Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-407/2022 16.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Оğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2372,30 manat əsas borc, 521,67 manat cərimə - cəmi 2893,97 manat borc və 48,93 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə cavabdehə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin surətlərini almış və iddiaçının tələbinə dair etiraz ərizəsini məhkəməyə təqdim edərək işə sadələşdirilmiş icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Həmin etiraz ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən həmin tarixdə dəyəri 3560,00 manat olan məişət avadanlığını iddiaçıdan satın almışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərini hər ay 297,00 manat, sonuncu ay isə 293,00 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, onun iddiaçıya 2372,30 manat ödənilməmiş borcu qalmış, borcun gecikdirilməsinə görə 521,67 manat cərimə hesablanmışdır. xx.xx.2020-ci il tarixli müqavilə üzrə hazırda cavabdehin iddiaçıya cəmi 2893,97 manat borcu vardır. Cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 48,93 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 2893,97 manat borc və 48,93 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İşə iddia icraatı qaydasında baxılması zamanı məhkəmə prosesinin gedişində iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, mülki iş məhkəmənin icraataında olduğu dövrdə cavabdeh iddiaçının hesabına 1650,00 manat ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya 722,30 manat əsas borc və 142,12 manat cərimə - cəmi 864,42 manat borcu vardır. Qeyd olunan əsaslara görə iddiaçı hazırda cavabdehdən cəmi 864,42 manat borc və 48,93 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılaraq hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh ona qarşı olan hazırki iddia tələbini qismən qəbul etdiyini bildirmiş və məhkəmə baxış iclasında verdiyi izahatında qeyd etmişdir ki, iddiaçıya ödəməli olduğu borc məbləği maddi imkansızlıq üzündən gecikdirilmişdir. Məhkəməyə müraciət edildikdən sonra o, iddiaçının hesabına 1650,00 manat vəsait ödəmişdir və hazırda iddiaçıya 722,30 manat əsas borcu qaldığını qəbul edir. O, həmin məbləği hər ay 150,00 manat olmaqla bir neçə ay ərzində tam şəkildə ödəyəcəkdir. Lakin hesab edir ki, iddiaçı tərəfindən cərimə əsassız olaraq hesablanmışdır. Qeyd etdiklərinə əsasən maddi vəziyyəti nəzərə alınmaqla cərimə məbləği ödəməkdən azad edilməsini və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı cavabdehin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli, təhvil-təslim aktı, xx.xx.2022-ci il tarixli maliyyə arayışı, xx.xx.2022-ci il tarixli bildiriş, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müəyyən edildi ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən həmin tarixdə dəyəri 3560,00 manat olan məişət avadanlığını iddiaçıdan satın almışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərini hər ay 297,00 manat, sonuncu ay isə 293,00 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 48,93 manat dövlət rüsumu ödənilmişdir. Mülki iş məhkəmənin icraataında olduğu dövrdə cavabdeh iddiaçının hesabına 1650,00 manat ödəniş etmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 722,30 manat əsas borc və 142,12 manat cərimə - cəmi 864,42 manat ödənilməmiş borcu qaldığını bildirərək cavabdehdən cəmi 864,42 manat borc və 48,93 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə və təhvil-təslim aktına, xəbərdarlıq məktubuna və maliyyə arayışına istinad edir. Cavabdeh hazırda iddiaçıya 722,30 manat əsas borcu qaldığını qəbul edərək həmin məbləği bir neçə ay ərzində tam şəkildə ödəyəcəyini bildirir, eyni zamanda, maddi vəziyyəti nəzərə alınmaqla cərimə məbləği ödəməkdən azad edilməsini və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair etirazlarının əsası olaraq məhkəməyə ödəniş qəbzlərindən başqa hər hansı sənəd təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin hazırki iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, tərəflər arasında dəyəri hissə-hissə ödənilmək şərti ilə pərakəndə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Satıcı müqavilədə göstərilən əşyanı alıcıya təhvil vermiş, alıcı da həmin əşyanı təslim almışdır. Əmlakın dəyərinin hissə-hissə ödənilməsi üçün müqavilədə müəyyən edilmiş müddət bitmiş, lakin cavabdeh aldığı əmlakın dəyərini indiyədək tam şəkildə ödəməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, qeyd olunan hüquq normalarının tələbləri və işin faktiki halları ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, iddia tələbinin xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 722,30 manat əsas borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 142,12 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Cərimənin miqdarının yüksək olması cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Eyni zamanda, iş materiallarından görünür ki, cavabdeh hazırki iddia ilə məhkəməyə müraciət edilənədək və müraciət olunduqdan sonra da iddiaçının hesabına xeyli vəsait ödəmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimənin miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehdən 142,12 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən - 20,00 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 48,93 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 722,30 manat əsas borc, 20,00 manat cərimə və 48,93 manat dövlət rüsumu - cəmi 791,23 manat tutularaq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-407/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-407/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver