Məhkəmə qərarları › İş №e-2(056)-2324/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2324/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2324/2025 26.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi ilə, iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 567 nömrəli müqaviləyə əsasən, fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 8,00 ha torpaq sahəsində icarəyə və ya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və sair hüquqmüəyyənedici sənədlər bu müqaviləyə əlavə olunur, pambıq əkib yalnız Alıcıya satmağı, Alıcı isə fermerin istehsal etdiyi xam pambığı (çiyiddən ayrılmamış lifli kütlə) qəbul etməyi və onun dəyərini bu Müqavilənin 5.1-ci bəndində nəzərdə tutulmuş qiymətlə Fermere ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 2.2-ci bəndinə əsasən, fermerle alıcı arasında Müqavilə şərtlərinin təminatları, işin icrasına nəzarət, xam pambığın qəbulu, saxlanılması və emalı, o cümlədən pambığın istehsalı və emalı ilə bağlı bütün Aqrotexniki xidmətlər və Malmaterial dəyəri bu Müqavilədə nəzərdə tutulmuş qaydada Fermer tərəfindən xam pambıqla ödənilməklə birbaşa Filial tərəfindən təmin edilir.

3. Müqavilənin 2.4-cü maddəsinə əsasən Fermer öhdəsinə götürür ki, xam pambığı yalnız Alıcıya satacaq və üçüncü şəxslərə satmayacaq.Fermer bu Müqavilənin 3.1.1-ci bəndində göstərilən torpaq sahəsindən yığılan xam pambığı tam şəkildə ( bu Müqavilənin 3.1.1-ci bəndində qeyd olunan sentnerdən artıq istehsal olunan xam pambıq da daxil olmaqla) Alıcın mülkiyyətinə verməyə görə Alıcı qarşısında Müqavilədə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

4. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, mülkiyyətində olan və ya icarə ( istifadə) müqaviləsi əsasında istifadə etdiyi 8,00 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkmək və hər hektardan 30,00(otuz) sentnerdən az olmamaqla xam pambıq istehsal edib üçüncü şəxslərin hüquqlarından azad şəkildə Alıcının mülkiyyətinə verilməlidir.

5. Müqavilənin 4.1-ci bəndinə əsasən, fermer bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığı bütövlüklə 2024-cü il mövsümü üzrə pambıq yığını bitənədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan Azərbaycan Respublikasında qüvvədə olan mövcud standartlarına və bu Müqavilənin tələblərinə uyğun şəkildə yalnız Filiala təhvil verməlidir

6. Müqavilənin 6.1-ci bəndinə əsasən, fermer bu müqavilə şərtlərini pozaraq xam pambığın əkilməsi üçün nəzərdə tutulmuş torpaqdan tam və ya qismən təyinatı üzrə istifadə etmədikdə və həmin torpaqda xam pambıq əvəzinə başqa məhsul əkdikdə, bu Müqavilə üzrə istehsal olunan xam pambığı başqa alıcıya satdıqda.Fermer tərəfindən bu müqaviləyə istənilən səbəbdən xitam verdikdə, eləcə də Alıcıya bu müqavilədə müəyyənləşdirildiyindən az miqdarda məhsul (xam pambıq) verdikdə ödənilmiş avans vəsaitlərin və göstərilmiş aqrotexniki xidmətlərinin dəyərini qaytarmalı və əlavə olaraq Müqavilə üzrə ödənilməli ümumi məbləğin 20%-i (iyirmi faizi) həcmində cərimə ödəməlidir. Fermer vəfat edərsə onun Müqavilə üzrə götürdüyü öhdəliklərin icrası qanunla müəyyən edilmiş qaydada tam şəkildə onun hüquqi varislərinə keçir.

7. Müqavilənin 6.6-cı bəndinə əsasən, fermer özünün və ya əgər varsa özünün işçi heyətinin təqsirli (qəsdən və ya ehtiyyatsızlıqla) əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində Alıcının əmlakına vurulmuş hər hansı ziyana görə tam məsuliyyət daşıyır.

8. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən həmin məbləğ alıcı tərəfindən alınmışdır.

9. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin “X1 və Tədarük Məntəqəsi” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış «2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair» xx.xx.2024-cü il tarixli, 567 nömrəli müqaviləyə əsasən ona 9076,49 manat avans vəsaiti verilmişdir. Verilmiş avasndan fifiala 827,63 manat avans vəsaiti qaytarmış və 8248,86 manat borcu qalmışdır.

10. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqaviləyə əlavədə qeyd olunmuş məbləğin 3 gün ərzində tam şəkildə ödənilməsi təklif olunmuşdur. Cavabdeh həmin tarixdə qəbzi imzalamaqla həmin bildirişi qəbul etmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 8248 manat, hesablanmış cərimə borcuna görə 1649 manat və ödənilmiş dövlət rüsumuna görə 119 manat olmaqla cəmi 10016 manat pulun cavabdehdən alınaraq “X2 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddianın əsaslarına görə, alıcı qismində (İddiaçı) “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X1 və Tədarük Məntəqəsi” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış 2024-cü il mövsümü üzrə xx.xx.2024-ci il tarixli, 567 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən Cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 9352,36 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 1103,50 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2024-cü il mövsümü üzrə xx.xx.2024-cü il tarixli, 567 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 8248,86 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1649 manat təşkil edir. Verilməmişdir: 8248 x 20% =1649 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.

b) iddiaya etiraz

13. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı etiraf edərək, mövsümdə pambıq istehsalında ziyan etdiyini, daha sonra işində problemlər olduğuna görə gecikmələrinin yarandığını bildirdi.

15. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

19. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.

20. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

21. Belə ki, borcun əsası olan alqı-satqı müqaviləsi, müqaviləyə əlavə olan ödəniş cədvəli, təhvil-təslim aktları və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 567 nömrəli müqaviləyə əsasən “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi"’ MMC-nin “X1 və Tədarük Məntəqəsi” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 567 nömrəli «2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair» müqavilədən görünür ki, tərəflər arasında bağlanmış göstərilən müqaviləyə əsasən cavabdeh 8 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 9352,36 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir.

22. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 8248 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

23. Həmçinin, iddiaçı tərəfindən müqavilə üzrə 1649 manat dəbbə pulu hesablanmışdır.

24. Məhkəmə cərimə məbləğinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.

25. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).

26. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli, 567 nömrəli müqavilə üzrə hesablanmış 1649 manat dəbbə pulunun məbləğinin azaldılaraq 752 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.

27. Belə ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur.

28. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.

29. Qeyd olunanlara əsasən, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli, 567 nömrəli müqavilə üzrə 752 manat dəbbə pulunu ədalətli və məqsədə müvafiq sayır.

30. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddia təmin olunan hissəyə münasib 100 manat hisssəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, 567 nömrəli müqavilə üzrə 8248 manat ödənilməmiş hissə, 752 manat cərimə ümumilikdə 9000 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul Cavabdeh tutularaq “X2 Kompleksi” MMC-yə ödənilməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, 567 nömrəli müqavilə üzrə 8248 manat ödənilməmiş hissə, 752 manat cərimə ümumilikdə 9000 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul Cavabdeh tutularaq “X2 Kompleksi”Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar