Məhkəmə qərarları › İş №e-2(055)-1954/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1954/2025

30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1954/2025 30.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli, 420 nömrəli müqavilə üzrə 1900 manat əsas borc, 200 manat cərimə borcu və 41 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Telefon Mağazasının" satıcısı, İddiaçı Cavabdeh ilə 06 fevral 2025-ci il tarixində 420 nömrəli nisiyə mal satılması müqaviləsi bağlamışdır. 06 fevral 2025-ci il tarixində 420 nömrəli nisiyə mal satılması müqaviləsinə əsasən Cavabdeh " İPHONE 15 PRO" markalı telefonu 12 aylıq kreditlə 3100 manat dəyərində almış və hazırkı vaxtadək cavabdeh tərəfindən, ilkin ödənişdə daxil olmaqla 1200 manat ödəniş etmişdir. Hazırda qalan 1900 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin, borcun ödənilməsi ilə bağlı cavabdeha tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2025-ci il tarixli, 420 nömrəli müqavilədən görünür ki, bu müqavilə 12 ay müddətinə ümumi dəyəri 3100 manat olan “İPHONE 15 PRO” markalı telefon alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 420 nömrəli, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1900 manat əsas borc, 200 manat cərimə borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, “Telefon Mağazasının” satıcısı, İddiaçı Cavabdeh ilə 06 fevral 2025-ci il tarixində 420 nömrəli nisiyə mal satılması müqaviləsi bağlamışdır. 06 fevral 2025-ci il tarixində 420 nömrəli nisiyə mal satılması müqaviləsinə əsasən Cavabdeh " İPHONE 15 PRO" markalı telefonu 12 aylıq kreditlə 3100 manat dəyərində almış və hazırkı vaxtadək cavabdeh tərəfindən, ilkin ödənişdə daxil olmaqla 1200 manat ödəniş etmişdir. Hazırda qalan 1900 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin, borcun ödənilməsi ilə bağlı cavabdeha tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Ona görə də, İddiaçı Cavabdeh 420 nömrəli, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1900 manat əsas borc, 200 manat cərimə borcu alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh əsas borcu, cərimə borcunu alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 200 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 190 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1900 manat əsas borc, 190 manat cərimə borcu, cəmi 2090 manat pul alınaraq İddiaçı ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 41 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1900 manat əsas borc, 190 manat cərimə borcu, cəmi 2090 manat və ödənilmiş 41 manat dövlət rüsumu, ümumilikdə 2131 (bir min bir yüz otuz bir) manat alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar