Məhkəmə qərarları › İş №e-2(056)-2652/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2652/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2652/2024 17.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ümumi 1740 (min yeddi yüz qırx) manat dəyərində olan “Samsung” markalı, “A 71” modelli və “Redmi” markalı, “Note 10” modelli mobil telefon cihazlarının alqı-satqısına dair müqavilələr üzrə götürülmüş pul öhdəliyinin 1520 (min beş yüz iyirmi) manat həcmində icra edilməyən hissəsi və tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin Cavabdeh tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. TƏRƏFİN İZAHATİ: İddiaçı məhkəmə iclasnıda iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdehlə arasında şifahi formada bağlanılmaqla nisyə alqı-satqı müqaviləsi əsasında ardıcıl olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ümumi 1740 (min yeddi yüz qırx) manat dəyərində olan “Samsung” markalı, “A 71” modelli və “Redmi” markalı, “Note 10” modelli mobil telefon cihazlarının alqı-satqısı həyata keçirilmiş, sonuncu razılaşdırılan məbləğin aylıq ödəniş qrafikinə imza atmaqla diktə olunan şərtləri qəbul etmişdir. Lakin cavabdeh tərəfindən götürülən pul öhdəliyi üzrsüz səbəblərdən lazımınca icra edilməməklə müqavilə şərtlərinin pozulmasına səbəb olmuşdur. Satılmış malın dəyərinin alıcı tərəfindən ödənilməsinə və ödənilmədiyi təqdirdə onun məsuliyyət məsələsinin izahına dair göndərilmiş xəbərdarlıq məktubuna isə cavabdeh tərəfindən reaksiya verilməmiş, beləcə, mübahisənin məhkəməyədək həll yolları effektsiz qalmış və tərəfindən müqavilədən imtina edilmişdir. Belə olduğu halda, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə onunla cavabdeh arasında ümumi 1740 (min yeddi yüz qırx) manat dəyərində olan “Samsung’’ markalı, “A 71” modelli və “Redmi” markalı, “Note 10” modelli mobil telefon cihazlarının alqı-satqısına dair müqavilələr üzrə götürülmüş pul öhdəliyinin 1520 (min beş yüz iyirmi) manat həcmində icra edilməyən hissəsi və tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğ Cavabdeh tutulmalı və xeyrinə ödənilməlidir. Hazırda o, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının etiraz etməməsini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə tərtib edilmiş kredit cədvəllərinin surətlərindən görünür ki, iddiaçı ilə cavabdeh arasında ümumi 1740 (min yeddi yüz qırx) manat dəyərində olan “Samsung” markalı, “A 71” modelli və “Redmi” markalı, “Note 10” modelli mobil telefon cihazlarının alqı-satqısı həyata keçirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsinin surətindən görünür ki, İddiaçı ona guya alqı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə ümumi 1740(min yeddi yüz qırx) manat dəyərində olan, “Samsung” markalı “A71” modeli və “ Redmi” markalı “ Note10” modelli mobil telefon cihazlarının alqı-satqısı həyata keçirilmişdir. O, hesab edir ki, İddiaçı iddia tələbi əsassız və qanunsuz olduğundan iddia rədd edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsindən əvvəlcə göstərir ki, müqavilə əsasında alqı-satqı həyata keçirilib, sonra isə şifahi razılaşma yolu ilə ona mobil telefon satmışdır. O, bildirmək istəyir ki, iddiaçıdan yalnız bir ədəd nağd pulla mobil telefon almış, iddiaçı ilə heç bir razılaşma müqaviləsi olmamışdır. Həmçinin o, aldığı bir telefonun ödənişi olmadan digər ikinci telefonu necə olur ki, ona satır. Qeyd olunanlar bir daha göstərir ki, İddiaçı ona qarşı qaldırmış olduğu iddia tələbi qərəzli olmaqla əsassız və qanunsuzdur. Odur ki, göstərdiklərini nəzərə alıb, İddiaçı ona qarşı qaldırmış olduğu pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə həmçinin iddiaçı tərəfindən cavabdehlə aralarında olan “Vatsapp” yazışmaları və səs yazısını özündə əks etdirən Disk əlavə edilmiş, səs yazılarından və yazışmalardan görünmüşdür ki, cavabdeh iddiaçıdan 2 telefon aldığını etiraf etmiş, bəzi səs yazısında iddiaçıya 50 manat pul verəcəyini, bundan sonra 80 manatlıq pensiya kartını verəcəyini, aylıq ödənişləri oradan çıxacağını, yalnız onun adına olan telefonların pulunu çıxmasını, Gülbabanın adına olan telefonları bu söhbətə qatmamasını, iki telefona görə pulunun nə qədər etməsini, aralarındakı haqq-hesabı bilmək istədiyini, bəzi danışıqlarda ayın 17-i kəndə gələcəyini, 200 həmin zaman ödəyəcəyini, bəzi səs yazısında 70 manat düzəltdiyini, üzərini də düzəldib göndərəcəyini, bəzi səs yazısında 50 manat sabaha göndərəcəyini, bəzi səs yazısında pulu olmadığını, imkan edən kimi ödəniş edəcəyini, bəzi səs yazısında yeni işə düzəldiyini, işləmədiyi üçün ödəniş etmədiyini, bəzi səs yazısında gecikmiş iki ayı birdəfəyə ödəyəcəyini bildirmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSÜF: Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri mövcud olmuş, İddiaçı ilə Cavabdeh ilə cavabdehlə arasında şifahi formada bağlanılmaqla nisyə alqı-satqı müqaviləsi əsasmda ardıcıl olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ümumi 1740 (min yeddi yüz qırx) manat dəyərində olan “Samsung” markalı, “A 71” modelli və “Redmi” markalı, “Note 10” modelli mobil telefon cihazlarının alqı-satqısı həyata keçirilmişdir. Qeyd edilən hallar iddiaçının izahatı, həmçinin məhkəməyə təqdim edilmiş Vatsapp yazışmaları və səs yazıları ilə də öz təsdiqini tapmaqdadır. Yazışmalardan da aydın olur ki, tərəflər arasında danışıqlar getdiyi ərəfələrdə cavabdeh heç bir vaxt müqavilə üzrə borc məbləğini mübahisələndirməmiş, əksinə, ona olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən, həmçinin məhkəməyə təqdim edilmiş Vatsapp və səs yazılarında əksini tapan halları və aşağıda sadalanmış qanunvericilk normalarını və səs yazısının sübut kimi nəzərə alınması ilə əlaqədar Plenum Qərarında əks olunmuş mövqeni nəzərə alaraq hesab edir ki, iddia tələbi tam əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdehin etiraz ərizəsində iddianın rədd edilməli olması ilə əlaqədar dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı həm iddia ərizəsində, həm yazışmalarda cavabdehə müxtəlif vaxtlarda 2 ədəd niysə telefon satmasını bildirmiş, cavabdeh bu halı özünün iddiaçıya ünvanladığı səs və Vatsapp yazışmalarında mübahisələndirməmişdir. Bu hallar da onu göstərir ki, cavabdehin etiraz ərizəsi onun məsuliyyətdən boyun qaçırma niyyətinə yönəlmişdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğısatqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materialları ilə iddiaçının hazırki tələblə müraciət etməsi üçün 35 manat ödvlət rüsumu ödəməsi müəyyən edildiyindən, həmçinin əsas iddia tələbi tam təmin edildiyindən bu hissədə də tələb tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh nisyə satılmış mallara görə ödənilməli olan 1520 manat pul və ödənilmiş dövlət rüsumu 35 manat olmaqla, cəmi 1555 (bir min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar