Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-621/2023 03.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli 2469-GL/15 nömrəli müqavilə üzrə 8868,00 manat əsas borc, 11055,51 manat cərimə, göstərdiyi hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat - cəmi 20223,51 manat məbləğinin Cavabdeh birgə qaydada tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası bu günə, yəni xx.xx.2023-cü il tаrixə sааt 11:45-ə təyin edilmişdir. İdiaçının nümayəndəsi Nümayəndə məhkəməyə göndərdiyi ərizələri ilə iddia tələbinə dəqiqləşmə verərək cavabdehdən xx.xx.2015-ci il tarixli 2469-GL/15 nömrəli müqavilə üzrə 8868,00 manat əsas borc, 11055,51 manat cərimə, göstərdiyi hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat borc - cəmi 20423,51 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını və məhkəmə hazırlıq iclasının onun iştirakı ilmadan keçirilərək işin baxışa təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Cavabdeh ailə üzvləri tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli AZ- İİ 033102 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Göründüyü kimi Cavabdeh xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Belə olduğu halda iddia ərizəsi üzrə cavabdeh kimi qeyd edilən Cavabdeh məhkəmədə tərəf olarkən deyil, hələ belə status qazanmamışdan təxminən 4 il əvvəl vəfat etmişdir. Göründüyü kimi iddiaçı məhkəmədə artıq 4 il əvvəl ölmüş cavabdehə qarşı iddia qaldırmışdır. Halbuki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtda cavabdeh artıq vəfat etmiş olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinin məzmununa görə isə mərhum Cavabdeh məhkəmə iclasında tərəf kimi iştirak edib, mülki işə baxılan zaman isə vəfat edərdisə və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərdisə məhkəmə cavabdehin hüquqi varisini müəyyən edərək işə cəlb etməlidir. Lakin hazırkı vəziyyətdə iddiaçı özü mərhum Cavabdehnın hüquqi varisini aşkar edərək ona qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə izah edilməlidir ki, Cavabdehnın hüquq varisini müəyyən edildikdən sonra ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 261-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə Cavabdeh hüquq varisini müəyyən etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(054)-621/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-621/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver