Məhkəmə qərarları › İş №e-2(055)-1504/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1504/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1504/2025 11.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh alqı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 7794 manat və real olaraq təmir üçün çəkilmiş xərc olan 3210 manat olmaqla, ümumilikdə 11004 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, satıcı İddiaçı və alıcı Cavabdeh arasında sonuncunun şəxsi istifadəsi üçün nisyə avtomobil alqı-satqısına dair 02 mart 2024-cü il tarixli, B-040-SA-24 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri ƏDV daxil 71340 manat müəyyən edilən “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW8P3173229), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi satıcı tərəfindən avtomobilin dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı tərəfindən ilkin ödəniş edilməmiş və ödənilməli olan qalıq borc sayılacaq 71340 manat məbləği 02 aprel 2024-cü il tarixdən etibarən 60 ay müddətinə, ayda 1189 manat olmaqla satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini vaxtında icra etməmiş, sonuncu 2024-cü ilin dekabr ayında edilmiş 9cu ayın ödənişindən sonra müqaviləyə xitam verilən tarixə (20 fevral 2025-ci il) kimi heç bir aylıq ödəniş etməmiş, bu aylar ərzində avtomobili geri qaytarmamış, həmçinin həmin dövrdə inzibati tənbeh növündə müxtəlif cərimələr tətbiq edilmiş və cavabdeh tərəfindən ödənilməmişdir. Bununla da, cavabdeh tərəfindən 02 mart 2024-cü il tarixli, B-040-SA-24 saylı müqavilənin 3.2.6-cı bəndinin a, c və d hissələrinin şərtləri pozulmuşdur. Gecikmələri barədə İddiaçı əməkdaşları tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, 03 fevral 2025-ci il tarixli məktubla xəbərdarlıq edilsə də nəticə olmamışdır. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə “Skoda Kamiq 1.6 MPİ” markalı, ** YK *** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və 07 fevral 2025-ci il tarixində Daxili İşlər Nazirliyinin müvafiq duracağından İddiaçı nümayəndəsi tərəfindən götürülmüşdür. Avtomobil iddiaçının qanuni sahibliyinə geri qaytarıldıqdan sonra cavabdehə 07 fevral 2025-ci il tarixli məktubla İddiaçı servis-təmir mərkəzində avtomobilə baxış keçiriləcəyi barədə məlumat verilmiş və təhvil-təslim edilməsi üçün dəvət edilmişdir. 18 fevral 2025-ci il tarixində cavabdeh iştirak etmədiyi səbəbindən, onun iştirakı olmadan avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair ilkin baxış aktı tərtib olunmuş və münasibət bildirilməsi üçün həmin akt qarşı tərəfə göndərilmişdir. Lakin, cavabdeh tərəfindən həmin akta da heç bir münasibət bildirilməmişdir. Həmin baxış əsasında (ilkin baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün vurulmuş real zərər müəyyən edilmiş və 04 aprel 2025-ci il tarixində yenidən satışa çıxarılması üçün cavabdehin təqsiri üzündən vurulmuş zərərin aradan qaldırılması ilə bağlı təmir işləri aparılmışdır. Bu xərclərin dəyəri 3210 manat təşkil edir. Avtomobilə baxış keçirilərkən cavabdeh tərəfindən 37787 km yürüş ilə iddiaçıya geri qaytarıldığından avtomobilin dəyəri 25 faiz dərəcədə azalmışdır. Cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən (02 mart 2024cü il tarixli, B-040-SA-24 saylı müqavilənin 3.2.6-cı bəndinin a, c və d hissələrinin) iddiaçı tərəfindən 20 fevral 2024-cü il tarixli məktubu ilə müqavilənin 3.2.6-cı bəndinə əsasən 02 mart 2024-cü il tarixli, B-040-SA-24 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Avtomobillə bağlı qeyd olunan xərclər iddiaçı tərəfindən ödənildikdən sonra 02 mart 2024cü il tarixli, B-040-SA-24 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə uyğun olaraq 37787 km yürüşü olan “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW8P3173229) yenidən satışa çıxarılmış və İddiaçı ilə X6 arasında bağlanmış 07 may 2025-ci il tarixli, A-008-SA-25 saylı alqı-satqı müqaviləsinə əsasən həmin avtomobilin dəyəri tam ödənilmiş (30000 manat) və alıcının mülkiyyətinə keçirilmişdir. Eyni avtomobil eyni tarixdə birinci müqavilədə göstərilən şərtlərlə 60 ay müddətinə satılsa idi müqavilənin ümumi qiyməti 52,816.00 manat müəyyən ediləcəkdi. İkinci müqavilə üzrə satışa çıxarılan məbləğin aşağı düşməsinə səbəb avtomobilin yürüşü və həmin avtomobillərə dair bazar qiymətləri əhəmiyyətli rol daşıyır. Hal-hazırda sonuncu müqavilə qüvvədə olmaqla “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN: TMBGC6NW8P3173229) avtomobil X3 mülkiyyətindədir. 02 mart 2024-cü il tarixli, B-040- SA-24 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə əsasən avtomobil onun likvid dəyəri ilə üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Mülki Məcəllənin 645.2-ci maddəsinə əsasən, əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Odur ki, Cavabdeh ilə bağlanmış 02 mart 2024-cü il tarixli, B-040-SA-24 saylı müqavilənin dəyəri 71340 manat, 07 may 2025-ci il tarixli, A-008-SA-25 saylı ikinci satış müqaviləsinin dəyəri isə eyni şərtlərlə 60 ay müddətinə 52816 manat müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh tərəfindən ümumilikdə 10730 manat aylıq ödəniş edilmişdir. Cavabdeh tərəfindən edilmiş aylıq ödənişlər də iki müqavilə arasında olan fərqdən çıxıldıqdan sonra (1-ci müqavilə dəyəri 71340 manat - ikinci müqavilə dəyəri 52816 manat = 18524 manat – ümumi ödənişlər 10730 manat = 7794 manat) Cavabdeh İddiaçınə 7794 manat borcu qalmışdır. Ona görə də, Cavabdeh alqı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 7794 manat və real olaraq təmir üçün çəkilmiş xərc olan 3210 manat olmaqla, ümumilikdə 11004 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2024-cü il tarixli, B-040-SA-24 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetinə əsasən, satıcı müqavilənin şərtlərinə uyğun olaraq “Skoda Kamiq 1.6 MPİ” markalı (buraxılış ili: 2023, VİN: TMBGC6NW8P3173229, rəng: narıncı metal) avtomobili dəyəri tam ödənilənədək alıcının istifadəsinə verməyi, tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, avtomobilin dəyəri ƏDV daxil 71.340 manat müəyyən edilmişdir. Alıcı ilkin ödəniş etməmiş və ödənilməli olan qalıq borc sayılacaq 71.340 manat məbləği 02 aprel 2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1,189 manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmuş 02 mart 2024-cü il tarixli təhviltəslim aktından görünür ki, avtomobil qüsursuz, texniki saz vəziyyətdə alıcıya təhvil verilmiş, alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmuş ********** nömrəli icra edilmiş xidmətlərə dair aktdan görünür ki, cavabdehin təqsiri üzündən vurulmuş zərərin aradan qaldırılması ilə bağlı təmir işləri aparılmış və iddiaçı tərəfindən çəkilmiş xərclərin dəyəri 3209,99 manat təşkil etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş fotoşəkillərin surətlərindən görünür ki, “Skoda Kamiq 1.6 MPİ” markalı avtonəqliyyat vasitəsində təmir işləri aparılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş protokollardan görünür ki, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 36 manat dəbbə pulu hesablanmaqla, cəmi 136 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 60 manat dəbbə pulu hesablanmaqla, cəmi 160 manat, xx.xx.2024-cü il tarixdə 40 manat dəbbə pulu hesablanmaqla, cəmi 55.20 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 40 manat cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 03 sentyabr 2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan ** YK *** dövlət nömrə nişanlı “Skoda Kamiq” markalı avtomobilin idarə edilməsini X4 02 sentyabr 2024-cü il tarixə, saat 23:59-adək etibar etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 19 dekabr 2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan ** YK *** dövlət nömrə nişanlı “Skoda Kamiq” markalı avtomobilin idarə edilməsini Cavabdeh 02 yanvar 2025-ci il tarixə, saat 23:59-adək etibar etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş İddiaçı 03 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 02 mart 2024-cü il tarixli, B-040-SA-24 saylı müqavilənin davam etdirilməsi üçün 2937 manat borcun ödənilməsi, əks təqdirdə həmin müqaviləyə xitam veriləcəyi, dəymiş zərər və çəkilən xərclərin iddia predmetinə əlavə edilərək məhkəməyə müraciət ediləcəyi barədə İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 07 fevral 2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh avtomobilə baxış keçirilmə tarixi və yeri barədə məlumat verilmiş, cavabdehin iştirak etmədiyi təqdirdə texniki baxışın keçiriləcəyi, tərtib edilmiş aktın nüsxəsinin Cavabdeh ünvanına göndəriləcəyi, təmir aktında qeyd olunmuş məqamların onun tərəfindən qəbul edilmiş kimi hesab ediləcəyi bildirilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 15 fevral 2025-ci il tarixli təhviltəslim aktından görünür ki, 15 fevral 2025-ci il tarixdə, axşam radələrində, qeyri-iş vaxtında İddiaçı texniki təmir mərkəzinin qarşısında yerləşən boş əraziyə cərimə meydançasından gəlib həmin avtomobilin alıcı Cavabdeh rəsmi təhvil-təslim aktı üzrə geri alınması mümkün olmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 18 fevral 2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh avtomobilə baxış keçirilmə tarixi və yeri barədə məlumat verilməsinə baxmayaraq, müraciətlərinə münasibət bildirmədiyindən Skoda rəsmi servis mərkəzində nəqliyyat vasitəsinə baxış cavabdehin iştirakı olmadan keçirilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş İddiaçı “müqaviləyə xitam verilməsi barədə” 20 fevral 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2024-cü il tarixli, B-040-SA-24 saylı müqaviləyə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş poçt zərflərinin çatdırılmasını təsdiq edən sənədlərdən görünür ki, Cavabdeh ünvanlanmış məktublar onun ünvanına çatdırılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş arayışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 10730 manat ödəniş edilmiş, qalıq borc 60610 manat, xx.xx.2025-ci il tarixi üçün gecikdirilmiş məbləğ 2378 manat, cərimə 714 manat müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş təmir aktından görünür ki, “Skoda Kamiq” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin hissələri 6009,7 manat, görüləcək işlər isə 2323,3 manat olmaqla, cəmi 8333 manat təmir xərci müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş İddiaçı ilə X6 arasında bağlanmış 07 may 2025-ci il tarixli, A-008-SA-25 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetinə əsasən, satıcı müqavilənin şərtlərinə uyğun olaraq “Skoda Kamiq 1.6 MPİ” markalı (buraxılış ili: 2023, VİN: TMBGC6NW8P3173229, rəng: narıncı metal) avtomobili texniki saz halda alıcının mülkiyyətinə verir, alıcı isə bunun müqabilində razılaşdırılmış məbləği satıcıya ödəyir və avtomobili qəbul etmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə 30000 manat müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 07 may 2025-ci il tarixli təhviltəslim aktından görünür ki, avtomobil qüsursuz, texniki saz vəziyyətdə alıcıya təhvil verilmiş, alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmuş İddiaçı 08 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktubu və ona əlavə edilmiş hesablama formasında arayışdan görünür ki, kredit ödənişinin müddəti 60 ay olmaqla başlanğıc və son tarixləri 7 iyun 2025ci ildən 7 may 2025-ci ilədək, faiz dərəcəsi 18%, komissiya faiz dərəcəsi 4%, kasko sığorta faiz dərəcəsi 11,55% müəyyən edilməklə “Skoda Kamiq 1.6 MPİ” markalı avtomobilin nağd satış qiyməti 30000 manat, gələcək dövrün maliyyə gəliri 18151 manat, komissiya məbləği 1200 manat, kasko sığorta məbləği 3465 manat olmaqla, avtomobilin ümumilikdə dəyəri 52816 manat olaraq hesablanmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 645.2-ci maddəsinə əsasən əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2024-cü il tarixli, B-040-SA-24 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçı “Skoda Kamiq 1.6 MPİ” markalı (buraxılış ili: 2023, VİN: TMBGC6NW8P3173229, rəng: narıncı metal) avtomobili dəyəri tam ödənilənədək alıcının istifadəsinə verməyi, tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Lakin, 2024-cü ilin dekabr ayında edilmiş 9-cu ayın ödənişindən sonra müqaviləyə xitam verilən, yəni 20 fevral 2025-ci il tarixə kimi heç bir aylıq ödəniş etməmiş, bu aylar ərzində avtomobili geri qaytarmamış, həmin dövrdə inzibati tənbeh növündə müxtəlif cərimələr tətbiq edilmiş, həmin cərimələr cavabdeh tərəfindən ödənilməmişdir. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə həmin avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və 07 fevral 2025-ci il tarixində Daxili İşlər Nazirliyinin müvafiq duracağından İddiaçı nümayəndəsi tərəfindən götürülmüşdür. Avtomobil iddiaçının qanuni sahibliyinə geri qaytarıldıqdan sonra cavabdehə 07 fevral 2025-ci il tarixli məktubla İddiaçı servis-təmir mərkəzində avtomobilə baxış keçiriləcəyi barədə məlumat verilmiş, təhvil-təslim edilməsi üçün dəvət edilmiş, 18 fevral 2025-ci il tarixdə cavabdeh iştirak etmədiyi səbəbindən, onun iştirakı olmadan avtomobilə baxış keçirilmiş, baxışın nəticəsinə dair ilkin baxış aktı tərtib olunmuş, münasibət bildirilməsi üçün həmin akt qarşı tərəfə göndərilmiş, cavabdeh tərəfindən həmin akta da heç bir münasibət bildirilməmiş, həmin baxış əsasında avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması, təkrar satışa çıxarılması üçün vurulmuş real zərər müəyyən edilmiş, 04 aprel 2025-ci il tarixində yenidən satışa çıxarılması üçün cavabdehin təqsiri üzündən vurulmuş zərərin aradan qaldırılması ilə bağlı təmir işləri aparılmış və həmin xərclərin dəyəri 3210 manat təşkil etmişdir. Avtomobilə baxış keçirilərkən cavabdeh tərəfindən 37787 km yürüş ilə iddiaçıya geri qaytarıldığından avtomobilin dəyəri 25 faiz dərəcədə azalmışdır. Cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən iddiaçı tərəfindən 20 fevral 2024-cü il tarixli məktub ilə müqaviləyə birtərəfli qaydada xitam verilmiş, avtomobillə bağlı qeyd olunan xərclər iddiaçı tərəfindən ödənildikdən sonra müqaviləyə uyğun olaraq həmin avtomobil yenidən satışa çıxarılmış, İddiaçı ilə X6 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin avtomobilin tam dəyəri, yəni 30000 manat ödənilmiş və alıcının mülkiyyətinə keçirilmişdir. Cavabdeh tərəfindən ümumilikdə 10730 manat aylıq ödəniş edilmiş, cavabdeh tərəfindən edilmiş aylıq ödənişlər də iki müqavilə arasında olan fərqdən çıxıldıqdan sonra (1-ci müqavilə dəyəri 71340 manat - ikinci müqavilə dəyəri 52816 manat = 18524 manat – ümumi ödənişlər 10730 manat = 7794 manat) Cavabdeh İddiaçınə 7794 manat borcu qalmışdır. İddiaçı hazırki tələblə müraciət edərək Cavabdeh alqı-satqı müqavilələri arasındakı fərqdən ümumi ödənişlərin çıxılması şəklində vurulmuş zərərin əvəzi olaraq 7794 (71340- 52816-10730=7794) manat və təmir üçün çəkilmiş xərc olan 3210 manat pul vəsaitinin onun xeyrinə tutulmasını xahiş edir. Qeyd olunanlara görə məhkəmə qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 7794 manat və təmir üçün çəkilmiş xərc olan 3210 manat olmaqla ümumilikdə 11004 manat maddi zərərin əvəzi və 123.10 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11127.10 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 7794 manat və təmir üçün çəkilmiş xərc olan 3210 manat olmaqla, ümumilikdə 11004 manat maddi zərər alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 23 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 123.10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 123.10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7794 (yeddi min yeddi yüz doxsan dörd) manat və təmir üçün çəkilmiş xərc olan 3210 (üç min iki yüz on) manat olmaqla, ümumilikdə 11004 (on bir min dörd) manat maddi zərərin əvəzi olmaqla alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 123 (bir yüz iyirmi üç) manat 10 (on) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar