Məhkəmə qərarları › İş №e-2(056)-322/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-322/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-322/2025 11.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi X1 oğlunun katibliyi ilə, İddiaçı «X3 Kompleksi» MMC-nin Cavabdeh qarşı «Borcun tutulması tələbinə dair» iddiası üzrə mülki işə Sabirabad şəhərində Sabirabad rayon Məhkəməsinin inzibati binasında mülki işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı «X3 Kompleksi» MMC Cavabdeh qarşı «Borcun tutulması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 1425 manat, hesablanmış cərimə borcuna görə 285 və ödənilmiş dövlət rüsumuna görə 38 manat olmaqla, cəmi 1748 manat pulun alınaraq “X3 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alıcı qismində (İddiaçı) "X3 Kompleksi” MMC. tədarükçü qismində “X3 Kompleksi” MMC-nin” X2 və Tədarük Məntəqəsi" filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 746 saylı xam-pambığın alq-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) salmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 12652,21 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh yaranmış borcdan 11226,85 manat dəyərində xam-pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 746 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1425 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 285 manat təşkil edir. Verilməmişdir: 1425 manat x 20% = 285 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. İddiaçı «X3 Kompleksi» MMC-nin nümayəndəsi Elvin Hüseynov elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi"’ MMC-nin “X2 və Tədarük Məntəqəsi” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2022ci tarixli, 746 saylı «2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair» müqavilədən görünür ki, tərəflər arasında bağlanmış göstərilən müqaviləyə əsasən cavabdeh 14 hektar sahədə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 12652,21 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi"’ MMC-nin “X2 və Tədarük Məntəqəsi” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci tarixli, 746 saylı «2022-ci il mövsümü üzrə xampambığın alqı-satqısına dair» müqavilə üzrə Cavabdeh əsas borcu 1425 manat, cərimə borcu 285 manat təşkil edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdıraraq və iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə iddiaçı “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi"’ MMC-nin “X2 və Tədarük Məntəqəsi” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci tarixli, 746 saylı saylı müqaviləyə əsasən cavabdeh 14 hektar sahədə pambıq əkməyi və hər hektardan 30 senterdən az olmamaq şərti ilə pambıq məhsulu istehsal edib satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 12652,21 manat məbləğində avans vəsait götürmüşdür. Cavabdeh yaranmış borcdan 11226,85 manat dəyərində xam-pambıq təhvil verərək ödəniş etsə də, müqavilə üzrə öhdəliklərini tam olaraq vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş qalan 1425 manat pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və bu hissədə iddia tələbi tam əsaslı olduğu üçün bu hissə təmin edilməlidir. Bundan başqa, iddiaçı əsas borcla ilə bərabər 285 manat məbləğində cərimə borcunun da cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göründüyü kimi tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldıla bilinməsi imkanı qanunvericiliklə tənzimlənmişdir. Dəbbə pulu azaldılarkən isə iddiaçının əmlak mənafeyinin nəzərə alınması da qanunvericikdə imperativ norma kimi müəyyənləşdirilmişdir. Məhkəmə işin hallarını və eyni zamanda kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən tələb edilən cərimə məbləğinin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir və həmin məbləğin azaldılmasını, yəni 50 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Məhkəmə iddla tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınaraq iddia tələbi qismən təmin edildiyi üçün tələb edilən dövlət rüsumunun əvəzi hissəsində də iddia tələbi qismən əsaslı hesab edilməli, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1425 manat əsas borc, 50 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 1505 (bir min beş yüz beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı «X3 Kompleksi» MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar