Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2329/2025 19.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05914731 nömrəli müqaviləyə əsasən, satıcı “APPLE WATCH SERİES 10 46MM qol saaatı, APPLE AİRPODS MAX qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti” markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1.2 %-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
3. Müqavilənin 3.4-cü maddəsinə əsasən müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda ABC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.
4. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 3616,39 manat, kredit müqaviləsinin müddəti 18 ay, ilkin ödəniş olmadan aylıq ödəniş 200,91 manat müəyyənləşdirilmişdir.
5. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
6. İddiaçı və cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13909134 nömrəli müqaviləyə əsasən, satıcı “PLAYSTATİON 5 SLİM” markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
7. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
8. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 1530,97 manat, kredit müqaviləsinin müddəti 18 ay, 160 manat ilkin ödəniş etməklə aylıq ödəniş 76,17 manat müəyyənləşdirilmişdir.
9. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
10. İddiaçı və cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən, satıcı “PAKET COMBOMAX xidməti, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, APPLE MACBOOK A 13 komputer” markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
11. Müqavilənin 3.5-ci bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir.
12. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 2603,03 manat, kredit müqaviləsinin müddəti 18 ay, 400 manat ilkin ödəniş etməklə aylıq ödəniş 122,39 manat müəyyənləşdirilmişdir.
13. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
14. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 3616,38 manat, ilkin ödəniş olmadan aylıq 200,91 manat ödəmək şərti ilə 18 aylıq ödəniş müddəti, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 1531,06 manat, 1600 manat ilkin ödəniş etməklə aylıq 76,17 manat ödəmək şərti ilə 18 aylıq ödəniş müddəti və xx.xx.2025-ci il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 2603,02 manat, 400 manat ilkin ödəniş etməklə aylıq 122,39 manat ödəmək şərti ilə 18 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 6415,15 manat, cərimə 641,52 manat məbləğdədir.
15. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin tam şəkildə ödənilməsi təklif olunmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2993.47 manat ödənilməmiş hissə, 299.35 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2203.02 manat ödənilməmiş hissə, 220.30 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1218.66 manat ödənilməmiş hissə, 121.87 manat dəbbə, ümumilikdə 7056.67 manat borc, 90.57 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddianın əsaslarına görə, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən APPLE WATCH SERİES 10 46MM qol saaatı, APPLE AİRPODS MAX qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA3 İL xidmət PAKET COMBOMAX xidməti, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, APPLE MACBOOK AİR 13 komputer, PLAYSTATİON 5 SLİM, almış və nəticədə 7056.67 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3616.38 manat (18 ay x 200.91 manat + 0 manat ilkin ödəniş) olan APPLE WATCH SERİES 10 46MM qol saaatı, APPLE AİRPODS MAX qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün ümumilikdə, 3292.82 manat olmaqla ondan, 2993.47 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 299.35 manat dəbbə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2603.02 manat (18 ay x 122.39 manat + 400 manat ilkin ödəniş) olan PAKET COMBOMAX xidməti, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, APPLE MACBOOK A 13 komputer üçün ümumilikdə, 2423.32 manat olmaqla ondan, 2203.02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 220.30 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1531.06 manat (18 ay x 76.17 manat + 160 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 SLİMalmışüçün ümumilikdə, 1340.53 manat olmaqla ondan, 1218.66 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 121.87 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1335.31 manat təşkil edir.
b) iddiaya etiraz
18. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
19. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasında isə iştirak edərək bildirmişdir ki, maddi vəziyyəti ilə əlaqədar olaraq ödəmələrdə gecikmələr yaranmışdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
24. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.
25. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
26. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqavilələrə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktları və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən cavabdeh müvafiq olaraq “APPLE WATCH SERİES 10 46MM qol saaatı, APPLE AİRPODS MAX qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti”, “PLAYSTATİON 5 SLİM” və “PAKET COMBOMAX xidməti, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, APPLE MACBOOK A 13 komputer” almış, əşyaların qiyməti müvafiq olaraq 3616,38 manat, 1531,06 manat və 2603,02 manat olmaqla razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.
27. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 6415,15 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
28. Həmçinin, iddiaçı tərəfindən müqavilələr üzrə müvafiq olaraq 299,35 manat, 121,87 manat və 220,30 manat cərimə borcları hesablanmışdır.
29. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia tələbi əsaslıdır.
30. Belə ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur.
31. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.
32. Qeyd olunanlara əsasən, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 299,35 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 121,87 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 220,30 manat dəbbə pulunu ədalətli və məqsədə müvafiq sayır.
33. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddia təmin olunan hissəyə münasib 90,57 manat hisssəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2993,47 manat ödənilməmiş hissə, 299,35 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1218,66 manat ödənilməmiş hissə, 121,87 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2203,02 manat ödənilməmiş hissə, 220,30 manat cərimə ümumilikdə 7056.67 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90,57 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2993,47 manat ödənilməmiş hissə, 299,35 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1218,66 manat ödənilməmiş hissə, 121,87 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2203,02 manat ödənilməmiş hissə, 220,30 manat cərimə olmaqla ümumilikdə 7056,67 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90,57 manat pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM : Cavid Cəfərov