Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2132/2025 05.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-333-AAE-22 nömrəli alğı-satqı müqaviləsinə əsasən, satıcı “Changan CS 75 PLUS” markalı, **-AG-*** d.q.n.-lı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2.5-ci bəndinə əsasən, “Alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
3. Müqavilənin 2.7-ci bəndinə əsasən, Azərbaycan manatının, bu Müqavilənin imzalandığı günə olan AR Mərkəzi Bankının məzənnəsinə nisbətən, ABŞ Dollarına qarşı məzənnəsinin hər 5% (beş) faiz həcmində aşağı düşməsi halında, Satıcı birtərəfli qaydada borc qalığını müvafiq şəkildə yeni məzənnəyə uyğun olaraq yenidən hesablamağa haqqlıdır. Bu halda Alıcı ödənişləri yenidən hesablanmış qrafik üzrə icra etməyə borcludur
4. Müqavilənin 3.2.3-cü bəndinə əsasən Zəmanət müddəti ərzində Alıcı Müqavilənin 1.1. bəndində göstərilən avtomobili Müqavilənin 5-ci bəndində göstərilən şərtlər daxilində məcburi texniki xidmətdən keçirməzsə Satıcının zəmanət öhdəliklərini dayandırmağa tam ixtiyarı çatır.
5. Müqavilənin 3.2.4-cü bəndinə əsasən Alıcı Avtomobili təhvil aldıqdan sonra, X3 vəsaiti hesabına Kasko siğorta etdirəcəkdir.
6. Müqavilənin 3.2.5-ci bəndinə əsasən a) Alıcının bu Müqavilə üzrə öhdəliklərini yeirnə yetirməsi üçün üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən Alıcı bu Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda, Avtomobil ,onun ani likvid dəyəri ilə Satıcı tərəfindən üçünçü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”-nın borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ “Alıcı”-nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini “Satıcı”-ya ödəməlidir. “Alıcı” bundan imtina etdiyi təqdirdə “Satıcı” Məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. b) Hazırki müqaviləyə istənilən əsaslarla xitam verilən zaman X1 və yaxud ödədiyi vəsaitlərin ona verilməsini tələb etmək hüququna malik deyil, bu zaman Satıcı yalnız Avtomobil, onun ani likvid dəyəri ilə Satıcı tərəfindən üçünçü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”-nın borcunu tam bağladıqda, yerdə qalan məbləği bu Müqavilənin 3.2.5-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş qaydada Alıcıya geri qaytarır. Bu məbləğ “Alıcı”-nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini “Satıcı”-ya ödəməlidir. “Alıcı” bundan imtina etdiyi təqdirdə “Satıcı” məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. d) Müqaviləyə xitam verildiyi təqdirdə, yuxarıda göstərilənlərdən başqa, Alıcıya hər hansı vəsait qaytarılmır.
7. Müqavilənin 3.2.6-cı bəndinə əsasən Müqavilənin digər şərtlərini, o cümlədən Satıcının Müqavilədə nəzərdə tutulan Müqaviləyə xitam vermək və ona dəyən zərərin əvəzini ödəmək hüquqlarını nəzərə almaq və bu hüquqlara xələl gətirməmək şərti ilə, yalnız Alıcı bu Müqavilədə nəzərdə tutulan öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda Satıcı, Alıcıya əvvəlcədən xəbərdarlıq etmədən Müqaviləyə xitam verə bilər və Avtomobilin Alıcını razılığı tələb olunmadan ondan geri alınması üçün bütün zəruri tədbirləri görə bilər. Məsələn: Avtomobilin evakuator ilə Satıcının təyin etdiyi yerə gətirilməsi və.s. X5 imzalamaqla, bu cür tədbirlərə görə Satıcıya əvvəlcədən razılıq verdiyini bəyan edir. Əhəmiyyətli pozuntu dedikdə, həmin pozuntunun nəticəsində aşağıdakı hallardan ən azı birinin baş verməsi və Satıcının Müqavilə üzrə marağının kəskin azalması və Müqavilənin müddətinin davam etməsi üçün marağının qalmaması başa düşülür: a) Alıcının bu Müqavilə və ya Azərbaycan Respublikası qanunvericiliyinə riayət etməməsi nəticəsində Satıcı üçün hər hansı cərimə, sanksiya və ya digər oxşar ödəniş öhdəliyinin və ya Müqavilənin ləğv edilməsi üçün əsasların yaranması və ya yaranma riskinin olması; b) Alıcının bu Müqavilə və ya Azərbaycan Respublikası qanunvericiliyinə riayət etməməsi nəticəsində Satıcı üçün hər hansı üçüncü şəxs qarşısında ödəniş öhdəliyinin yaranması və ya yaranma riskinin olması; c) Alıcı Müqavilə üzrə ödənişlərini tam və vaxtında ödəmədikdə və ya ödəməkdən boyun qaçırdıqda; d) Alıcının eyni öhdəliyini 2 (iki) dəfə və ya daha çox pozması; e) Alıcının öz öhdəliyini pozması ilə bağlı Satıcının Alıcıya etdiyi xəbərdarlıqda nəzərdə tutulan qaydada və müddətdə pozuntunu aradan qaldırmaması.
8. Müqavilənin 3.2.7-ci bəndinə əsasən Bu Müqaviləyə yuxarıda göstərilən əsaslarla(və ya onlardan biri ilə) vaxtından əvvəl xitam verildikdə Satıcı öz mülahizəsinə uyğun olaraq, Müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, Avtomobili geri götürmək, Avtomobili satışa çıxartmaq hüququna malikdir. Avtomobil satıldıqdan sonra satış məbləği “Alıcı”-nın borcunu tam bağladıqda yerdə qalan məbləğ Alıcıya qaytarılır. Bu məbləğ “Alıcı”-nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini “Satıcı”-ya ödəməlidir. “Alıcı” bundan imtina etdiyi təqdirdə “Satıcı” Məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir.
9. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 76345 manat, kredit müqaviləsinin müddəti 60 ay, ilkin ödəniş 7945 manat olmaqla, qalıq borc 68400 manat razılaşdırılaraq, aylıq ödəniş 1140 manat müəyyənləşdirilmişdir.
10. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmiş, alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur.
11. Təmir aktına əsasən “Changan CS 75 PLUS” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə çəkiləcək xərclərin ümumi dəyəri 41904 manat müəyyənləşdirilmişdir.
12. Maliyyə arayışı və ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixli, B-333-AAE- 22 nömrəli alğı-satqı müqaviləsi üzrə əşyanın alğı-satqı qiyməti 76345 manat, ilkin ödəniş 7945 manat və DYP, könüllü sığorta, icbari sığorta ödənişləri 4445 manat olmaqla, aylıq 1140 manat ödəmək şərti ilə 60 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda müqavilə üzrə ödənilən aylıq 25080 manat, ödənilən cərimə 673 manat, qalıq borc 43320 manat məbləğdədir.
13. xx.xx.20204-cü il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqaviləyə əlavədə qeyd olunmuş məbləğin tam şəkildə ödənilməsi təklif olunmuş, müvafiq bildiriş Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanaraq qəbul edilmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi
14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, B-333-AAE-22 nömrəli alğı-satqı müqaviləsi üzrə qalıq 43320 manat əsas borc, xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 3260,40 manat dəbbə pulu olmaqla, ümumilikdə 46580,40 manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əsas borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 902 manat pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 233,47 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddianın əsaslarına görə, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-333-AAE-22 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan CS 75 PLUS” markalı, **-AG-*** d.q.n.-lı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Eyni zamanda, avtomobilin istifadədə olduğu müddətdə müqavilənin 5-ci hissəsində nəzərdə tutulmuş zəmanət şərtləri cavabdeh tərəfindən pozulmuş, 14 aya yaxın müddət ərzində avtomobil texniki xidmət üçün təqdim olunmamış, avtomobilə servisdən kənarda qulluq olunmuşdur. Qeyd olunan məsələlərlə əlaqədar iddiaçı tərəfindən cavabdehə şifahi qaydada və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixindən müqavilə onun 3.2.6-cı bəndinin “c” yarımbəndinə əsasən birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Sözügedən alğı-satqı müqaviləsinin ləğv edildiyi xx.xx.2025-ci il tarixinə cavabdehin müqavilə üzrə əsas borcu 5700 manat, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün dəbbə pulu 3260 manat təşkil etmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən avtomobilin dəyəri 76345 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən 7945 manat ilkin ödəniş qismində ödənilmiş, qalıq borc hesab edilən 68400 manat pul vəsaitinin 60 ay müddətinə, aylıq 1140 manat olmaqla iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Cavabdeh müqavilə üzrə 7945 manat ilkin ödəniş və 25080 manat aylıq ödənişlər olmaqla, ümumilikdə 33025 manat pul vəsaitini iddiaçıya ödəmiş, 43320 manat hissəsi isə ödənilməmiş qalmışdır. Avtomobil xx.xx.2025-ci il tarixində cavabdeh tərəfindən iddiaçıya məxsus rəsmi servis müəssisəsinə gətirilmişdir. Avtomobilə cavabdehin iştirakı ilə iddiaçının nümayəndəsi tərəfindən baxış keçirilən zaman avtomobilin mühərrik hissəsinin tamamilə söküldüyü və ayrı-ayrı ehtiyat hissələrinə ayrılmış halda avtomobilin salonunda olduğu aşkar edilmişdir. Məlum olmuşdur ki, cavabdeh avtomobilin mühərrikinə özü və ya üçüncü şəxslər vasitəsilə müdaxilə etmiş və mühərriki sıradan çıxartmışdır. Cavabdeh qeyd olunan əməlləri törətməklə müqavilənin 4cü bəndi üzrə nəzərdə tutulmuş öhdəliklərini 5.3.1, 5.3.2 və 5.4.1-ci yarımbəndləri üzrə zəmanət şərtlərinin tələblərini kobud şəkildə pozmuşdur. Keçirilmiş baxışa və tərtib olunmuş təmir aktına əsasən avtomobilin təmirinə çəkiləcək xərclərin ümumi dəyəri 41904 manat müəyyənləşdirilmişdir. Avtomobilin təmirinə çəkiləcək xərclərin avtomobilin qaytarıldığı tarixə mövcud olan real bazar dəyərini üstələdiyini nəzərə alaraq avtomobil təmirə yararsız və tamamilə məhv olmuş hesab edilir. Bu səbəbdən iddiaçının AR Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən (əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər) avtomobilin qalıqlarına olan hüquqlarından imtina etməklə verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnun realizəsi zərurəti yaranmışdır. b) iddiaya etiraz
16. İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə iclasında cavabdeh müqavilədə göstərilən müddətlərdə ödənişləri etmiş, sonra maddi vəziyyəti ilə əlaqədar 2024-cü ilin sentyabr ayından ödənişlər edə bilməmişdir. Avtomobili idarə edərkən yolda nasaz vəziyyətə düşdükdən sonra texniki baxış üçün rəsmi servisə getmiş, lakin ona bildirilmişdir ki, avtomobilin müqavilədə qeyd edilən zəmanət şərtləri pozulmuş, avtomobilin mühərriki sıradan çıxmışdır. İddiaçı ilə yenidən ödənişlər ilə bağlı razılığa gəlməyə çalışsa da, bu mümkün olmamışdır. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 425.1. Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447.5. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı: “İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.”
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli Qərarı: “Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.”
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Plenum Qərarı: “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.” Məhkəmə baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
26. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.
27. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
28. Belə ki, borcun əsası olan alğı-satqı müqaviləsi, müqaviləyə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktrı və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-333-AAE-22 nömrəli alğı-satqı müqaviləsinə əsasən cavabdeh “Changan CS 75 PLUS” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, əşyanın qiyməti 76345 manat, kredit müqaviləsinin müddəti 60 ay, ilkin ödəniş 7945 manat olmaqla, qalıq borc 68400 manat razılaşdırılaraq, aylıq ödəniş 1140 manat olmaqla razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir. Məhkəmə həmçinin hazırki iddia tələbinin təmin olunması üçün mülki qanunvericiliyin müvafiq normasından irəli gələn şərtlər dairəsini müəyyən etməyi vacib hesab edir. Belə ki, Birinci şərt tərəflər arasında alqı-satqı müqaviləsi mövcud olmalıdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28. xx.xx.2022-ci il tarixli, B-333- AAE-22 nömrəli alğı-satqı müqaviləsi bağlanması ilkin şərtin mövcudluğunu təsdiq edir. İkinci şərt “alqı-satqı müqaviləsi alıcının pozuntusu səbəbindən ləğv olunmalıdır ki, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca icra edilməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra iş materialları ilə müəyyən edilən müddətlər ərzində ümumilikdə müqavilə üzrə 25080 manat aylıq olmaqla, 673 manat isə cərimə borcu olmaqla ödənişlər etsə də, sonrakı aylarda heç bir ödəniş edilməmiş və bunun nəticəsində cəmir olaraq 43320 manat miqdarında müqavilədən irəli gələb öhdəliklər üzrə 43320 manat miqdarında qalıq borcu iddiaçıya yaranmışdır. Ödəniş öhdəliklərinin gecikdirilməsi barədə əməkdaşları tərəfindən cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, lakin həmin xəbərdarlıqlar heç bir müsbət nəticə verməmiş, cavabdeh tərəfindən aylıq ödənişlərin həyata keçirilməsi təmin edilməmişdir. Öhdəliklərini icra etməməməsi səbəbindən iddiaçı tərəfindən cavabdehə müvafiq xəbərdarlıq edilməklə tərəflər arasında müqavilə münasibətlərinə bir tərəfli qayda da son verilmişdir. Hazırda iddiaçının iddia tələbinin əsasını Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbləri çıxış edir və məhkəmə ilk öncə iddia tələbinin hüquqi əsasını təşki edən norma ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bu müddəa, alıcı və satıcı arasında qarşılıqlı hüquqi məsuliyyətləri və qorunma mexanizmlərini müəyyən edir. Həm alıcı, həm də satıcı bu maddənin müddəalarına əməl etməli və müqavilədə göstərilən öhdəliklərini yerinə yetirməlidir. Bu cür tənzimləmə, alıcı və satıcı arasında mübahisələrin qarşısını almağa və hüquqi təminat yaratmağa xidmət edir. Həmçinin Mülki Məcəllənin 600.4-cü maddəsi alıcının ödəniş öhdəliyini pozması halında satıcının hüquqlarını xüsusi qaydada qoruyan xüsusi öhdəlik normasıdır. Ümumi öhdəlik hüququ ilə müqayisədə bu norma satıcıya alternativ və daha operativ müdafiə vasitələri təqdim edir. Belə ki, normanın məzmun - "Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər." Göründüyü kimi norma alqı-satqı müqaviləsi ilə öz üzərinə öhdəlik götürən satıcıya 2 hüquq tanıyır. Bu hüquqlardan birincisi - əşyaların dəyərinin alıcı tərəfindən ödənilməsini tələb etməkdir ki, bu hüquq satıcının maliyyə balansının qorunmasında və alıcı tərəfindən öhdəliklərin lazıi qaydada icra edilməsməinə görə satıcıya dəyə biləcək zərərdən qorunmağa xidmət edir. İkinci hüquq isə ödənilməmiş malın qaytarılmasını tələb etməkdir ki, bu isə satıcının mallarının mülkiyyətini və ona aid olan əşyaların geri alınmasını təmin edir. Çünki müqavilə tərəfi olaraq hazırki alqı-satqı münasibətində müqavilə predmeti olan nəqliyyat vasitəsi yalnız alıcı tərəfindən bütün dəyəri ödənildikdən sonra alıcının mülkiyyəti hesab oluna bilər.
29. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 43320 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
30. İddiaçı Mülki Məcəllənin 447.5-ci maddəsin rəhbər tutmaqla müqavilənin 2.7-ci bəndinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olmaqla 902 manat cavabdehdən pul tələb edir, hansı ki, bu məbləğ də cavabdehdən tutulmalıdır.
31. Həmçinin, iddiaçı tərəfindən müqavilə üzrə 3260,40 manat dəbbə pulu hesablanmışdır.
32. Məhkəmə cərimə məbləğinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.
33. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).
34. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2022-ci il tarixli müqavilə üzrə hesablanmış 3260,40 manat dəbbə pulunun məbləğinin azaldılaraq 1160 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.
35. Belə ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur.
36. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.
37. Qeyd olunanlara əsasən, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1160 manat dəbbə pulunu ədalətli və məqsədə müvafiq sayır.
38. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddia təmin olunan hissəyə münasib 183,47 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, B-333-AAE-22 nömrəli müqavilə üzrə 43320 manat əsas borc, 1160 manat dəbbə pulu, əsas borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün 902 manat pul olmaqla ümumilikdə 45382 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 183,47 manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, B-333-AAE-22 nömrəli müqavilə üzrə 43320 manat əsas borc, 1160 manat dəbbə pulu, əsas borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün 902 manat pul olmaqla ümumilikdə 45382 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 183,47 manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM : Cavid Cəfərov