Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2076/2025 04.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SN02/2021 nömrəli müqaviləyə əsasən, satıcı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 4.5-ci bəndinə əsasən, alıcı ödənişi ödəniş cədvəlində müəyyən edilmiş müddətdə ödəməsə, hər gecikdirilmiş gün üçün ödənilməli məbləğin 2%i miqdarında dəbbə pulu ödəyəcəkdir. Dəbbə pulunun ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin icrasından azad etmir.
3. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 1690 manat, ilkin ödəniş 50 manat olmaqla, müqavilənin müddəti 18 ay, aylıq ödəniş 88 manat müəyyənləşdirilmişdir.
4. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
5. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2021-ci il tarixli, SN02/2021 nömrəli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 1690 manat, ilkin ödəniş 50 manat olmaqla, aylıq 88 manat ödəmək şərti ilə 18 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 1640 manat, cərimə 262,40 manat təşkil edir.
6. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin 03 gün ərzində tam şəkildə ödənilməsi təklif olunmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
7. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, SN02/2021 nömrəli müqaviləyə əsasən, 1640 manat gecikdirilmiş borcun, 262,40 manat cərimənin və 39,43 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddianın əsaslarına görə, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SN02/2021 nömrəli müqaviləyə əsasən “KAZİMOFF” markalı su təmizləyici sistemi almış və nəticədə 1640 manat əsas borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə nisyə alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1690 manat olan əşya üçün ümumilikdə, 1640 manat ödənilməmiş hissə, 262,40 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 50 manat təşkil edir. Müqavilənin 2.4-cü bəndinə əsasən, ödənişin gecikməsinə görə borclu hər gecikdirilən gün üçün peniya ödəyəcəkdir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il tarixli, SN02/2021 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə olan dəfələrlə xəbərdarlıqlar, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
b) iddiaya etiraz
9. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
13. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
14. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
15. Belə ki, borcun əsası olan nisyə alqı-satqı müqaviləsi, müqaviləyə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktı və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SN02/2021 nömrəli müqaviləyə əsasən cavabdeh “KAZİMOFF” markalı su təmizləyici sistemi almış, əşyanın alqı-satqı qiyməti 1690 manat, ilkin ödəniş 50 manat olmaqla, aylıq 88 manat ödəmək şərti ilə 18 aylıq ödəniş müddəti olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.
16. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq xx.xx.2021-ci il tarixli, SN02/2021 nömrəli müqavilə üzrə 1640 manat borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
17. Həmçinin, iddiaçı tərəfindən müqavilə üzrə 262,40 manat cərimə borcu hesablanmışdır.
18. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.
19. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).
20. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2021-ci il tarixli, SN02/2021 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə hesablanmış 262,40 manat dəbbə pulunun məbləğinin azaldılaraq 90 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.
21. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 39,43 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan əsas borc, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, SN02/2021 nömrəli müqavilə üzrə 1640 manat əsas borc, 90 manat manat cərimə və ödənilmiş 39,43 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin . Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM : Cavid Cəfərov