Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-446/2025 18.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı Oğuz rayon Notariat Ofisini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi, cavabdeh X2 qarşı torpaq sahəsi üzrə mirasın və payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Oğuz rayon Notariat Ofisini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etməklə cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayon Xalxal kəndi ərazisində yerləşən 0.28 hektar həyətyanı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN- 086F (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən mərhum atası X1 miras qalmış torpaq sahəsində payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Qeyd olunur ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi bütün halları və onları təsdiq edən sübutların siyahısını ərizədə göstərməmiş və müvafiq sənədləri ərizəyə əlavə etməmişdir. Belə ki, iddia ərizəsində torpaq sahəsi üzrə mirasın və payların müəyyən edilməsi tələbinin irəli sürülməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN-086F (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı ərizəsində həmin Şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətinin məhkəmə tərəfindən alınmasını xahiş etmiş, lakin hansı səbəbdən özünün əldə edə bilmədiyini qeyd etməmişdir. İddiaçının Şəhadətnamənin surətini əldə etmək üçün müvafiq orqana müraciət etməsi və həmin orqanın bundan imtina etməsi barədə sənəd də ərizəyə əlavə edilməmişdir. Eyni zamanda iddia ərizəsində vərəsə tərkibi barədə arayışın alınması üçün verilmiş sorğuya Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən cavab verilmədiyi göstərilmiş, lakin həmin müraciətin surəti də iş materiallarına əlavə edilməmişdir. Bununla da müəyyən olunur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa riayət olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə hesab edirəm ki, yuxarıda göstərilən əsaslarla iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Oğuz rayon Notariat Ofisini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi, cavabdeh X2 qarşı torpaq sahəsi üzrə mirasın və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(054)-446/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-446/2025
18.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver