Məhkəmə qərarları › İş №e-2(055)-1992/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1992/2025

27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1992/2025 27.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 iyun 2021-ci il tarixli 00297457 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 7830 manat əsas borcun, 780 manat cərimənin, cəmi 8610 manat borcun və ödənilmiş 98,30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22 iyun 2021-ci il tarixli 00297457 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 13522 manat dəyərində mal satılmışdır. Nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə digər Cavabdeh2 həmin nisyə alqı-satqı müqaviləsini imzalamaqla zamin olaraq mal alan Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında mal alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşdür. Lakin, nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 ümumi olaraq 5692 manat ödəniş etmiş, qalan borcunu ödəməmişdir. İddiaçı tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq cavabdehlər borcu ödəməkdən yayınmışlar. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında cərimə ödəməlidir. Bu səbədbdən iddiaçı tərəfindən cavabdehlərə qarşı 780 manat faiz borcu (cərimə) hesablanmışdır. Ona görə də, 22 iyun 2021-ci il tarixli 00297457 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7830 manat əsas borcun, 780 manat cərimənin, cəmi 8610 manat borcun və ödənilmiş 98,30 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22 iyun 2021-ci il tarixli, 00297457 saylı nisyə alqı satqı müqaviləsindən görünür ki, bu müqavilə ilə cavabdeh (alıcı) Cavabdeh1 iddiaçı (satıcı) İddiaçındən 13522 manat dəyərində mal almış, digər Cavabdeh2 həmin nisyə alqı-satqı müqaviləsini imzalamaqla zamin olaraq mal alan Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında mal alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 22 iyun 2021-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh1 ümumi alqı-satqı qiyməti 13522 manat malların dəyərindən ilkin ödəniş 100 manat etməklə qalan dəyəri 13422 manat olan malları İddiaçındən təhvil almışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 13 sentyabr 2025-ci il tarixli bildirişdən və onun göndərilməsi barədə qəbzdən görünür ki, İddiaçı Cavabdeh1 22 iyun 2021-ci il tarixli, 00297457 saylı nisyə alqı satqı müqaviləsi üzrə ödənilməmiş qalan 8659 manat borcun yeddi iş günü müddətində ödənilməsini tələb etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 19 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22 iyun 2021-ci il tarixli, 00297457 saylı nisyə alqı satqı müqaviləsi üzrə İddiaçınə əsas borcu 7879 manat, cərimə borcu 780 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22 iyun 2021-ci il tarixli 00297457 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 13522 manat dəyərində mal satılmışdır. Nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə digər Cavabdeh2 həmin nisyə alqı-satqı müqaviləsini imzalamaqla zamin olaraq mal alan Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında mal alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşdür. Lakin, nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 ümumi olaraq 5692 manat ödəniş etmiş, qalan borcunu ödəməmişdir. İddiaçı tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq cavabdehlər borcu ödəməkdən yayınmışlar. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında cərimə ödəməlidir. Bu səbədbdən iddiaçı cavabdehlərdən 22 iyun 2021-ci il tarixli 00297457 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 7830 manat əsas borcun, 780 manat cərimənin, cəmi 8610 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7830 manat əsas borcun və 780 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən tələb olunan 780 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 350 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7830 manat əsas borc, 350 manat cərimə, cəmi 8180 manat alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 22 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 98,30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 98,30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7830 manat əsas borc, 350 manat cərimə, cəmi 8180 (səkkiz min yüz səksən) manat alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 98 (doxsan səkkiz) manat 30 (otuz) qəpik dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar