Məhkəmə qərarları › İş №e-2(055)-1251/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1251/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1251/2024 22.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 340 manat əsas borcun, 51 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “X1” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli SKL000078 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 480 manat olan nisyə məişət əşyası almışdır. Cavabdeh həmin müqavilə üzrə əşyanın dəyərini ilkin ödəniş olmadan 12 ay müddətinə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə “X1” arasında bağlanmış faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş sazişə əsasən “X1”nın cavabdehə qarşı olan 480 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı məişət əşyasına görə borcunu tam olaraq ödəməmiş, iddiaçıya ödənilməmiş qalan 340 manat əsas borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 51 manat cərimə borcu hesablanmışdır. Ona görə də Cavabdeh 340 manat əsas borcun, 51 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da ərizəyə dair etiraz daxil olmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli SKL000078 saylı müqavilədən və ona əlavədən görünür ki, müqavilə ümumi dəyəri 480 manat olan nisyə məişət əşyasın alınması ilə əlaqədar “X1” ilə Cavabdeh arasında bağlanmışdır. Cavabdeh həmin müqavilə üzrə əşyanın dəyərini ilkin ödəniş olmadan 12 ay müddətinə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı QSC ilə “X1” arasında bağlanmış 25 iyul 2022-ci il tarixli tələbin güzəşti barədə faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə olunmuş sazişdən görünür ki, “X1”in Cavabdeh 480 manat məbləğində borcunu tələb etmək hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İşdə olan 16 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli SKL000078 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməmiş 340 manat əsas borcu, 51 manat cərimə borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, “X1” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli SKL000078 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 480 manat olan nisyə məişət əşyası almışdır. Cavabdeh həmin müqavilə üzrə əşyanın dəyərini ilkin ödəniş olmadan 12 ay müddətinə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə “X1” arasında bağlanmış faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş sazişə əsasən “X1”nın cavabdehə qarşı olan 480 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı məişət əşyasına görə borcunu tam olaraq ödəməmiş, iddiaçıya ödənilməmiş qalan 340 manat əsas borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 51 manat cərimə borcu hesablanmışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh əsas borc və cərimə borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 51 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 30 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 340 manat əsas borc, 30 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, cəmi 200,40 manat pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 340 manat əsas borc, 30 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı, ümumilikdə 400 (dörd yüz manat qırx qəpik) manat pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar