Məhkəmə qərarları › İş №e-2(055)-616/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-616/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-616/2025 07.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30 noyabr 2022-ci il tarixli, 132 nömrəli xam pambığın alqı-satqısı haqqında müqavilə üzrə 733,33 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xam pambığın alqı-satqısı haqqında 30 noyabr 2022-ci il tarixli, 132 nömrəli müqaviləyə əsasən cavabdeh 2 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və yetişdirdiyi xam pambığı iddiaçıya satmağı öhdəsinə götümüşdür. Pambığın əkilməsi üçün iddiaçı tərəfindən cavabdehə 4220,8 manat məbləğində vəsait avans olaraq verilmişdir. Müqaviləyə əsasən cavabdeh götürdüyü vəsaiti xam pambıqla ödəməklə borcunu bağlamalı, təhvil verdiyi əlavə pambığın dəyərini isə iddiaçıdan almalıdır. Lakin, cavabdeh cəmi 3487,47 manat dəyərində 4377,4 kq xam pambıq təhvil versə də, yığım mövsümünün başa çatmasına baxmayaraq müqavilə şərtlərini tam icra etməmiş və nəticədə iddiaçıya 733,33 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə pretenziya göndərilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, iddiaçı P-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti 30 noyabr 2022-ci il tarixli, 132 nömrəli xam pambığın alqı-satqısı haqqında müqavilə üzrə 733,33 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh arasında bağlanmış 30 noyabr 2022ci il tarixli, 132 nömrəli xam pambığın alqı-satqısı haqqında müqavilədən görünür ki, Cavabdeh 2 hektar torpaq sahəsində xam pambıq əkib becərməyi və əldə etdiyi xam pambığı növünə görə bu müqavilədə razılaşdırılmış qiymətə İddiaçı MMC-yə satmağı, İddiaçı MMC isə xam pambığı növünə görə alaraq dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Borc məbləği bağlandıqdan sonra İddiaçı MMC qalan xam pambığını dəyərini müvavilədə göstərilən müddətdə Cavabdeh ödəməlidir. İşdə olan 23 oktyabr 2023-cü il tarixli, 582572 nömrəli və 19 noyabr 2023-cü il tarixli, 583192 nömrəli pambıq qəbulu qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə müvafiq olaraq 2923,75 manat və 563,72 manat, ümumilikdə 3487,47 manat ödənilmişdir. İşdə olan 10 yanvar 2024-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 132 nömrəli xam pambığın alqı-satqısı haqqında müqavilənin icrası ilə bağlı qarşılıqlı hesablaşma üzrə üzləşmə aparıldıqdan sonra İddiaçı MMC tərəfindən aqrotexniki xidmətlərə görə 1039,7 manat, ödənilmiş avans görə 1560 manat, dərman, gübrə, azot və s görə 749,5 manat, əkin üçün verilmiş toxumluq çiyidə görə 275,6 manat, əlavə xərcə görə 596 manat, ümumilikdə 4220,8 manat olması və təhvil verilən xam pambığın kondisiya çəkisinin 4377,4 kq, məbləğinin 3487,47 manat olması təqdiq edilmişdir. İşdə olan 25 aprel 2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 30 noyabr 2022-ci il tarixli, 132 nömrəli xam pambığın alqı-satqısı haqqında müqavilə üzrə ödənilməmiş qalan 733,33 manat borcun qısa müddət ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə mübahisənin həlli üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xam pambığın alqı-satqısı haqqında 30 noyabr 2022-ci il tarixli, 132 nömrəli müqaviləyə əsasən cavabdeh 2 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və yetişdirdiyi xam pambığı iddiaçıya satmağı öhdəsinə götümüşdür. Pambığın əkilməsi üçün iddiaçı tərəfindən cavabdehə 4220,8 manat məbləğində vəsait avans olaraq verilmişdir. Müqaviləyə əsasən cavabdeh götürdüyü vəsaiti xam pambıqla ödəməklə borcunu bağlamalı, təhvil verdiyi əlavə pambığın dəyərini isə iddiaçıdan almalıdır. Lakin, cavabdeh cəmi 3487,47 manat dəyərində 4377,4 kq xam pambıq təhvil versə də, yığım mövsümünün başa çatmasına baxmayaraq müqavilə şərtlərini tam icra etməmiş və nəticədə iddiaçıya 733,33 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə pretenziya göndərilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, iddiaçı P-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti 30 noyabr 2022-ci il tarixli, 132 nömrəli xam pambığın alqı-satqısı haqqında müqavilə üzrə 733,33 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 733,33 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 733,33 manat borc alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İşdə olan 07 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 733 (yeddi yüz otuz üç) manat 33 (otuz üç) qəpik borc alınaraq İddiaçı xeyrinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar