Məhkəmə qərarları › İş №e-2(056)-1189/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1189/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1189/2025 18.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 501,57 manat əsas borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Sabirabad filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, 14/21-112 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh 4,2 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 6077,05 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 88 manat məbləğində çöp doğrama, 722 manat məbləğində 1-ci şum, 272 manat məbləğində mala, 155,40 manat məbləğində çiyid səpini, 624 manat məbləğində kultivasiya, 32 manat məbləğində boroza, 156 manat məbləğində dərman səpini, 450 manat məbləğində kombaynla 1-ci üz pambıq yığımı, 729 manat məbləğində kombaynla 2-ci üz pambıq yığımı, 1057,85 manat məbləğində gübrə/dərman, 524,80 manat məbləğində çiyid toxumu, avans olaraq alaq təmizləmə, suvarmaya 1266 manat, cəmi 6077,05 manat məbləğində işlər görülmüş, avans verilmiş və xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 4814,94 manat məbləği dəyərində 6965,22 kq xan-pambıq təhvil vermiş,760,54 subsidiyadan ödənilmiş, bununla iddiaçıya 501,57 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilmiş iş və xidmətlərin görülməsi barədə xx.xx.2022-ci il tarixli akt (üzləşmə aktı), qaimə, ödəniş tapşırıqları və digər sənədlərlə təsdiq olunur. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan xam-pambığın istehsalı və alqı-satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə hüquq və vəzifələrini tənzimləyən İddiaçı MMC ilə Cavabdeh (pambıq istehsalçısı adından) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kitərəfli Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, həmin Müqaviləyə əsasən Cavabdeh 4,2 hektar torpaq sahəsində pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Qaimə-Faktura, aktlar və arayışlardan görünür ki, istinad olunan mövsüm üzrə xam-pambığın istehsalına dair ikitərəfli Alqı-Satqı Müqaviləsi əsasında Cavabdeh tərəfindən 4,2 hektar torpaq sahəsində pambıq əkməsi və xam-pambıq məhsulu istehsal edib satması üçün İddiaçı MMC tərəfindən Cavabdeh göstərilmiş avans xidmətlərin (şumlama, mala, toxum, səpin, kultivasiya, əvvəlcədən verilmiş pul vəsaiti və digər x.) ümumilikdə dəyəri 6077,05 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mövsüm üzrə xam-pambığın istehsalı və alqı-satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə hüquq və vəzifələrini tənzimləyən İddiaçı MMC ilə Cavabdeh (Pambıq istehsalçısı adından) arasında bağlanmış xx.xx.2021-ci il tarixli ikitərəfli Müqaviləyə əsasən Cavabdeh 4,2 hektar torpaq sahəsində pambıq əkməyi və xam-pambıq məhsulu istehsal edib İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüş, Müqavilənin digər tərəfi olan İddiaçı MMC isə Cavabdeh xam-pambıq məhsulu istehsal etməsi üçün ona 6077,05 manat məbləğində avans xidmətlər (şumlama, mala, toxum, səpin, kultivasiya, əvvəlcədən verilmiş pul vəsaiti və digər x.) göstərmiş, Cavabdeh göstərilən avans xidmətlərin əvəzini nağd və ya tədarük mövsümü vaxtı xam-pambıq verməklə qaytarılmasını üzərinə götürsə də, götürdüyü öhdəliyi tam və lazımı qaydada yerinə yetirməmiş, nəticədə İddiaçı MMC-yə 501,57 manat məbləğində borcu yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh (Pambıq istehsalçısı) arasında qanunla müəyyən edilmiş qaydada xx.xx.2021-ci il tarixli ikitərəfli Müqavilə bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən onların həmin müqavilədən irəli gələn öhdəlikləri yaranmış, iddiaçı təşkilat tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC tərəfindən ona göstərilmiş avans xidmətlərin (şumlama, mala, toxum, səpin, kultivasiya, əvvəlcədən verilmiş pul vəsaiti və digər x.) 6077,05 manat məbləğində əvəzini nağd formada və ya xam-pambıq məhsulu istehsal edib İddiaçı MMC-yə satmaqla qaytarmaq öhdəliyini götürsə də, üzərinə götürdüyü öhdəliyi tam və lazımı qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı təşkilat olan İddiaçı MMC-yə 501,57 manat borcu yaranmışdır. Ona görə də, iddia təmin edilməli, Cavabdeh 501,57 manat pul vəsaiti alınıb iddiaçı təşkilat İddiaçı MMC-yə verilməlidir. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələblərinin məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi də təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi tam təmin olduğu halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284- 3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən yaranmış 501,57 manat əsas borc və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 531,57 (beş yüz otuz bir manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «P- Aqro” MMC-yə ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar