Məhkəmə qərarları › İş №e-2(056)-3071/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3071/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3071/2024 23.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, SRK5887336 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 232 manat məbləğində əsas borcun, xx.xx.2021-ci il tarixli, SRK5936834 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 620 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 912 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 399 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödəniş etdikdən sonra iddiaçıya 232 manat borcu yaranmışdır. Bundan əlavə, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 20 ay olmaqla xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 631 manat olan məişət avadanlığı əldə etmiş və cavabdeh müqavilə üzrə qismən ödəniş etdikdən sonra iddiaçıya 620 manat borcu qalmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli, SRK5887336 saylı Borc Müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alınmış məişət avadanlığın dəyərinin hissə-hissə ödənilməsinə dair xx.xx.2020ci il tarixli, SRK5887336 saylı Borc Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh 12 ay müddətinə, aylıq 29 manat, qabaqcadan ilkin nağd 51 manat ödənilməsi şərtilə 399 manat məbləği dəyərində məişət avadanlığı əldə etməklə, qalıq borcunu İddiaçı MMC ödəməyi üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SRK5936834 saylı Borc Müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alınmış məişət avadanlığın dəyərinin hissə-hissə ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, SRK5936834 saylı Borc Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh 20 ay müddətinə, aylıq 31 manat, qabaqcadan ilkin nağd 11 manat ödənilməsi şərtilə 631 manat məbləği dəyərində məişət avadanlığı əldə etməklə, qalıq borcunu İddiaçı MMC ödəməyi üzərinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, SRK5887336 saylı Borc Müqaviləsi üzrə ödənilməmiş əsas qalıq borcu 232 manat, xx.xx.2021-ci il tarixli, SRK5936834 saylı Borc Müqaviləsi üzrə isə ödənilməmiş əsas qalıq borcu 620 manat təşkil edir. Sözügedən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, SRK5887336 saylı və xx.xx.2021-ci il tarixli, SRK5936834 saylı kredit Müqaviləsinin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, SRK5887336 saylı və xx.xx.2021-ci il tarixli, SRK5936834 saylı Borc Müqaviləsini ödənişin hissə-hissə həyata keçirilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilələr əsasında yaranmış öhdəliyini bu kontekstdə müəyyənləşdirir. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, SRK5887336 saylı və xx.xx.2021-ci il tarixli, SRK5936834 saylı Borc Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə işin araşdırılmış hallarına və sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh Borc Müqaviləsi əsasında iddiaçı təşkilat İddiaçı MMC-dən aldığı məişət avadanlıqlarının dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini tam yerinə yetirməmişdir, nəticədə cavabdehin xx.xx.2020-ci il tarixli, SRK5887336 saylı müqavilə üzrə ödənilməmiş 232 manat və xx.xx.2021-ci il tarixli, SRK5936834 saylı müqavilə üzrə 620 manat əsas borcu yaranmışdır. Ona görə də, iddiaçı təşkilat İddiaçı MMC-nin Cavabdeh öhdəliyinin icra edilməsini və yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu əvəzi olan 30 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbləri həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan kassa mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 30 manat əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPMnin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, SRK5887336 saylı Borc Müqaviləsi üzrə 232 manat əsas borc, xx.xx.2021-ci il tarixli, SRK5936834 saylı Borc Müqaviləsi üzrə 620 manat əsas borc və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, ümumilikdə 882 (səkkiz yüz səksən iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar