Məhkəmə qərarları › İş №e-2(055)-759/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-759/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-759/2024 13.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2149,92 manat əsas borc, 214,08 manat cərimə, cəmi 2364 manat borc və 43,64 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə iddia icraatında baxılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********51794 İPHONE 13 markalı telefon, VİNİL ŞƏFFAF almış və nəticədə 2364 (iki min üç yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2149.92 (iki min yüz qırx doqqquz manat doxsan iki qəpik) manat (yəni 12 ay x 179.16 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********51794 İPHONE 13 markalı telefon, VİNİL ŞƏFFAF üçün ümumilikdə, 2364 (İki min üç yüz altmış dörd) manat olmaqla ondan 2149.92 (iki min yüz qırx doqqquz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 214.08 (iki yüz on dörd manat səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, o, telefon aldıqdan 3 gündən sonra telefonda problem olduğunu görmüşdür. Bununla bağlı mağazaya zəng etmiş və telefonu geri qaytaracağını bildirmişdir. Sonra altıncı bazar gününə düşdüyündən telefonu mağazaya apara bilməmişdir. Həftənin birinci günü telefonu aparıb mağazaya geri vermişdir. Mağaza telefonu servislərinə göndərib orda yoxlatdıqdan sonra ona zəng edib bildirmişlər ki, telefonda nasazlıq yoxdur, ya gəlib telefonu təhvil götürün, ya da geri qaytarmaq istəyirsinizsə telefonun 20 faizi dəyərində ödəniş etməlisiniz. O da ödəniş etmiyəcəyini demişdir. Sonda iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 179,16 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2149,92 manat olan, bir ədəd “İPHONE 13” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 20 may 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2149,92 manat əsas borc, 214,08 manat cərimə, ümumilikdə ödənilməmiş 2364 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 179,16 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2149,92 manat olan, bir ədəd “İPHONE 13” markalı telefon almışdır. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü ödəliyi tam yerinə yetirməmiş və iddiaçıya ödənilməmiş qalan 2149,92 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 214,08 manat cərimə hesablanmışdır. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2149,92 manat əsas borc, 214,08 manat cərimə, cəmi 2364 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 2149,92 manat əsas borc, 214,08 manat cərimə, cəmi 2364 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Cavabdehin iddiaya şifahi etirazında qeyd etdiyi faktlarla bağlı məhkəmə araşdırması zamanı verilmiş sorğuya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 17882 nömrəli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində alınmış “İphone 13, 128GB, Seria No**********51794” cihazda müştəri tərəfindən iddia edilən qüsurların olması səbəbindən xx.xx.2023-cü il tarixində servisə təqdim olunmuşdur. Servis tərəfindən cihaz diaqnostika olunmuş, cihazda problem aşkar olunmamışdır. Lakin müştəri Cavabdeh məhsulu geri götürməkdən imtina etmişdir. Müştəriyə məhsulun 20% tutulma ilə qaytarıla biləcəyini bildirsələr də, o, verilən qərarla razılaşmamışdır. Məhsul müştəri tərəfindən istənilən zaman geri götürülə bilər, məhsul işlək vəziyyətdədir. Məktuba əlavə edilmiş İSpace şirkətinin xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, mobil telefon diaqnostika olundu. Cihazda problem aşkar olunmadı. İtunes vasitəs ilə format olunmağı məsləhət görülür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 17882 nömrəli cavab məktubuna əlavə olaraq xx.xx.2024-cü il tarixdə verdiyi 19219 nömrəli məktubda göstərilmişdir ki, Cihaz rəydə göstərilən iTunes vasitəsilə format olunmalıdır, belə ki, bu, göstərilən cihazın tez-tez “yenilənməsi” üçün vacibdir. Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən məhsulu o halda dəyişdirmək olar ki, mal istifadə olunmasın, onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ona mal ilə birlikdə verilmiş digər sənədlər saxlanılsın. Qeyd etmək lazımdır ki, İphone 13 markalı (Seriya №**********51794) cihaza İmei kod açılmışdır, vinil üzlük vurulmuşdur. Bu isə əmtəə formasının pozulması deməkdir. Cihaz qaytarılarsa, gələcəkdə onun ikinci əl satışında göstərilən qiymətə satmaq mümkün olmayacaq. Belə ki, ikinci əl satışını qiymətləndirmək üçün ən azı ilkin qiymətin 20%-nə qədər güzəşt olunur. Həmin fərqi qarşılamaq ilkin alıcıdan tələb olunur. Mülki iş üzrə araşdırma müəyyən olunmuşdur ki, cabvabdehin iddia etdiyi kimi iddiaçı tərəfindən satılmış malda hər hansı qüsur aşkar olunmamışdır. Bu hal İSpace şirkətinin verdiyi xx.xx.2023-cü il tarixli rəylə də təsdiq olunur. Cavabdeh tərəfindən isə mobil telefonda qüsur olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2149,92 manat əsas borc, 214,08 manat cərimə, cəmi 2364 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 43,64 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 43,64 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2149,92 manat əsas borc, 214,08 manat cərimə, cəmi 2364 manat borc və ödənilmiş 43,64 manat dövlət rüsumu, ümumilikdə 2407,64 (iki min dörd yüz yeddi manat altımış dörd qəpik) manat alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar