Məhkəmə qərarları › İş №e-2(054)-515/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-515/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-515/2024 09.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Оğuz Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə haqqının ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə yaranmış 760,78 manat borc, 30,00 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı - cəmi 791,18 manat məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehin qeydiyyatda olduğu ünvana göndərilən məhkəmə sənədi onun məhkəmə sənədini götürməkdən imtina etməsi əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə də yerləşdirilmiş, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin müraciəti əsasında tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh yaşadığı evdə istehlakçı kimi təbii qazdan istifadə etmişdir. Cavabdeh istifadə etdiyi təbii qazın dəyərini ödəməmiş, nəticədə onun cəmi 760,78 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəməlidir. Cavabdeh müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın dəyərini bu günə kimi ödəməmişdir. İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 760,78 manat borc, 30,00 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı cəmi 791,18 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, araşdırma zamanı iş materialları ilə müəyyən edildi ki, tərəflər tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh yaşadığı evdə istehlakçı kimi təbii qazdan istifadə etmişdir. Cavabdeh iddiaçının xidmətlərindən istifadə etmiş, lakin özü ilə iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəməmişdir. Ona görə də borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 760,78 manat borc, 30,00 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı - cəmi 791,18 manat məbləğin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan əsaslara görə qərara gəlirəm ki, iddia tələbinin cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 760,78 manat borc məbləği tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Yenə həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə qərara gəlirəm ki, iddia tələbinin cavabdehdən 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-1, 284-6-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia tələbi təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 760,78 manat borc, 30,00 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı - cəmi 791,18 manat tutularaq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar