Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-83/2025 10.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 4942 manat məbləğində pul vəsaitinin və 70 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 25 dekabr 2020-ci il tarixdə saat 19:45-də Bakı şəhəri, Y.Səfərov küçəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış, Cavabdeh1 məxsus “Opel Vectra minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Mercedes Benz S350 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, “Khazar LX minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi L200 minik” markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktlarında göstərilmişdir ki, “Mitsubishi L200 minik” markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 2020,24 (iki min iyirmi manat iyirmi dörd qəpik) manat, “Mercedes Benz S350 minik” markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 863,00 (səkkiz yüz altmış üç) manat, “Khazar LX minik” markalı, **-PH-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 5737,46 (beş min yeddi yüz otuz yeddi manat qırx altı qəpik) manat təşkil edir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı proposianallıq nəzərə alınmaqla "xxxx" ASC tərəfindən iş üzrə PXA156908/23, PXA156909/23 və PXA156910/23 saylı sığorta akt(lar)ı tərtib edilməklə zərərçəkən(lər)ə dəymiş zərərə görə 4942,00 (dörd min doqquz yüz qırx iki) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4942 manat məbləğində pul vəsaitinin və 70 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təyin olunmuş məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o 2018-ci ildə özünə məxsus “Opel Vectra minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə ilə Cavabdeh2 satmışdır. 2019-cu ildə Cavabdeh2 yenidən ona zəng edərək müvəqqəti etibarnamə verməsini xahiş etmiş, o da yenə etibarnamə vermiş və avtomobili öz adına rəsimləşdirməyi Cavabdeh2 xahiş etmişdir. Bundan sonra, 2021-ci ildə Cavabdeh2 yenidən ona zəng edərək etibarnamə verməyini xahiş edərək avtomobili adına keçirəcəyinə söz vermişdir. O yenə də, Cavabdeh2 dediyi şəxsin adına etibarnamə vermişdir. O sonradan bilmişdir ki, avtomobil başqa bir qadının adına keçirilmişdir. Onun qəzadan ümumiyyətlə xəbəri olmamış, heç bir sığorta şirkəti onunla əlaqə saxlamamış, 2018-ci ildən sonra həmin avtomobili görməmişdir. Məhkəmədən bildiriş gəldikdə bu barədə məlumatı olmuşdur. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə Cavabdeh2 və onun nümayəndəsi Nümayəndə2 məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi”ndən görünür ki, “Opel Vectra” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 iyun 2020-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh2 25 dekabr 2020-ci il tarixdə “Opel Vectra” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Masazır kəndi, Ə.Vahid küçəsində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1, yol nəqliyyat hadisəsi baş verdiyi anda sürücü Cavabdeh2 olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş inzibati tənbeh vermə haqqında 25 dekabr 2020-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh2 “Opel Vectra” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 25 dekabr 2020-ci il tarixdə inzibati xəta törətdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 sürücülük vəsiqəsi olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Vectra” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh1 məxsusdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş qiymətləndirmə aktından görünür ki, zədələnmiş “Mitsubishi L200 minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ehtiyat hissələrinin təmirinə ümumilikdə 2020.24 manat xərclənmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş qiymətləndirmə aktından görünür ki, zədələnmiş “Khazar LX minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ehtiyat hissələrinin təmirinə ümumilikdə 5737.46 manat xərclənmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş qiymətləndirmə aktından görünür ki, zədələnmiş “Mercedes Benz S350 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ehtiyat hissələrinin təmirinə ümumilikdə 863 manat xərclənmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş PXA********** saylı sığorta aktından və 15 yanvar 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Mitsubishi L200 minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə ümumilikdə 1113.74 manat pul ödəmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş PXA********** saylı sığorta aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Khazar LX minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə ümumilikdə 3327.72 manat pul ödəmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş PXA********** saylı sığorta aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Mercedes Benz S350 minik” markalı, **-AA- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə ümumilikdə 500.54 manat pul ödəmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 dekabr 2020-ci il tarixli xx/xx- 1344 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 ünvanladığı məktubdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 bildirilmişdir ki, Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Opel Vectra” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes Benz S350 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, “Khazar LX minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi L200 minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilərlə toqquşması nəticəsində sonuncuya maddi ziyan dəymişdir. Zərərin aradan qaldırılması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 4942 manat sığorta ödənişi həyata keçirilmişdir və bu sığorta ödənişinin məbləğini Cavabdeh2 tələb etmək hüququ yaranmışdır. Cavabdeh2 7 iş günü ərzində vurulmuş zərəri ödəmədiyi təqdirdə müvafiq məhkəmə orqanına müraciət edəcəkləri barədə xəbərdarlıq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 03 iyun 2018-ci il tarixli qüvvədən düşmüş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 X3 “Opel Vectra minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair baş etibarnamə vermişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 12 mart 2019-cu il tarixli qüvvədən düşmüş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 X5 “Opel Vectra minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsini sürmək üçün etibarnamə vermişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 31 mart 2021-ci il tarixli qüvvədən düşmüş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 X6 “Opel Vectra minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair baş etibarnamə vermişdir. Məhkəmə Cavabdeh1 dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk növbədə cavabdehin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verərək bildirir ki, iddia tələbi mahiyyət etibari ilə müqavilə öhdəliyindən irəli gəlmir və müqavilə şərtləri ilə bağlı deyildir. Subroqasiya qaydasında pul tələb edilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1 və 373.2-ci maddələrinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırki iddia tələbi subroqasiya qaydasında pul tələb edilməsi ilə bağlı olduğundan, yəni müqavilə tələbləri üzrə işlər kateqoriyasına aid olmadığından ümumi iddia müddəti tətbiq edilə bilərdi ki, həmin müddət də ötməmişdir. Ona görə də, cavabdehin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddia ərizəsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti subroqasiya tələbinin faktiki əsası kimi Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Məhkəmə vurğulayır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması, yaxud etibarnamənin müddətinin bitməsi meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtib etməsi tələb olunmur. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə ziddir. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi anlamına gəlmədiyindən, əsas şərtin sürücülük vəsiqəsinin olması olduğu, hazırki işdə də cavabdehlərin avtomobil idarə etməyə dair sürücülük hüquqlarının olmasından və nəticədə bu halın da sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri mövcud olmadığından iddiaçının subroqasiya hüququ yarana bilməz. Məhkəmə iddianın avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 oğuna aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının subroqasiya hüququ yaranardısa belə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaya cavab verməli şəxs olaraq Cavabdeh1 göstərməməli idi. Belə ki, avtomobilin mülkiyyətçisi (qanuni sahib), yəni Cavabdeh1 oğu qanuni əsaslarla, yəni etibarnamə ilə rəsmi olaraq avtomobili vermişdir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, hazirki avtomobil formal olaraq Cavabdeh1 oğunun mülkiyyətində olmuş, faktiki olaraq onun həmin avtomobil üzərində sərəncam vermək hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 4942 manat məbləğində verilmiş sığorta ödənişinin və 70 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə tutulmasına dair iddiası əsassız olduğundan təmin edilməməlidir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-83/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-83/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver