Məhkəmə qərarları › İş №e-2(056)-3214/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3214/2025

05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3214/2025 05.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, satıcı APPLE MACBOOK AİR 13, ZƏMANƏT + 1 İL xidməti müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

3. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 4680.92 manat, qaytarılma müddəti 24 ay,ilkin ödəniş 581 manat, aylıq ödəniş 170.83 manat müəyyənləşdirilmişdir.

4. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

5. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, satıcı ENERGY SİSTEM qulaqlıq,KİESLECT saat müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

7. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 336 manat, qaytarılma 12 ay, aylıq ödəniş 28 manat müəyyənləşdirilmişdir.

8. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

9. xx.xx.2025-ci il tarixli maliyyə arayışı və ödəniş cədvəlinə əsasən xx.xx.2025-ci il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 4680.92 manat, ilkin ödəniş 581 manat olmaqla, aylıq 170.83 manat ödəmək şərti ilə 24 aylıq ödəniş müddəti və xx.xx.2025-ci il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 336 manat, ilkin ödəniş olmamaqla, aylıq 28 manat ödəmək şərti ilə 12 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda hər iki müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 4407.92 manat, cərimə 440.79 manat məbləğdədir.

10. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin 03 iş günü ərzində tam şəkildə ödənilməsi təklif olunmuşdur. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

11. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13, ZƏMANƏT + 1 İL xidməti üçün 4099.92 manat ödənilməmiş hissə, 409.99 manat cərimə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ENERGY SİSTEM qulaqlıq,KİESLECT saat üçün 308 manat ödənilməmiş hissə, 30.80 manat cərimə olmaqla, ümumilikdə 4848.71 manat borc, 68.49 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddianın əsaslarına görə, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən APPLE MACBOOK AİR 13, ZƏMANƏT + 1 İL xidməti və ENERGY SİSTEM qulaqlıq,KİESLECT saat almış və nəticədə 4848.71 manat əsas borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4680.92 manat olan APPLE MACBOOK AİR 13, ZƏMANƏT + 1 İL xidməti üçün ümumilikdə, 4509.91 manat olmaqla ondan, 4099.92 manat ödənilməmiş hissə, 409.99 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 336 manat olan ENERGY SİSTEM qulaqlıq,KİESLECT saat üçün ümumilikdə 338.8 manat olmaqla ondan, 308 manat ödənilməmiş hissə, 30.8 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 609 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

b) iddiaya etiraz

13. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

17. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

18. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

19. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqaviləyə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktı və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh APPLE MACBOOK AİR 13, ZƏMANƏT + 1 İL xidməti almış, əşyanın qiyməti 4680.92 manat, 581 manat ilkin ödəniş, aylıq ödəniş 170.83 manat olaraq razılaşdırılmış, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh və ENERGY SİSTEM qulaqlıq,KİESLECT saat almış, əşyanın qiyməti 336 manat, aylıq ödəniş 28 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.

20. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4099.92 manat ödənilməmiş hissə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 308 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 4407.92 manat borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

21. Həmçinin, iddiaçı tərəfindən hər iki müqavilə üzrə 440.79 manat cərimə borcu hesablanmışdır.

22. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.

23. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).

24. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə hesablanmış 440.79 manat dəbbə pulunu ədalətli və məqsədə müvafiq sayır.

25. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 68.49 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan əsas borc, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4099.92 manat əsas borc, 409.99 manat manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 308 manat əsas borc, 30.8 manat cərimə olmaqla, ümumilikdə 4848.71 manat və ödənilmiş 68.49 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar