Məhkəmə qərarları › İş №e-2(056)-2057/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2057/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2057/2025 30.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabirabad Rayon Məhkəməsi Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, 70 009 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehə 1 079 manat dəyərində “Tel.Samsung Galaxy A356 BLUE 6/128GB 5G, Samsung adapter 25W PD” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun dəyərinin 100 manat hissəsini ilkin ödəniş etməklə, borcun qalan hissəsini isə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 3.7-ci bəndinə əsasən, Alıcı ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində Satıcının xeyrinə cərimə ödəyir.

3. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 1 079 manat, ilkin ödəniş 100 manat, ilk aylıq ödəniş 77 manat, qalan 11 aylıq ödəniş 82 manat müəyyənləşdirilmişdir.

4. 30 aprel 2025-ci il tarixli maliyyə arayışı və ödəniş cədvəlinə əsasən borclu Cavabdeh 01 dekabr 2022-ci il tarixli, 70 009 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 30 aprel 2025-ci il tarixinə olan borcu 652 manat təşkil edir.

5. İddiaçı MMC tərəfindən borclu Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli bildiriş ilə müəyyən olunur ki, cavabdehin 01 dekabr 2022-ci il tarixli, 70 009 saylı nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 652 manat yaranmış borcu 3 iş günü müddətində ödəməyi təklif edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə qəbzi imzalamaqla həmin bildirişi qəbul etmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

6. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 dekabr 2022-ci il tarixli, 70 009 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 652 manat məbləğində pulun və 33,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddianın əsaslarına görə, cavabdeh ilə iddiaçı arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, 70 009 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, “Tel.Samsung Galaxy A356 BLUE 6/128GB 5G, Samsung adapter 25W PD” adlı mal alınmış və nəticədə 652 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1 079 manat olan “Tel.Samsung Galaxy A356 BLUE 6/128GB 5G, Samsung adapter 25W PD” adlı mal üçün ümumilikdə 652 manat ödənilməmiş borc yaranmışdır.

b) iddiaya etiraz

8. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

13. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

14. Belə ki, borcun əsası olan alqı-satqı müqaviləsi, müqaviləyə əlavə olan ödəniş cədvəli və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, 70 009 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh “Tel.Samsung Galaxy A356 BLUE 6/128GB 5G, Samsung adapter 25W PD” adlı mal almış, əşyanın qiyməti 1 079 manat, ilkin ödəniş 100 manat, ilk aylıq ödəniş 77 manat, qalan 11 aylıq ödəniş 82 manat olaraq razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir.

15. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 652 manat borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

16. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 33,40 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 652 manat məbləğində əsas borc və ödənilmiş 33,40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınnin xeyrinə ödənilsin Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar