Məhkəmə qərarları › İş №e-2(055)-2005/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-2005/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-2005/2025 03.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən 390,52 manat əsas borcun, 39,05 manat cərimənin, cəmi 429,57 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 37,76 manat ödəniş etməyi öhdəsinə götürməklə, iddiaçıdan ümumi dəyəri 679,68 manat olan məişət avadanlığı almışdır. Lakin Cavabdeh müqavilənin tələblərini yerinə yetirməmiş, nəticədə 390,52 manat borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi öçün, ona müqavilənin 3.5-ci bəndinə əsasən 39,05 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 10 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 390,52 manat əsas borcun, 39,05 manat cərimənin, cəmi 429,57 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 10 sentyabr 2024-cü il tarixli, 12143368 saylı müqavilədən görünür ki, bu müqavilə bir ədəd “Hoffmann VSL-6200S (gümüşü)” markalı paltaryuyan avadanlıq alınması üçün Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmışdır. İşdə olan 10 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh həmin tarixdə bir ədəd “Hoffmann VSL-6200S (gümüşü)” markalı paltaryuyan avadanlığı təhvil almışdır. İşdə olan 19 dekabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10 sentyabr 2024-cü il tarixli müqavilə ilə dəyəri 679,68 manat olan məişət əşyasının alınması üçün 18 ay müddətinə, hər ay 37,76 manat ödəməli olduğu halda, cəmi 289,16 manat ödəniş etmiş və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 390,52 manat əsas borc, 39,05 manat cərimə olmaqla, cəmi 429,57 manat borcu yaranmışdır. İşdə olan 26 noyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf cavabdehdən 10 sentyabr 2024-cü il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirməsini tələb etmiş, əks halda üç iş günü müddətində məhkəməyə müraciət ediləcəyini bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 37,76 manat ödəniş etməyi öhdəsinə götürməklə, iddiaçıdan ümumi dəyəri 679,68 manat olan məişət avadanlığı almışdır. Lakin Cavabdeh müqavilənin tələblərini yerinə yetirməmiş, nəticədə 390,52 manat borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi öçün, ona müqavilənin 3.5-ci bəndinə əsasən 39,05 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 10 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 390,52 manat əsas borcun, 39,05 manat cərimənin alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 10 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 390,52 manat əsas borcun, 39,05 manat cərimənin, cəmi 429,57 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 39,05 manat dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 15 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 10 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 390,52 manat əsas borc, 15 manat cərimə, cəmi 405,52 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 23 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 10 sentyabr 2024-cü il tarixli, 12143368 saylı müqaviləyə əsasən 390,52 manat əsas borc, 15 manat cərimə, cəmi 405 (dörd yüz beş) manat 52 (əlli iki) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar