alıb. İddiaçının özünün də etiraf etdiyi kimi həmin məhsullar qaytarıldığı vaxtdan iddiaçının servisində qalıb, cavabdeh onu işlətməyib. Belə olan halda cavabdeh həmin məhsula görə niyə pul ödəməlidir. Guya məhsulların üzərində olduğu deyilən cızıqların isə cavabdehə aidiyyəti yoxdur. Cavabdeh ziyalı şəxsdir, o nəyə görə bu cızıqları çəkməlidir. Bir halda ki, məhsulları dərhal qaytarmaq qərarına gəlmişdir. Hazırki vəziyyətdə yalnız cavabdehdə qalmış 3 məhsulun dəyəri ödənilməlidir. Cavabdeh buna etiraz etmir və iddia tələbini həmin hissədə dərhal icra etməyə hazırdır. İddianın tələb ediləcək hissəsinə müvafiq olaraq cərimə və dövlət rüsumu hesablanıb cavabdehdən tutulmalıdır. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ilkin ödəniş olmadan 18 ay müddətinə, xx.xx.2021-ci il tarixdən aylıq 91 manat, sonuncu ay 89,2 manat ödəmək şərtilə cəmi dəyəri 1636.2 manat olan “HP” markalı noutbuk, “Logitech” markalı kompüter siçanı, “Tp-Link” markalı modem, "xxxx" markalı çanta və “Baseus” markalı qulaqcıq satılmış, ödənişin xx.xx.2022-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli xəbərdarlığın və 162119 saylı qəbzin surətindən görünür ki, 1636,2 manat əsas borcunu və hesablanmış 2454 manat cərimə borcunu ödəmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə Cavabdeh məlumat verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə iddiaçıya 1636,2 manat əsas, xx.xx.2020-ci il tarixdən hesablanan gecikdirilən 498 gün üçün 2454 manat cərimə, cəmi 4090,20 manat borcu yaranmışdır. Məhkəmənin sorğusuna İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə daxil olmuş və işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2998-(2) saylı cavab məktubundan görünür ki, sözügedən müqavilə üzrə Cavabdeh satılmış “HP” markalı noutbukun qiyməti 1280 manat, “Logitech” markalı kompüter siçanının qiyməti 29 manat, “Tp-Link” markalı modemin qiyməti 79 manat, "xxxx" markalı çantanın qiyməti 65 manat və “Baseus” markalı qulaqcığın qiyməti 69 manatdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli müştəri müraciətindən görünür ki, Cavabdeh “HP” markalı noutbuku şikayəti olmadan dəyişdirmək istəmiş, həmin məhsulun korpusunda ön hissədə gözlə görünən cızıq olduğu, servis tərəfindən baxılaraq qərar veriləcəyi qeyd edilmiş, müştəri tərəfindən imza edilməklə şərtlərlə tanış və razı olduğu təsdiq edilmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli digər müştəri müraciətindən görünür ki, Cavabdeh “Tp- Link” markalı modemi şikayəti olmadan dəyişdirmək istəmiş, həmin məhsulun üzərində cızıqları olduğu, servis tərəfindən baxılaraq qərar veriləcəyi qeyd edilmiş, müştəri tərəfindən imza edilməklə şərtlərlə tanış və razı olduğu təsdiq edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli texniki rəydən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə aldığı “HP” markalı noutbuk xx.xx.2021-ci il tarixdə servisdə qəbul edilmiş, məhsul yoxlanılarkən qüsur, maye və fiziki zədə təsiri aşkar olunmamış, nəticə olaraq əmtəə görünüşündə cızıq olduğu müəyyən edilməklə cihazın əmtəə görünüşü pozulduğundan cihazın dəyişilməsi və ya qaytarılmasının mümkün olmadığı bildirilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli texniki rəydən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə aldığı “Tp-Link” markalı modem xx.xx.2021-ci il tarixdə servisdə qəbul edilmiş, məhsul yoxlanılarkən maye və fiziki zədə təsiri aşkar olunmamış, nəticə olaraq əmtəə görünüşündə cızıqları olduğu müəyyən edilməklə cihazın əmtəə görünüşü pozulduğundan cihazın dəyişilməsi və ya qaytarılmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan əzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin maddənin 3-cü bəndinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin maddənin 4-cü bəndinə əsasən istehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Həmin maddənin 6-cı bəndinə əsasən istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. Həmin Qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. [14] İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Həmin maddənin 2-ci bəndinə əsasən malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı (kreditor) İddiaçı MMC ilə cavabdeh (borclu) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən ona ilkin ödəniş olmadan 18 ay müddətinə, ayda 91 manat, sonuncu ay 89,2 manat ödəmək şərti ilə cəmi dəyəri 1636,2 manat olan “HP” markalı noutbuk, “Logitech” markalı kompüter siçanı, “Tp-Link” markalı modem, "xxxx" markalı çanta və “Baseus” markalı qulaqcıq satılmışdır. Cavabdeh satın aldığı məhsullardan “HP” markalı noutbuk və “Tp-Link” markalı modemi xx.xx.2021-ci il tarixdə iddiaçının Qəbələ rayonu ərazisində yerləşən mağazasına geri qaytarılması üçün təqdim etmiş, öz hərəkətini əsaslandıraraq bildirmişdir ki, noutbuk açılarkən ekranda ağ cızıq müşahidə etmiş və görünüşün ağ-qara olduğunu görmüşdür. Habelə modem işləmədiyindən mütəxəssislə məsləhətləşmiş, ona aldığı modem markasının Oğuz rayonu ərazisindəki texniki şərtlərə uyğun olmadığı bildirilmişdir. xx.xx.2021ci il tarixdə müştəri müraciətinə uyğun olaraq hər iki məhsul iddiaçının əməkdaşı tərəfindən təhvil götürülmüş, müraciətin mətnində “defekt: müştərinin heç bir şikayəti yoxdur, dəyişdirmək istəyir. Müştəri ilə əlaqə saxlanılsın.”, həmçinin məhsulların üzərində cızıq olduğu qeyd edilməklə “servis baxıb qərar verəcək” yazılmışdır. Müraciətin aşağı hissəsindəki cədvəlin sol tərəfində “Qeyd” bölməsində 5 şərt müştərinin nəzərinə çatdırılmış, cədvəlin sağ tərəfində müştəri “şərtlərlə tanış oldum və razıyam” sözlərinin aşağı hissəsindən imza etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş texniki rəylərə əsasən noutbuk xx.xx.2021-ci il tarixdə, modem xx.xx.2021-ci il tarixdə texniki servisdə qəbul edilmiş, texniki rəylə hər iki məhsulda qüsur, maye və fiziki zədə təsirinin aşkar olunmadığı, əmtəə görünüşü olaraq cızıqların olduğu göstərilmişdir. Məhkəmə iclasında cavabdeh tərəf qeyd edilən hər iki əşyanın həmin vaxtdan iddiaçıda olduğunu bildirmiş, cızıqlarla bağlı iddianı qəti olaraq rədd etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında mübahisəli əşyaların həqiqətən qaytarıldığı vaxtdan indiyədək servisdə saxlanıldığını təsdiq etmişdir. İddiaçının nümayəndəsi qeyd edilənlərə baxmayaraq cavabdehin aldığı bütün əşyaların, o cümlədən mübahisəli əşyaların dəyərinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə araşdırma zamanı müəyyən edilənlərə qüvvədə olan qanunvericiliyin normalarını tətbiq etməklə bildirir ki, mübahisəli iki əşya xx.xx.2021-ci il tarixdən, yəni qanunla müəyyən edilmiş müddət ötürülmədən iddiaçıya təhvil verilmiş, həmin vaxtdan sonra iddiaçı tərəfindən cavabdehə yalnız xx.xx.2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq təqdim edilməklə ondan 1636,2 manat əsas borcun, müqavilənin şərtlərinə əsasən gecikdirilmiş günlərə görə hesablanan 2454 manat cərimə borcunun, cəmi 4090,2 manat pulun ödənilməsi tələb edilmişdir. Həmin vaxtdan sonra iddiaçı onda qalan məhsulların cavabdeh tərəfindən işlədilmədiyini nəzərə almamış, bunun mümkün nəticələri və kompromis şərtləri barədə cavabdehlə danışıqların aparılması üçün səy göstərməmişdir. Texniki rəylərlə qaytarılmış əşyalarda hər hansı qüsur olduğu aşkar edilməmişdir. Buna baxmayaraq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun yuxarıda qeyd edilmiş tələblərinə əsasən cavabdehin bir müştəri olaraq qanunla müəyyən edilmiş müddətdə satın aldığı əşyanı qaytarmaq və ya dəyişdirmək hüququnun olduğu inkar edilə bilməz. Məhkəmə bildirir ki, cavabdehin müştəri müraciətlərinə imza etməsi qaytarılmış əşyalar üzərində olan şübhəli cızıqların onun hərəkətləri nəticəsində əmələ gəldiyini təsdiq etmək üçün kifayət hesab edilməsə də, iddiaçının nümayəndəsinin sözləri ilə qiymət verilərsə hər bir halda iddiaçı tərəfindən hər iki əşyanın üzərində olan cızıqlara görə cavabdehin məsuliyyətinin olubolmaması, nəticədə kompensasiya ödəməli olub-olmaması və kompensasiya məbləğinin müəyyən edilməsi, ən son halda iddiaçı tərəfindən həmin kompensasiya məbləğinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilməsi ədalətli olardı, çünki istifadə edilməmiş və iki ildən artıq müddətdə iddiaçının servisində qalmış əşyaların tam dəyərinin tələb edilməsi absurd hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə satın aldığı-qiyməti 29 manat olan “Logitech” markalı kompüter siçanı, qiyməti 65 manat olan "xxxx" markalı çanta və qiyməti 69 manat olan “Baseus” markalı qulaqcığın cəmi dəyəri 163 manat əsas borc, həmin məbləğə uyğun müəyyən edilmiş 16,3 manat cərimə borcu, cəmi 179,3 manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməli, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi “HP” markalı noutbuk və “Tp-Link” markalı modemin cəmi dəyəri 1473,2 (1636,2-163) manat əsas borc, 229,1 (245,4-16,3) manat cərimə borcunun cavabdehdən tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, qalan 8,82 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə satın aldığı-qiyməti 29 manat olan “Logitech” markalı kompüter siçanı, qiyməti 65 manat olan "xxxx" markalı çanta və qiyməti 69 manat olan “Baseus” markalı qulaqcığın cəmi dəyəri 163 manat əsas borc, 16,3 manat cərimə borcu, cəmi 179,3 (bir yüz yetmiş doqquz manat otuz qəpik) manat və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi “HP” markalı noutbuk və “Tp-Link” markalı modemlə bağlı cəmi 1473,2 manat əsas borc, 229,1 manat cərimə borcu, 8,82 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-360/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-360/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver