Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-288/2025 24.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdehin nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqavilə üzrə 772,02 manat əsas borc, 231.61 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat pul, cəmi 1027,73 manat pul və 30,28 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizə ilə məhkəməyə müraciət edərək işə iddia icraatında baxılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********09267 X7 12 markalı telefon, vinil mat, vinil şəffaf almış və nəticədə 1027.23 (bir min iyirmi yeddi manat 23 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 772.02 (yeddi yüz yetmiş iki manat 2 qəpik) manat (yəni 18 ay x 42.89 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********09267 X7 12 markalı telefon, vinil mat, vinil şəffaf üçün ümumilikdə, 1027.23 (bir min iyirmi yeddi manat, 23 qəpik) manat olmaqla ondan 772.02 (yeddi yüz yetmiş iki manat, 2 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 231.61 (iki yüz otuz bir manat, 61 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etirazın dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, oğlu Cavabdeh 13 may 2023-cü il tarixdə iddiaçıdan alqı-satqı müqaviləsinə əsasən qiyməti 772,02 manat olan X7 12 markalı 1 ədəd mobil telefon almışdır. Aylıq ödəniş 42,89 manat olmaqla 18 aylıq qrafik ödəniş cədvəli tərtib edilmişdir. Telefonu aldıqdan 3 gün sonra ondan asılı olmayan səbəblərdən telefonda texniki qüsurlar baş vermiş və o, dərhal satış mərkəzinə zəng edərək telefondakı texniki qüsurların olmasından və istismara yararsız olması barədə məlumat verməklə yanaşı telefonu satış mərkəzinə (şirkətə) təhvil vermişdir. Oğluna bildirmişlər ki, mobil telefonun qüsurları yoxlanılıb ən qısa zamanda həmin nasazlıqlar aşkar ediləcəkdir. Bir müddət keçdikdən sonra şirkət oğluna təzə telefon kimi satdığı istismara yararsız olan telefonu yenidən təkrar ondan geri almağa məcbur olmuşdur. Oğluna bildirmişlər ki, telefonu təmir edib ona verəcəklər. O, bununla razılaşmamışdır. Oğluna qanunun tələblərinə görə şirkət təmir edilmiş yox, yeni istismara yararlı mobil telefon verməlidir. Xeyli müddət keçsə də şirkət (iddiaçı) onu yeni telefonla təmin etməmiş, istismara yararsız olan telefonu ona verməyə çalışmışlar. Oğlu isə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna istinad edərək iddiaçının bu qanunsuz tələbinə rədd cavabı vermişdir. İstismara yararsız olan və şirkət tərəfindən ona satılmış telefon özündə qalmış, bu günə kimi iddiaçının özlərində qalır. Ona görə də oğluna qarşı qaldırılan iddia tələbi tam olaraq əsassız və qanunsuzdur. Gösrtərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etdi. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 42,89 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 772,02 manat olan, bir ədəd “X7 12” markalı markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 15 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 772,02 manat əsas borc, 231.61 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat pul ümumilikdə ödənilməmiş 1027,23 manat borcu qalmışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 42,89 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 772,02 manat olan, bir ədəd “X7 12” markalı telefon almışdır. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü ödəliyi tam yerinə yetirməmiş və iddiaçıya ödənilməmiş qalan 772,02 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 231.61 manat cərimə hesablanmışdır. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 772,02 manat əsas borc, 231.61 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat pul, cəmi 1027,23 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh əsas borc, cərimə borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb olunan 231,61 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 77 manatadək azaldılmalıdır. Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat pulun tələbi ilə bağlı qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat pulun alınmasını tələb etsə də, həmin tələbi təsdiq edən sübutu iddia ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat pulun alınmasını tələb etməkdə haqlı deyildir. Cavabdehin iddiaya yazılı etirazında qeyd etdiyi faktlarla bağlı məhkəmə araşdırması zamanı verilmiş sorğuya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli 03414425 saylı müqavilənin tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, İmei kodu **********09267 X7 12 6GB/128GB mınt green markalı telefonu, cavabdeh tam və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir. Araşdırma nəticəsində məlum olunmuşdur ki, sözügedən İmei kodu **********09267 X7 12 6gb/128gb mınt green markalı telefonu 2 dəfə Rəsmi Servisdə diaqnostika olunub. İlk qəbulda cihaz Rəsmi Servisdə yoxlanılıb və qüsür görülməyib və müştəri sözügedən cihazı təhvil alıb. İkinci qəbulda cihaz Rəsmi Servisdə yoxlanılıb və istifadə nəticəsində yaranmış korlanma aşkar edilib. Rəsmi zəmanət əsasında cihazın platası dəyişilib. Cihaz hal-hazırda texniki parametrlərinə uyğun işləyir. Hər hansı qüsur yoxdur. Bununla bağlı cavabdehə məlumat verilib, lakin cavabdeh servisə yaxınlaşıb sözügedən cihazı təhvil almayıb. Məktuba əlavə edilmiş X5 Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli texniki vəziyyət barədə aktda qeyd edilmişdir ki, ilk qəbulda cihaz Rəsmi Servisdə yoxlanılıb və qüsür görülməyib və müştəri sözügedən cihazı təhvil alıb. İkinci qəbulda cihaz Rəsmi Servisdə yoxlanılıb və istifadə nəticəsində yaranmış korlanma aşkar edilib. Rəsmi zəmanət əsasında cihazın platası dəyişilib. Cihaz hal-hazırda texniki parametrlərinə uyğun işləyir. Hər hansı qüsur yoxdur. Mülki iş üzrə araşdırma müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən satılmış malda aşkar olmuş qüsur ardan qaldırılmış və məhsul cavabdehə təklif olunmuşdur. Cavabdeh isə telefonu təhvil almaqdan imtina etmişdir. Cavabdeh tərəfindən isə mobil telefonda qüsur olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 772,02 manat əsas borc, 77 manat cərimə, cəmi 849,02 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30,28 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,28 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 772,02 manat əsas borc, 77 manat cərimə, cəmi 849,02 manat borc və ödənilmiş 30,28 manat dövlət rüsumu, ümumilikdə 879,3 (səkkiz yüz yetmiş doqquz manat otuz qəpik) manat alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-288/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-288/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver