Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1622/2024 26.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ İddiaçı MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 5978 manat 47 qəpik, hesablanmış cəriməyə görə 998 manat 40 qəpik və ödənilmiş dövlət rüsumuna görə 89,70 manat olmaqla, cəmi 7066 manat 57 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin “MKT-Sabirabad” filialı və cavabdeh arasında bağlanmış 23 279 353 saylı 2023-cü il mövsümü üzrə xam-pambığm alqısatqı müqaviləsinə əsəsən, Cavabdeh 6,27 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, İddiaçı tərəfindən Cavabdehə avans olaraq ümumilikdə 5978,47 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı Cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə Cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə İddiaçıya 5978,47 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam-pambığm tədarükünü həyata keçirən müvafiq filialı ilə Cavabdeh arasında aparılan hesablaşma sənədləriqeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, Cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 998,40 manat təşkil edir. Cavabdeh tərəfindən İddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh Mülki Məcəllənin 425.1 və 385.1-ci maddələrinin tələblərini pozmuşdur. TƏRƏFLƏRİN İZAHATİ: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təkrar edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh məhkəməyə vermiş olduğu izahatında göstərmişdi ki, o, iddia tələbini əsas borc hissəsində tam qəbul edir, lakin iddiada göstərilən cərimə məbləğini şişirdilmiş hesab edir, iddianın cərimə hissəsində ona köməklik göstərilməsini və iddianın qalan hissədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: "xxxx" MMC-nin «MKT Sabirabad» filialı ilə Cavabdeh arasında 28 dekabr 2022-ci il tarixli, 23 279 353 saylı «2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair» müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ümumilikdə 5978,47 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk öncə iddia tələbinin əsas borc hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunudu ki, hazırkı iş üzrə İddiaçı MMC-nin «MKT Sabirabad» filialı ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2022-ci il tarixli, 23 279 353 saylı müqaviləyə əsasən cavabdeh 6,27 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 senter məhsul əldə etməklə xam pambıq məhsulu istehsal edib satmağı öhdəsinə götürmüş, lakin öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göstərilən normaların tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. İddia tələbinin cərimə borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göründüyü kimi iddiaçı tərəfindən müəyyən edilmiş cərimə borcu tənasübsüz surətdə yüksək həddə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin əmlak və əsaslı mənafeləri nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsaslanaraq cərimə məbləğinin 50 manat həddinədək azaldılması ədalətli olar. İddias tələbinni son hissəsi olan ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5978,47 manat əsas borc, 50 manat cərimə və ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi olmaqla, cəmi 6078,47 (altı min yetmiş səkkiz manat qırx yeddi qəpik) manat pul tutularaq iddiaçı "xxxx" MMC-ə verilsin. Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-1622/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1622/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver