Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1545/2025 22.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» barədə kiçik iddia ərizəsinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun ödənilməsi» barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 807,56 (səkkiz yüz yeddi manat, 55 qəpik) manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 20 saylı mövsüm üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1,89 ha sahədə pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 1451,56 manat dəyərində zəruri vəsaitlər vermiş, müxtəlif aqrotexniki xidmətlər göstərmişdir. Müqavilənin 2.2.2-ci bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən 2024-cü ildə 644 manat dəyərində 805 kq xam-pambıq təhvli verilmişdir.Nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 807,56 manat əsas borcu yaranmışdır.Pretenziya qaydasında məsələnin həll edilməsi nəticəsiz qaldığından, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə kiçik iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 20 saylı mövsüm üzrə xampambığın alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 1,89 ha sahədə pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüş, iddiaçı tərəfindən cavabdehə 1451,56 manat məbləğində avans vəsaitlər( nağd vəsait, toxumluq çiyid və.s) verilmişdir. İş materiallarında olan hesablaşma arayışından görünür ki, 20 saylı müqavilə üzrə Cavabdeh "xxxx" MMC-yə 807,56 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdehna bildiriş göndərilərək borcunun tam ödənilməsi təklif olunmuşdur, əks halda aiddiyyatı üzrə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı borc tələbi üzrə iddia qaldırılmasına görə 30 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunan müqavilədən görünür ki, cavabdeh bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri üzərinə götürmüş, lakin götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 20 saylı müqavilə üzrə 807,56 manat əsas borc tutulub iddiaçı “Taşobası» MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 20 saylı müqavilə üzrə 807,56 (səkkiz yüz yeddi manat, 56 qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(056)-1545/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1545/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver