Məhkəmə qərarları › İş №e-2(054)-93/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-93/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-93/2023 02.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sayğac göstəricisinə əsasən hesablanmış borcun və itirilmiş qazın bərpası məqsədilə hesablanmış ziyanın, dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı sayğac göstəricisinə əsasən hesablanmış 495,58 manat borcun, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2695,68 manat dəymiş ziyanın, cəmi 3191,26 manat borcun, 52,92 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahat verərək bildirdi ki, Cavabdeh X8 İstismarı İdarəsi Oğuz Xidmət Sahəsinin kompyüter bazasında abonent kimi qeydə alınmış, fiziki şəxs olan istehlakçı kimi onunla iddiaçı arasında təbii qazın alqı-satqısı, qazdan istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün xx.xx.2016-cı il tarixli, 7510-09-16 saylı müqavilə bağlanmışdır. Paylayıcının istehlakçıya verdiyi təbii qazın dəyəri sayğac göstəricisinə əsasən 1 (bir) ay müddətində İddiaçı İB-nin hesablaşma hesabına ödənilməlidir, əks təqdirdə bu barədə abonentə xəbərdarlıq olunaraq akt tərtib edilir və abonentin qaz təminatı dayandırılır. Müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuş, cavabdeh istehlak etdiyi təbii qazın dəyərini ödəməmiş, 2022-ci ilin fevral ayına onun istifadə etdiyi 13006 kub.m təbii qazın dəyəri 495,58 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin mənzilində 2022-ci ilin fevral ayında qaz təchizatı dayandırılıb. xx.xx.2022-ci il tarixdə İddiaçı işçiləri tərəfindən xidməti yoxlama aparılarkən cavabdehin istifadə etdiyi G-4 markalı, 10286123 nömrəli qaz sayğacına baxış keçirilmiş, bu zaman mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə X9 olunduğu aşkarlanmışdır. Bununla bağlı video-çəkiliş aparılmış, ******* saylı akt tərtib edilmiş, qaz cihazlarının inventarizasiyası aparılmışdır. Mənzildə 3 gözlü qaz plitəsi, İran sobası, dəmir soba, axınlı su qızdırıcı aşkar edilmişdir. Qaz cihazlarının maksimal qaz sərfi nəzərə alınmaqla sutkalıq iş rejimi 24 saat, hesabat müddəti 180 gün qəbul edilmiş, Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsi ilə itirilmiş qazın həcmi 22464 kub.m. olmaqla dəymiş ziyan kubu 12 qəpikdən olmaqla 2695,68 manat məbləğində hesablanmışdır. Araşdırma çərçivəsində toplanmış materiallar inzibati icraatın başlanması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələrini Tənzimləmə Agentliyinə təqdim edilmiş, Agentliyin Şəki filialı tərəfindən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş,xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 100 manat inzibati cərimə edilmişdir. Həmin qərar qüvvədədir. Qeyri-qanuni xətt 2022-ci ilin iyun ayında aşkar edilib, qüvvədə olan “X9 Qaydaları”na uyğun olaraq sərfiyyat 180 gün üçün hesablanaraq dəymiş ziyan tələb edilməlidir. İddianın təmin edilməsi, sayğac göstəricisinə əsasən hesablanmış 495,58 manat borcun, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2695,68 manat dəymiş ziyanın, cəmi 3191,26 manat borcun, 52,92 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, Oğuz rayon Sincan kəndində anadan olmuşdur, hazırda da həmin kənddə yaşayır. Həqiqətən 2022-ci ilin fevral ayına qədər istifadə edilmiş təbii qaza uyğun olaraq 495,58 manat debitor borcu yaranmış, həmin borcu ödəmədiyindən qazın təchizatı dayandırılmışdır, yəni iddia tələbinin həmin hissəsini qəbul edir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndələri tərəfindən onun Sincan kəndində yaşadığı evdə olan qaz sayğacına baxış keçirilərkən şlanq (rezin boru) vasitəsilə sayğacdan kənar çəkdiyi qeyri-qanuni xətt aşkar edilmiş, bununla bağlı ******* saylı akt tərtib edilmişdir. 2022-ci ilin avqust ayının 4-də barəsində inzibati protokol tərtib edilib, 17 avqust 2022-ci il tarixdə 100 manat cərimə edilib. Mənzilə baxış keçirilərkən video-çəkiliş aparılmışdır. Həmin video-çəkilişdən də göründüyü kimi qeyri-qanuni xətt 3 gözlü qaz plitəsi və dəmir sobaya qoşulu olmuşdur.Bəzən odun da yandırıblar. İran sobası xəttə qoşulu olmamışdır, çünki sobanın qarşı aynası yoxdur, həm də yandıra bilmirlər. Su qızdırıcı isə işləmir. Qanunsuz xətlə bağlı hesabatın 180 gün müddətində aparılmasını başa düşə bilmir, çünki onun qaz təchizatı 2022-ci ilin fevral ayında dayandırılıb. xx.xx.2022-ci ildə isə barəsində akt yazıblar. Qanunsuz qoşulma isə 3-5 gün ola bilər. Əslində aktı da yerində tərtib etməyiblər, 3 gün sonra gətiriblər. 180 gün ərzində qanunsuz xətti niyə aşkar etməyiblər. Bundan əlavə nə qədər çox işlədilsə də, günə 1 manat sərfiyyat ola bilər. Bu da hesablanmış 2695,68 manat borcla heç uyğun gəlmir. Bundan əlavə may-iyun aylarında, həm də 24 saat ərzində soba işlədilməsi gülüncdür. Doğrudur, həmin vaxt turşu da qaynadıblar, lakin qaz cihazlarının 180 gün ərzində sutkanın 24 saatı ərzində işlədilməsi ağlasığmazdır. İstilik üçün peçi gündə maksimum 12 saat, plitəni və su qızdırıcını 8 saat işlədə bilərlər. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1965-ci ildə Azərbaycan Respublikası Oğuz rayon Sincan kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Sincan kəndidir. İşə əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış xx.xx.2016-cı il tarixli, 7510-09-16 saylı müqavilənin surətindən görünür ki, İddiaçı İB (X8 İstismarı İdarəsi) ilə Cavabdeh arasında bağlanmış müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilməklə istehlakçının təqsirli hərəkət (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməli olduğu müəyyən edilmişdir. (müqavilənin 2.2.4-cü bəndi) İşə əlavə edilmiş “X9 qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın və dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı İB Zaqatala RQİİ Oğuz Xidmət Sahəsinin əməkdaşları X6, X1 və X11 tərəfindən G-4T markalı, 10286123 nömrəli qaz sayğacının quraşdırıldığı evdə istehlakçı Cavabdeh X9 qaydalarına riayət etməsi yoxlanılarkən sayğacdan kənar rezin şlanq vasitəsilə qeyri-qanuni birləşmə aşkar olunmuş, birləşmənin ləğv olunması, dəymiş ziyanın hesablanaraq ödənilməsinin təmin olunması tələb edilmiş, qaz işlədicilərindən dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub.m/saat, günlük iş rejimi -24 saat, hesabat müddəti 180 gün, PQ-3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub.m/saat, günlük iş rejimi -24 saat, hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kub.m/saat, günlük iş rejimi -24 saat, hesabat müddəti 180 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub.m/saat, günlük iş rejimi -24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qaz itkisi 1,4x24x180=6048 kub.m, 0,8x24x180=3456 kub.m, 1,5x24x180=6480 kub.m, 1,5x24x180=6480 kub.m olmaqla cəmi 22464 kub.m hesablanmışdır. İşə əlavə edilmiş inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolun və inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, fiziki şəxs xx.xx.1965-ci ildə Azərbaycan Respublikası Oğuz rayon Sincan kəndində anadan olmuş,həmin ünvanda yaşayan Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Abonentin işə əlavə edilmiş saldosundan görünür ki, Cavabdeh 2022-ci ilin fevral ayına 495,58 manat cari, iyun ayına akt üzrə 2695,68 manat olmaqla, 2022-ci ilin sonuna cəmi 3191,26 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən hər bir kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin 1-ci hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam dənilməlidir. “Qaydalar ”ın 6.1.4-cü yarımbəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. “Qaydalar”ın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, 2022-ci ilin fevral ayınadək abonent olan cavabdehin X9yə görə 495,68 manat məbləğində cari borcu yaransa da borc ödənilməmiş, buna görə də həmin vaxtdan cavabdehə qazın verilməsi dayandırılmışdır. Həmin ilin iyun ayının 6-da cavabdehin X9 qaydalarına riayət etməsi yoxlanılarkən onun rezin boru (şlanq) vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsi faktı aşkar edilmiş, dəymiş ziyanın 22464 kub.m həcmində olduğu müəyyən edilmiş, dəymiş ziyanın məbləği hər kub.m üçün 12 qəpikdən olmaqla 2695,68 manat məbləğində hesablanmışdır. Hesablama evdə aşkar edilmiş 4 qaz cihazının işləməsinin 180 gün müddətə gündəlik sərfiyyatı 24 saat olması nəzərə alınmaqla aparılmışdır. Məhkəmə iclasında müəyyən edildiyinə görə cavabdehə qazın verilməsi 2022-ci ilin fevral ayının 22-də dayandırılmış, xx.xx.2022-ci il tarixdə isə onun TQİQ riayət etməsi yoxlanılarkən qeyriqanuni qoşulma aşkar edilmişdir. İddiaçı tərəfindən qeyri-qanuni qoşulmanın dəqiq vaxtı ilə bağlı sübut təqdim edilməsə də, göründüyü kimi hesablama müddətinin 180 gün olduğu qərara alınmış və dəymiş ziyan da 6 ay müddətində sutkada 24 saat olmaqla hesablanmışdır. İddiaçının hesablama tarixi nəzərə alındığı halda cavabdeh qaz xəttinə 2021-ci ilin dekabr ayından qeyriqanuni qoşulmalı idi, halbuki cavabdehin evinə qazın verilməsi 2022-ci ilin fevral ayında dayandırılmış, həmin vaxt isə iddiaçının xəttə qeyri-qanuni qoşulması aşkar edilməmişdir. Cavabdeh qeyri-qanuni qoşulmanın 3-5 gün müddətində olduğunu bildirsə də, onun tərəfindən buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyriqanuni qoşulmanın xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 103 gün (6+31+30+31+5) olduğu nəzərə alınmalıdır. Bundan əlavə iddiaçı tərəfindən hesablama qaz cihazlarının günün 24 saatı müddətində işlədilməsi fərziyyəsi nəzərə alınmaqla aparılmışdır. Məhkəmə bu məsələyə qiymət verərək bildirir ki, reallıq nəzərə alınmaqla qaz cihazlarının günün 24 saatında işlədilməsi qəbul edilməzdir. İddiaçı tərəfindən bununla bağlı da sübut təqdim edilməmiş, cavabdeh isə qaz sobasının gün ərzində təxminən 12 saat, plitənin və su qızdırıcının 8 saat müddətində işlədilə biləcəyini söyləmişdir. İddiaçı hesablama apararkən İran sobasının işlədilməsini nəzərə alsa da, iddiaçının nümayəndələri tərəfindən aparılmış video-çəkiliş izlənilərkən həmin qaz cihazının xəttə qoşulmadığı müəyyən edilmişdir. Beləliklə, araşdırmalara əsasən məhkəmə hesab edir ki, həqiqətən cavabdehin 2022-ci ilin fevral ayınadək istifadə edilmiş təbii qaza görə iddiaçıya 495,58 manat borcu yarandığından iddia tələbi həmin hissədə təmin olunmalıdır. İddia tələbinin itirilmiş qazın bərpası üçün hesablanmış 2695,68 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub.m, günlük iş rejimi 12 saat, hesabat müddəti 103 gün (1,4x12x103=1730,4 kub.m), plitənin maksimal saatlıq qaz sərfi 0,8 kub.m, günlük iş rejimi 8 saat, hesabat müddəti 103 gün (0,8x8x103=659,2 kub.m), su qızdırıcının maksimal saatlıq qaz sərfi 1,5 kub.m, günlük iş rejimi 8 saat, hesabat müddəti 103 gün (1,5x8x103=1236 kub.m), cəmi qaz sərfiyyatı 3625,6 kub.m qəbul edilməklə, dəymiş ziyan 435,07 manat (3525,6x0,12) məbləğində olmaqla Cavabdeh tutulmalı, iddiaçının hesabına ödənilməlidir. Beləliklə məhkəmə cavabdehdən tutulmalı olan cəmi məbləğin 930,65 manat (435,07+495,58) olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 217.4-ci maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh istifadə edilmiş təbii qaza görə yaranmış 495,58 manat, itirilmiş təbii qazın bərpası üçün hesablanmış 435,07 manat ziyan, cəmi 930,65 manat (doqquz yüz otuz manat altmış beş qəpik) pul və 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq İddiaçı xeyrinə verilsin. İddia tələbi itirilmiş təbii qazın bərpası üçün hesablanmış 2260,61 manat ziyan və 22,92 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən sürəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar