Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-737/2025 01.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə 1690 manat əsas borcun, 270,4 manat cərimənin və ödənilmiş 40,01 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh əsaslandırılmış etirazına əsasən Saatlı Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli 2(055)-737/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 10 mart 2023-cü il tarixdə “İKtech” markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada ödəniş cədvəlinə uyğun malın dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Hazırda cavabdehin iddiaçıya əsas borc üzrə 1690 manat, cərimə üzrə 270,4 manat borcu vardır. Ona görə də, Cavabdeh 10 mart 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1690 manat əsas borcun, 270,4 manat cərimənin və ödənilmiş 40,01 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq səhəti ilə bağlı məhkəmə baxışı iclasında iştirak edə bilməməsinin üzürlü hesab edilməsini və Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini müdafiə etdiyini, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, şəhid qardaşı olmaqla Saatlı rayonunun Potubəyli kəndində yaşayır. 2022-ci ilin mart ayında atası Vaqif Əmiraslanova məxsus evdə olan zaman iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin su filtrləri satan əməkdaşları atasına öz məhsullarını təqdim etmişlər və onlarla tanış olduqdan sonra şəhid ailəsi olmalarının nəzərə alınaraq satdıqları su filtrini güzəştli şərtlərlə daha ucuz qiymətə onlara sata biləcəklərini demişlər. Bundan sonra atası həmin şirkətin əməkdaşları ilə razılığa gələrək su filtrinin alınması ilə bağlı müqavilə bağlamaq istəyərkən, atasının şəxsiyyət vəsiqəsi evdə tapılmadığından müqaviləni onun adına rəsmiləşdirmişlər. Razılaşmaları da ondan ibarət olmuşdur ki, su filtri atasınin yaşadığı mənzilə quraşdırıldıqdan sonra həmin güzəştli əsaslarla ödəniş etməyə başlayacaqlar. Bu səbəbdən də su filtri quraşdırılmadan öz qutusundan çıxarılmadan onlara təhvil verilmişdir. Lakin, bir müddət keçdikdən sonra iddiaçı tərəfin əməkdaşı zəng edərək bildirmişdir ki, müqavilə atasının adına deyil, onun adına bağlandığı üçün onlar ğdənişləri güzəştli şərtlərlə edə bilməyəcəklər. Bundan sonra həmin şərtlərin onlara sərf ömədiyini və su filtrini gəlib aparmalarını əməkdaşdan xahiş etmişlər. Bir müddət sonra şirkətin əməkdaşları atasının evinə gələrək öz qutusunda olan və heç vaxt istifadə etmədikləri su filtrini heç bir akt tərtib etmədən aparmışlar və bundan üç ilə yaxın müddət keçdikdən sonra iddiaçının onun adına ünvanladığı bildirişdə qeyd edilmişdir ki, su filtrinin ödənişlərini edilmədilyindən məhkəməyə veriləcəkdir. Üzləşdiyi bu problemi və göstərdiklərini atası, kənd icra nümayəndəsi və qonşuları şahid olaraq məhkəmədə təsdiq edə bilərlər. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid X3 ifadəsində göstərdi ki, şəhid atası olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir və hal-hazırda da Saatlı rayonunun Potubəyli kəndində yaşayır. Təxminən üç il bundan əvvəl tanımadığı şəxslər onun yaşadığı evin həyətinə gələrək su filtri satdıqlarını bildirmiş, o isə şəhid atası olduğunu, satdıqları malın ona lazım olmadığını desə də həmin şəxslər israrla demişlər ki, siz razılıq verin, həmin malı şəhid ailəsi olduğunuz üçün sizə sərfəli şərtlərlə satacağıq. Bundan sonra həmin şəxslər onunla eyni həyətdə yaşayan oğlu Kərəmlə birlikdə yaşadığı evə keçmişlər, orada oğlu Kərəmin adına müqavilə bağlamışlar, güzəştli ödəniş şərtləri təsdiq edildikdən sonra su filtrini evinə quraşdıracaqlarına razılaşmışlar. Həmin vaxt su filtri qutusundan çıxarılmadan ona təhvil verilmiş, sonra isə həmin şəxslər çıxıb getmişlər. Daha sonra iddiaçının əməkdaşı zəng edərək bildirmişdir ki, müqavilə onun deyil, oğlu Kərəmin adına olduğu üçün və şəhidin qardaşı isə şəhid ailəsi hesab edilmədiyindən şəhid ailəsi kimi su filtrinin ödənişində ona güzəşt edilməyəcəkdir. Bu səbəbdən də o, qutusunda qalan su filtirni gəlib aparmalarını və almaq istmədiklərini bildirmiş, əməkdaş isə gəlib götürəcəklərini demiş, bir neçə gün sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iki nəfər əməkdaşı axşam vaxtı gəldikləri qara rəngli maşına atası Vaqif Əmiraslanovun evindən su filtrini qutusu ilə birlikdə götürüb maşına qoyaraq aparmışlar. Bundan sonra onların arasında heç bir danışıq olmamış, amma bu ilin mart ayında iddiaçı tərəfin ünvanladığı məktubda su filtirinin pulunun ödənməməsinə görə oğlu Kərəmi məhkəməyə veriləcəyi göstərilmiş və hazırda da həmin tələblə məhkəmədə iddia qaldırmışlar. Məhkəmə iclası zamanı şahid X7 ifadəsində göstərdi ki, Cavabdeh və onun atası X2 tanıyır. Onlar həmkəndli olmaqla qonşudurlar. İki-üç il bundan əvvəl "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin su filtrləri satan əməkdaşları qonşusu Vaqif Əmiraslanovun həyətinə gələrək su filtirinin alqı-satqısı barədə Vaqiflə razılaşmışlar, lakin müqaviləni Vaqifin oğlu Kərəmin adına rəsmiləşdirmişlər. Buna baxmayaraq malın dəyərində şəhid ailəsi kimi Vaqifə güzəşt etmədikləri üçün Vaqif də su filtirinin evinə quraşdırılmadan aparılmasını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb etmişdir. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iki nəfər əməkdaşı axşam vaxtı gəldikləri qara rəngli maşına Vaqif Əmiraslanovun evindən su filtrini qutusu ilə birlikdə götürüb maşına qoyaraq aparmalarını bir qonşu kimi görmüşdür. Məhkəmə iclası zamanı şahid X6 ifadəsində göstərdi ki, Cavabdeh və onun atası X2 tanıyır, qohum deyillər, amma yaxın qonşusudurlar. Bir qonşu kimi şahidi olmuşdur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları su filtrini qonşusu və şəhid atası olan Vaqifin evindən götürərək gəldikləri qara rəngli maşına yükləyib özləri ilə aparmışlar. Ona görə də şahid olaraq təsdiq edir ki, Cavabdeh tələb edilən su filtiri iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iki nəfər əməkdaşı tərəfindən iki-üç il bundan əvvəl X1 evindən götürülərək aparmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 mart 2023-cü il tarixli, KG- BM10/2023 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 50 manat ilkin ödəniş etməklə 24 ay müddətinə (23 ay 66 manat, 1 ay 122 manat) ödəmək şərti ilə ümumi nisyə məbləği 1690 manat olan su təmizləyici sisteminin və onun aksesuarlarının alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 mart 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 1690 manat dəyərində olan “İKtech” markalı Su təmizləyici sistemini və onun ayrılmaz tərkib hissəsi olan aksesuarları iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən təhvil almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Potubəyli kənd icra nümayəndəsi Rafiq Mehdiyevin kənd sakinləri Cavabdeh, İlqar Səmidovun, Samid Məmişovun, Marif Cəfərovun, Orucəli Kazımovun, Ramiz Yusifovun, Adlgözəl İsgəndərovun imzaları və kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş 12 iyun 2025-ci il tarixli aktdan görünür ki, bu aktın imza edən şəxlər aktın doğruluğunu təsdiq edərək göstərmişlər ki, həqiqətən də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin su filtrləri satan əməkdaşları Vaqif Əmiraslanovun həyətində öz məhsulları haqqında məlumat verərək şəhid ailəsi olduğundan həmin satdıqları su filtrini güzəştli şərtlərlə ona satacaqlarını demişlər, Vaqif Əmiraslanov əvvəl razılaşmamış, amma şirkətin əməkdaşları israrla onu razılaşdırmış və Vaqifin evində su filtrinin alınması ilə bağlı müqavilə bağlamaq istəyərkən, Vaqifin şəxsiyyət vəsiqəsi evdə tapılmadığından müqaviləni onun oğlu Cavabdeh adına rəsmiləşdirmişlər. Həmin vaxt Vaqif Əmiraslanovla əməkdaşlar arasında razılaşma olmuşdur ki, su filtri yaşadığı evə quraşdırıldıqdan sonra dedikləri kimi güzəştli əsaslarla ödəniş edəcəkdir. Bu səbəbdən də əməkdaşlar su filtrini quraşdırılmadan, yəni öz qutusundan çıxarmadan Vaqif Əmiraslanova təhvil vermiş və sonra çıxıb getmişlər. Daha sonra iddiaçı tərəfin əməkdaşı zəng edərək bildirmişdir ki, müqavilə Vaqif Əmiraslanovun deyil, oğlu Cavabdeh adına bağlandığı üçün ödənişin güzəştli şərtlərlə edilməsi mümkün deyildir. Həmin vaxt Vaqif Əmiraslanov malın dəyərinin yüksək olduğunu, malın dəyərinin ona sərf etmədiyini və su filtrini gəlib aparmalarını demişdir. Məhkəmə cavabdehi və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və şahid ifadələri ilə müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 mart 2023-cü il tarixli, KG-BM10/2023 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ilkin ödəniş olaraq 50 manat ödəməklə iddiaçıdan 1690 manat dəyərində “İKtech” markalı Su təmizləyici sistemini və onun ayrılmaz tərkib hissəsi olan aksesuarları təhvil almış, lakin həmin vaxt satıclarla aralarında razılaşma olmuşdur ki, şəhid ailəsi olaraq malın qiymətinin ödənilməsində ona güzəşt edilsin. Lakin, iddiaçı tərəf malın qiymətinin azaldılmasından imtina etdiyindən cavabdeh də müqavilədən imtina edərək iddiaçıdan təhvil verilmiş və istifadə edilmədən qutusunda olan su filtrini geri götürmələri xahiş etmişdir. Bundan sonra iddiaçının əməkdaşları tərəfindən su filtri və onun aksesuarları götürülərək aparılmışdır. Məhkəmə baxışı zamanı bu hal şahidlərin ifadələri ilə də təsdiq olunmuşdur. Buradan da görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı məhsulu geri qaytardığı və həmin məhsul iddiaçı tərəfindən qəbul edildiyi üçün iddiaçı həmin məhsula görə borcu cavabdehdən tələb etməyə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə üzrə 1690 manat əsas borc və 270,4 manat cərimənin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 10 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin olunmadığından məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40,01 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə üzrə 1690 manat əsas borc və 270,4 manat cərimə, cəmi 1960 (bir min doqquz yüz altımış) manat 40 (qırx) qəpik Cavabdeh alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40 (qırx) manat (01) qəpik dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-737/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-737/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver