Məhkəmə qərarları › İş №e-2(054)-55/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-55/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-55/2025 05.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sığorta ödənişinin və dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 yol vərəqəsi əsasında "xxxx" MMC-dən əldə etdiyi və Cavabdeh2 tərəfindən idarə edilən “KİA CERATO” markalı ** NH *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə törədilən yol nəqliyyat hadisəsi nəticəsində X2 avtomobilinə dəymiş maddi zərərə görə iddiaçı tərəfindən ödənilən 3505 (üç min beş yüz beş) manat məbləğin və 55 (əlli beş) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə göndərilən müraciətdə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il saat 02:00 radələrində Bakı şəhəri, Ə.Qasımzadə küçəsi ərazisində Cavabdeh1 istifadəsində olan, Cavabdeh2 tərəfindən idarə olunan, PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Kia Cerato” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil “KHAZAR SD” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş, həmçinin X4 yüngül dərəcəli xəsarət almışdır. Nəsimi RPİ-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş cinayət işinin rədd edilməsi haqqında qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı, Cavabdeh1 isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktında göstərilmişdir ki, “Khazar SD” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 3505 (üç min beş yüz beş) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA********** saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 3505,00 (üç min beş yüz beş) manat məbləğində sığorta ödənişi xx.xx.2022-ci il tarixində ödənilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 55 (əlli beş) manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda 3505 (üç min beş yüz beş) manat məbləğində verilmiş sığorta ödənişini və 55 (əlli beş) manat dövlət rüsumunu cavabdehlərdən müştərək qaydada tələb edir. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən müəyyən edilir ki, iddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli sığorta müqaviləsinə əsasən “KİA CERATO” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobil 1 (bir) il müddətinə sığorta edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və Cavabdeh2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin, Cavabdeh1 əməlində isə həmin Məcəllənin 335.3-cü maddəsinin tərkibi olduğundan həmin şəxslər barəsində inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə material üzrə qəbul edilmiş qərarın surətinin Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3 (054) - 73 / 2023 nömrəli qərarının surətindən müəyyən edilir ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş, Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından və PXA 134638 nömrəli sığorta aktının surətindən müəyyən edilir ki, X3 məxsus “KHAZAR SD” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı, ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə cəmi 2755 (iki min yeddi yüz əlli beş) manat və həmin maddi ziyana uyğun olaraq sığorta ödəniləcək məbləğ 2755 (iki min yeddi yüz əlli beş) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş PXA 134637 nömrəli sığorta aktının surətindən müəyyən edilir ki, X1 vurulan zərər 750 (yeddi yüz əlli) manat və həmin maddi ziyana uyğun olaraq sığorta ödəniləcək məbləğ 750 (yeddi yüz əlli) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunundan müəyyən edilir ki, “KHAZAR SD” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 dəymiş cəmi 3505 (üç min beş yüz beş) manat maddi zərər iddiaçı tərəfindən ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh2 nəqliyyat vasitələrini idarə etmə hüququ olmamışdır. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. X3 məxsus “KHAZAR SD” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı, ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə cəmi 2755 (iki min yeddi yüz əlli beş) manat, özünün sağlamlığına vurulan zərər isə 750 (yeddi yüz əlli) manat müəyyən edilmiş və həmin maddi zərər iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı hazırda 3505 (üç min beş yüz beş) manat məbləğində verilmiş sığorta ödənişini və 55 (əlli beş) manat dövlət rüsumunu cavabdehlərdən müştərək qaydada tələb edir. Cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibət bildirməmişlər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Cavabdeh2 inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarla yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə məhkəmə hesab edir ki, Cavabdeh2 yol nəqliyyat hadisəsi nəticəsində “KHAZAR SD” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 vurulan maddi zərər dəyməsi ilə əlaqədar iddiaçı tətəfindən avtomobilin mülkiyyətçisinə ödənilmiş məbləğə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdeh2 idarə etdiyi “KİA CERATO” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsi əsasında "xxxx" MMC tərəfindən Cavabdeh1 verildiyindən və sonuncu öz avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin idarəetməsinə verməklə avtomoblin onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsinə şərait yaratdığından məhkəmə hesab edir ki, “KHAZAR SD” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 vurulan dəymiş maddi zərərə görə Cavabdeh1 yüksək təhlükə mənbəyinin sahibi kimi Cavabdeh2 birlikdə maddi məsuliyyət daşıyır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, maddi zərərə görə Cavabdeh1 da nəqliyyat vasitəsinin mülkiyyətçisi olaraq Cavabdeh2 ilə birlikdə məsuliyyət daşıdığından ödənilmiş sığorta məbləği hər iki cavabdehdən tutulmaqla iddianın 3505 (üç min beş yüz beş) manat miqdarında verilmiş sığorta ödənişi məbləği tələbinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddianın 3505 (üç min beş yüz beş) manat miqdarında verilmiş sığorta ödənişinin tutulması tələbinə dair hissəsi təmin edildiyindən iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu məbləği tələbinə dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3505 (üç min beş yüz beş) manat məbləğində verilmiş sığorta ödənişi və 55 (əlli beş) manat dövlət rüsumu - cəmi 3560 (üç min beş yüz altmış) manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar