Məhkəmə qərarları › İş №e-2(055)-1448/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1448/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1448/2024 20.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3001.02 manat sığorta ödənişinin və 50.02 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı X2 arasında bağlanmış 11 iyul 2019-cu il tarixli AS 404/19 nömrəli sığorta müqaviləsinə əsasən "xxxx" tərəfindən sığortalanmış “Hyundai Sonata” markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2019-cu il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Suzuki VZR 1800” markalı 10 B 514 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" tərəfindən 8001,02 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Suzuki VZR 1800” markalı 10 B 514 dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC-in xx.xx.2019-cu il tarixli qüsur aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 10 036,80 manat müəyyən edilmişdir. “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları”-nın 34-cü maddəsinə əsasən dəyişdirilmiş ehtiyat hissələrinin qiymətini təşkil edən 7 906,80 məbləğinə aşağıda qeyd olunmuş düstura əsasən köhnəlmə tətbiq edilir. Köhnəlmə tətbiq edildikdən sonra 6 616,02 manat zərər məbləği, 2 130 (manat ehtiyyat hissələrinin qiyməti hesablanaraq 8 746,02 hesablanmışdır. Ümumi hesablanan məbləğdən 250 manat şərtsiz azadolma və 495 manat sığorta haqqı borcu çıxılmaraq 8001,02 manat təşkil edilmişdir. Subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “Suzuki VZR 1800” markalı 10 B 514 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir xx.xx.2024-cü il tarixli, 825/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Hyundai Sonata” markalı ** HD *** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 3001,02 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Ona görə də, Cavabdeh 3001.02 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin A-142/19 saylı sığorta aktından görünür ki, 11 iyul 2019-cu il tarixli AS 404/19 nömrəli sığorta müqaviləsinə əsasən "xxxx" tərəfindən sığortalanmış “Hyundai Sonata” markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2019-cu il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Suzuki VZR 1800” markalı 10 B 514 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. İşdə olan Bakı şəhəri Nəsimi RPİ-nin TŞ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Suzuki VZR 1800” markalı 10 B 514 dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İşdə olan ödəniş sənədindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkmiş şəxs X1 **********3 saylı sığorta şəhadətnaməsi əsasında 8001.02 manat pul ödənilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı subroqasiya hüququ əsasında cavabdehdən 3001.02 manat məbləğində sığorta ödənişini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 3001.02 manat sığorta ödənişi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 50.02 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50.02 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqıcavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3001.02 manat sığorta ödənişi, ödənilmiş 50.02 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 3051(üç min əlli bir) manat 44(qırx dörd) qəpik pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar