Məhkəmə qərarları › İş №e-2(056)-1130/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1130/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1130/2025 01.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 aprel 2022-ci il il tarixli “Nisyə alqı- satqı” müqaviləsinə əsasən 1590 manat gecikdirilmiş borcun, 254.40 manat cərimənin və ödənilmiş 38.95 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 16 aprel 2022-ci il tarixdə Kazimoff markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqısatqı” müqaviləsi (Müqavilə) bağlanmışdır. Həmin Müqaviləyə əsasən İddiaçı MMC, ümumi dəyəri 1690 manat olan həmin mah cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada - ödəniş cədvəlinə uyğun, “Malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, Müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borclarını ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1590 manat, cərimə üzrə 254.40 manat borcu vardır. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə elektron qaydada imzalanmış ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini tələblərinə istinad edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, su təmizləyici avadanlığı satın alanda iddiaçı təşkilatın nümayəndələri ona bildirmişdilər ki, əgər qurğu xoşuna gəlməsə 14 gün ərzində qaytara bilər. Deyilən vaxtdan da tez qurğu işləmədiyi üçün o, iddiaçıya qurğunu qaytarmaq üçün şifahi formada müraciət etmiş, lakin onlar qurğunu geri təhvil götürmədilər. Hazırda da həmin qurğu qeyri-işlək vəziyyətdə onun evindədir. O, yenə də həmin qurğunu qaytarmağa hazırdır. İşlətmədiyi qurğuya görə haqq ödəməsi haqsızlıq olar. Ona görə də o, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə, cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KG- SA17/2022 №li X2 və ödəniş cədvəlindən görünür ki, sonuncu, aldığı Su təmizləyici sisteminə görə 24 ay ödəniş cədvəli üzrə hər ay 66 manat olmaqla, cəmi 1690 manat ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KG-SA17/2022 №li X5 üzrə ödənilməmiş əsas qalıq borc 1590, hesablanmış cərimə borcu isə 254,40 manat təşkil edir. Sözügedən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KG-SA17/2022 №li X3 mahiyyəti və onun əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KG-SA17/2022 №li X4 ödənişin hissə-hissə həyata keçirilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu kontekstdə müəyyənləşdirir. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, KG-SA17/2022 №li X5 bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə işin araşdırılmış hallarına və sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh X5 əsasında iddiaçı təşkilat İddiaçı MMC-dən aldığı avadanlığın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini tam yerinə yetirməmişdir, nəticədə cavabdehin ödənilməmiş 1590 manat əsas qalıq borcu yaranmışdır. Ona görə də, iddiaçı təşkilat İddiaçı MMC-nin Cavabdeh yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Cavabdehin qurğunu qaytarmaqla bağlı şifahi iddiaçıya müraciət etmiş olmasına, lakin qurğunun təhil alınmamasına və qeyri-işlək qurğuya görə pul ödəməli olmamasına dair iddiaya etirazına münasibətdə bildirilməlidir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, KG-SA17/2022 №li X3 6.2-ci bəndinə əsasən, alıcı malı aldığı gündən 14 gün ərzində geri qaytarmaq istədikdə, bu barədə Satıcıya rəsmi ərizə ilə müraciət etməlidir. Cavabdehin də məhkəmə iclasında bildirdiklərindən göründüyü kimi, o, iddiaçı təşkilata malı qaytarmaq istəyi ilə bağlı rəsmi ərizə ilə müraciət etməmiş, bununla da o, özü müqavilə şərtlərinə uyğun davranmamışdır. Müqavilə şərtlərinə uyğun davranılmamasının məsuliyyəti isə iddiaçıya aid edilə və iddiaçının əsassız hesab edilməsinə səbəb hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 254,40 manat cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə alqı-satqı müqaviləsindən irəli gələn əsas borcun 1590 manat məbləğində olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 254,40 cərimə (dəbbə) məbləği tənasübsüz surətdə yüksəkdir və həmin dəbbə pulunun azaldılaraq 20 manat müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədəuyğundur. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 38,85 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın qismən təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 38,85 manat dövlət rüsumunun əvəzi olaraq 25 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KG-SA17/2022 saylı alqı-satqı müqaviləsindən yaranmış 1590 manat əsas borc və 20 manat cərimə borcu və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 25 manat olmaqla, cəmi 1635 (bir min altı yüz otuz beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar