Məhkəmə qərarları › İş №e-2(056)-1555/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1555/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1555/2023 25.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Abdullayevin sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ ilə pul tələbinin təmin edilməsi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya hüququ ilə pul tələbinin təmin edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 90 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 120 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** №-li "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən KİA CEED minik markalı 77DB493 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-cı il tarixində Bakı şəhəri ərazisində **-LN-*** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqnda iş üzrə araşdırma aparmış, hadisəni törədən sürücü (cavabdeh) X3 barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmış və AR İXM-nin 327.6-cı və 327.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. Nissan Sunny markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 90 (doxsan) manat ödənişi verilmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçıları dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli PAZ********** №-li "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" şəhadətnaməsi üzrə Cavabdeh tərəfindən idarə edilən KİA CEED minik markalı 77DB493 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan Yasalama RPİ-nin DYPŞ tərəfindən xx.xx.2022-ci ıl tarixində İXP4596651 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Yasamala DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ödəniş qəbzinə əsasən əsasən hadisə nəticəsində X1 90 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən KİA CEED minik markalı 77DB493 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-cı il tarixində Bakı şəhəri ərazisində **-LN-*** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqnda iş üzrə araşdırma aparmış, hadisəni törədən sürücü (cavabdeh) X3 barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmış və AR İXM-nin 327.6-cı və 327.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. Nissan Sunny markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 90 (doxsan) manat sığorta ödənişi verilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Qanunun 25.1.8-ci mad. əsasən digər hallarla yanaşı həmçinin bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəymiş maddi ziyanı sığorta şəhadətnaməsinə müvafiq məbləğdə ödəmiş, ona görə də o, haqlı olaraq həmin sığorta ödənişinin əvəzinin subroqasiya qaydasında sığorta hadisəsi yerindən yayınmış Cavabdeh tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi tam təmin olunduğundan iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 90 manat məbləğində vurulmuş zərər və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar