Məhkəmə qərarları › İş №e-2(056)-1574/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1574/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1574/2025 24.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «Borcun tutulması tələbinə dair» kiçik iddiaya dair işə Sabirabad rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «Borcun tutulması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 11329 manat 64 qəpik, və ödənilmiş dövlət rüsumuna görə 123 manat 99 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC və cCavabdeh arasında bağlanmış 96 saylı xx.xx.2024-cü il tarixli 2024-cü il mövsümü üzrə xam-pambığın alqısatqı müqaviləsinə əsəsən cavabdeh 22,95 hektar sahədə pambıq əkməyi və istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 30581,64 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.2.2-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədi yi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçya 2024-cü ildə 19252 manat dəyərində 24065 kq pambıq təhvil vermişdir. Nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə İddiaçıya 11329,64 manat əsas borcu yaranmışdır. Cavabdeh tərəfindən İddiaçının pretenziyasına cavab verilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, öhdəsinə düşəni və gücü çatanı etmişdir. Lakin qeyri-sabit hava şəraiti ucbatından istədiyi xam pambığı əldə edə bilməmişdir. Həqiqətən də onun iddiaçı "xxxx" MMC-yə borcu vardır və etiraf edir. O, şirkətlə razılıq əldə etməyə çalışmışdır ki, yenidən müqavilə bağlayıb əkin əkib borcunu qaytarsın. Lakin şirkət onunla razılığa gəlməmişdir. Şirkət həqiqətən müqavilə üzrə xidmətləri göstərmiş və bundan başqa alaq üçün 1000 manat ödəniş belə etmişdir. Yağış yağandan sonra torpağı şumlamaq olmamışdır. O, mal-qarasını satıb onun yerini əkib-biçib becərib 7000 manat əldə edib şirkətə vermişdir. Lakin öz yerini əkə bilməmiş və xeyli ziyana getmişdir. Özü hazırda 220 manat yaşa görə pensiya alır və həmin pensiyadan tutulmasını istəyir. Hazırda iddianı tam şəkildə qəbul edir. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 96 saylı «xam-pambığın alqı-satqısına dair» müqavilədən görünür ki, tərəflər arasında bağlanmış göstərilən müqaviləyə əsasən cavabdeh 22,95 hektar sahədə pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Qiymətlərin razılaşdırılması barədə xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, iddiaçı ilə cavabdeh hər hektara görə göstəriləcək xidmətlərin qiymətləndirilməsini razılaşdırmışlar. İş materiallarına əlavə edilmiş akt və qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 30581,64 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 96 saylı müqaviləyə əsasən cavabdeh 22,95 hektar sahədə pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə ümumilikdə 30581,64 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və iddiaçıya borcu yaranmışdır. İddiaçı tərəf iddianı müdafiə edir və təmin olunmasını xahiş edir. Cavabdeh isə iddianı qəbul edir və təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş qalan 11329,64 manat pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və bu hissədə iddia tələbi tam əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınaraq iddia tələbi tam təmin edildiyi üçün tələb edilən dövlət rüsumunun əvəzi hissəsində də tam əsaslı hesab edilməli, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 123,99 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 11329,64 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi 123,99 manat olmaqla, cəmi 11453,63 (on bir min dörd yüz əlli üç manat altımış üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar