Məhkəmə qərarları › İş №e-2(055)-250/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-250/2025

28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-250/2025 28.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 6542,30 manat əsas borc, 1962,69 manat cərimə, cəmi 8504,99 manat borc və 105,05 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 306,50 manat olmaqla 18 ay müddətinə hər ay 409,02 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 7668,86 manat olan, «İphone 12 Pro Max» markalı mobil telefon və «Asus» markalı kompüter almışdır. Lakin Cavabdeh 29 oktyabr 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və iddiaçıya ödənilməmiş qalan 6542,30 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 1962,69 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 29 oktyabr 2021-ci il arixli müqavilə üzrə 6542,30 manat əsas borc, 1962,69 manat cərimə, cəmi 8504,99 manat borc və 105,05 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən də, onunla iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-cü il tarixli müqaviləyə əsasən, ona İPHONE 12 PRO MAX markalı telefon və ASUS kompüter verilmişdir. Lakin bildirir ki, o aldadılmışdır. Belə ki, onun "xxxx" MMC-dən telefon və komputer götürmək niyyəti olmamışdır. Təxminən 2021-ci ilin oktyabr ayında Nurlan adlı dostunun ad günündə X4 ilə tanış olmuş, sonra Nurlanın təklifinə əsasən Həmidlə görüşmüşdür. Həmid ona “KONTAKT” mağazasının Sahil filialının müdir müavini X6 ilə yaxın münasibətlərinin olduğunu, sonuncu ilə birlikdə iş qurduqlarını bildirmiş və ondan mağazadan mal götürməyi, buna görə hər hansı ödəniş ediləməyəcəyi, bütün ödənişlərin vaxtında olunacağını demiş, o da Həmidə inanıb razılaşmış və birlikdə Eminin yanına getmişdir. Həmid onu aşağıda gözləmişdir. Eminin yanına çıxıb onu Həmidin göndərdiyini dedikdə, Emin hansı malları seçmək istədiyini soruşmuş, o da hər hansı mala ehtiyacının olmadığını, Həmid göndərdiyi üçün gəldiyini demişdir. Emin ona malı seçəndən sonra gəlməyi demiş, o da yenidən Həmidin yanına qayıtmışdır. Bundan sonra Həmid mağazadan İPHONE 12 PRO MAX markalı telefon və ASUS kompüteri götürmüş, o da sənədə imza etmişdir. Həmçinin sənədə imza edərkən sənədi oxumamışdır. Götürdüyü mallar da ona verilməmiş, Həmid özü ilə götürmüşdür.Mal götürüləndən qısa müddət sonra Həmid ona 400 manat pul vermiş, o da Həmidin qanuni iş gördüyünü düşünmüşdür. Bir müddət sonra Həmid ona Eminin onunla görüşmək istədiyini bildirmiş, o da yenidən Eminin yanına getmişdir.Emin ona yenidən mal götürmək lazım olduğunu bildirmiş, o da inandığına görə etiraz etməmiş, İPHONE 13 PRO MAX markalı telefon götürülmüşdür. Mağazadan çıxandan sonra Emin ona 200 manat pul vermişdir. Daha sonra “KONTAKT” mağazasından ona zənglər gələndə Emin və Həmidin onun aldatdığını, guya xx.xx.2021-cü il tarixli müqavilə əsasında ilkin ödəniş 306,50 manat olmaqla 18 ay müddətinə hər ay 409,02 manat ödəməklə ona İPHONE 12 PRO MAX markalı telefon və ASUS kompüter, 30 noyabr 2021-ci il tarixli müqavilə əsasında isə İPHONE 13 PRO MAX markalı telefon verildiyini öyrənmişdir. O, ümumiyyətlə, götürülən malların ilkin ödəniş və əlavə olaraq 18 ay müddətinə hər ay kreditlə götürülməsini bilməmiş, onun nə telefona, nə də ki komputerə ehtiyacı olmuş, həmin mallar da ona verilməmişdir. Bir daha bildirir ki, o aldadılmışdır. Ona gələn zənglərdən sonra imza etdiyi sənədlərin iddiaçı təşkilatla bağlanmış nisyə alqı-satqı müqaviləsi olduğunu bilmişdir. Daha sonra Səbail rayon prokurorluğunda 21 oktyabr 2023-cü il tarixində X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 313-cü, X5 barəsində isə Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə cinayət işi başlandıqdan sonra ona aydın olmuşdur ki, Emin və Həmid qabaqcadan əlbir olub o da daxil olmaqla xeyli sayda şəxsi aldadıb saxta müqavilələrə imza etdirməklə telefon, komputer və digər əşyalar götürüb pul qazanmışlar. Həmin cinayət işi üzrə də iddiaçı "xxxx" MMC zərərçəkmiş şəxs kimi tanınmışdır.Odur ki, göstərdiklərinin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan 29 oktyabr 2021-ci il tarixli müqavilə və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş 306,50 manat olmaqla 18 ay müddətinə hər ay 409,02 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 7668,86 manat olan «İphone 12 Pro Max» markalı mobil telefon və «Asus» markalı kompüter alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh oğlu arasında bağlanmışdır. İşdə olan 06 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 29 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 6542,30 manat əsas borc, 1962,69 manat cərimə, ümumilikdə ödənilməmiş 8504,99 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 306,50 manat olmaqla 18 ay müddətinə hər ay 409,02 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 7668,86 manat olan, «İphone 12 Pro Max» markalı mobil telefon və «Asus» markalı kompüter almışdır. Lakin Cavabdeh 29 oktyabr 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və iddiaçıya ödənilməmiş qalan 6542,30 manat borcu ödəməkdən yayınmışdır. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 29 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 6542,30 manat əsas borc, 1962,69 manat cərimə, cəmi 8504,99 manat borcun alınmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadına əsasən hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıbyaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.5-ci maddələrinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-339.3-cü maddələrinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2020-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən Mülki Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: • Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; • Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; • Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və işdə olan sənədlərlə müəyyən edildi ki, iddaçı tərəfin tələbin əsaslılığını təsdiq edən sübut qismində təqdim etdiyi 29 oktyabr 2021-ci il tarixli, ******* saylı nisyə alqı-satqı müqaviləsi etibarsız əqddir. Belə ki, iş materialları ilə Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı 29 oktyabr 2021-ci il tarixli ******* saylı, ilkin ödəniş 306,50 manat olmaqla 18 ay müddətinə hər ay 409,02 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 7668,86 manat olan «İphone 12 Pro Max» markalı mobil telefon və «Asus» markalı kompüter alması barədə nisyə alqı-satqı müqaviləsinə imza etməsinə baxmayaraq, cavabdehin həmin müqavilənin məzmunundan məlumatsız olduğu, əqd bağlanması məqsədilə aldadıldığı, yəni əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi ilə həqiqətə uyğun olmayan qənaət nəticəsində əqdin bağlanmış olması müəyyən edilmişdir. Bu hal X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü, X2 isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə (cinayət işi hazırda Balı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır) sözügedən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə bir daha təsdiq olunur. Belə ki, cinayət işi materiallarından görünür ki, X6 və X5 ifadələrində qabaqcadan əlbir olaraq "xxxx" MMC-yə məxsus mobil telefon, noutbuk və planşetləri özlərinin və digər şəxslərin adlarına kredit müqaviləsi ilə rəsmiləşdirməklə, o cümlədən Cavabdeh və digər müştəriləri aldadaraq nisyə alqı-satqı müqavilələri imzalatdırmaqla müxtəlif növ adlarda olan elektron əşyaları əldə edib özlərinin mənfəəti üçün mənimsəyərək "xxxx" MMC-yə ziyan vurduqlarını etiraf etmişlər.Həmçinin istintaq materiallarına əsasən təqsirləndirilən şəxslərin qeyd olunan qanunsuz əməlləri nəticəsində zərərçəkmiş şəxs "xxxx" MMC-yə 170546 manat 46 qəpik ziyan dəydiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh etibarsız olmaqla hər hansı hüquqi nəticə yaratmayan 29 oktyabr 2021-ci il tarixli müqaviləyə əsaslanıb 6542,30 manat əsas borc, 1962,69 manat cərimə, cəmi 8504,99 manat borcun alınmasını tələb etməsi əsassız olduğundan iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 6542,30 manat əsas borc, 1962,69 manat cərimə, cəmi 8504,99 manat borc və 105,05 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 105,05 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 6542,30 manat əsas borc, 1962,69 manat cərimə, cəmi 8504,99 manat borc və 105,05 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 105,05 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № e-2(055)-250/2025 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 28 fevral 2025-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 6542,30 manat əsas borc, 1962,69 manat cərimə, cəmi 8504,99 manat borc və 105,05 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 105,05 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar