Məhkəmə qərarları › İş №e-2(055)-1142/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1142/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1142/2025 10.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21.412,48 manat əsas borc, 4282,4 manat cərimə və 168 manat ödənilmiş dövlət rüsumunun, cəmi 25.862,88 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, alıcı qismində iddiaçı “X4 Kompleksi” MMC, tədarükçü qismində “X4 Kompleksi” MMC-nin “X5 və Tədarükü” məntəqəsi və fermer Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 88 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 30,00 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 53.744,10 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh yaranmış borcdan 32.331,62 manat dəyərində xam-pambıq verməklə ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2024-cü il mövsümü üzrə xx.xx.2024-cü il tarixli, 88 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.1-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 21.412,48 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın dəyərinin 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 4,282.4 manat təşkil edir. Qaytarılmamış avans məbləğin cəriməsi 21.412,48 manat х 20% = 4,282.4 manat. Eyni zamanda borclu X2 xx.xx.2024-cü il tarixli üzləşmə aktında xx.xx.2024-cü il tarixli, 88 xampambığın alqı-satqı müqaviləsini pozaraq müəssisəyə borcu qaldığını təsdiq etmişdir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin, elektron kargüzarlıq qaydasında cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak etməsə də, məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixli 88 saylı müqavilədə və üzləşmə aktında çəkilmiş imzanın ona aid deyil, eyni zamanda hesablanmış ümümi məbləğlə razı deyildir. Ona görə də, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 17 fevral 2024-cü il tarixli 88 saylı 2024-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilədən görünür ki, «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti, “X4 Kompleksi” MMC-nin “X5 və Tədarükü” məntəqəsi və Cavabdeh arasında 2024-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 30 hektar torpaq sahəsində pambıq əkib becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan 03 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 17 fevral 2024-cü il tarixli, 88 saylı xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən Cavabdeh ümumilikdə 53.744,10 manat avans borcu olmuşdur. Cavabdeh 32.331,62 manat ödəniş etdikdən sonra iddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə 21.412,48 manat borcu qalmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2025-ci il tarixli, 9/5429 nömrəli ekspert rəyindən göstərilmişdir ki, təqdim edilmiş iş materiallarında olan bütün əməliyyatları əks etdirən sənədlər əsasında hesablama aparılaraq nəticəsi qeyd olunmuşdur. Təqdim edilmiş iş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşmə aktından sonra Cavabdeh verilmiş avans vəsaitləri ilə bağlı (42060,70 manat+3189,00+7064,40 manat) yaranmış borcun cəmi məbləği 52.314,10 manat, Cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-nǝ (X3) ümumilikdə təhvil verilmiş pamıq məhsulunun məbləği isə 30.741,62 manat məbləğində müəyyən olundu. Yekun olaraq ödənilməmiş borcun məbləği 21.412,48 manat (52314,10 30741,62) məbləğində müəyyən olundu. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti, “X4 Kompleksi” MMC-nin “X5 və Tədarükü” məntəqəsi və Cavabdeh arasında bağlanmış 17 fevral 2024-cü il tarixli, 88 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 17 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 53.744,10 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh borcundan 32.331,62 manat ödəmiş və iddiaçıya 21.412,48 manat borcu qalmışdır. Ekspert rəyində isə cavabdehin 52.314,10 manat avans götürdüyü, 30.741,62 manat məbləğində pamıq məhsulu təhvil verdiyi və hazırda 21.412,48 manat borclu olduğu müəyyən olunmuşdur. Məhkəmə iş üzrə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək hesab edir ki, Cavabdeh iddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinə 21.412,48 manat borcu olması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2025-ci il tarixli, 9/5429 nömrəli məhkəmə ekspertizası rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Cavabdeh tələb olunan 4282,4 manat cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə (dəbbə pulu) 2100 manatadək azaldılmalıdır. Məhkəmə, Cavabdeh, 2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 17 fevral 2024-cü il tarixli 88 saylı müqavilədə və 05 sentyabr 2024-cü il tarixli üzləşmə aktında olan imzanın onun tərəfindən icra olunmaması barədə dəlilinin yoxlanılması üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 dekabr 2025-ci il tarixli 4/1971 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, işin 2-cildinin 74-82-ci vərəqlərində “X4 Kompleksi” MMC ilə Cavabdeh arasında olan 17 fevral 2024-cü il tarixli No 88 nömrəli 2024-cü il Mövsümü üzrə xampambığın alqı-satqısına dair müqavilənin 1-9-cu vərəqlərində “Fermer” qrafalarındakı imzalar və 84-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli Üzləşmə aktında “Aktın doğruluğunu imzalarımızla təstiq edirik” bəndində “4. Cavabdeh” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə, ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, Cavabdeh yuxarıda qeyd edilən dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 21.412,48 manat əsas borc, 2100 manat cərimə (dəbbə pulu), cəmi 23.512,48 manat tutularaq «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 168 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 168 manat dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə 160,54 manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 200 manat, məhkəmə-xəttşünaslıq ekspertizasının tədqiqinin dəyəri olan 125 manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərinlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 21.412,48 manat əsas borc və 2100 manat dəbbə pulu, cəmi 23.512,48 (iyirmi üç min beş yüz on iki manat qırx səkkiz qəpik) manat pul tutularaq iddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 160,54 (bir yüz altımış manat əlli dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 200 manat, məhkəmə-xəttşünaslıq ekspertizasının tədqiqinin dəyəri olan 125 manat, cəmi 325 (üç yüz iyirmi beş) manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar