Məhkəmə qərarları › İş №e-2(056)-416/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-416/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-416/2024 22.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 may 2023-cü il tarixli, 09/03569 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3500 manat borcun və 55 manat dövlət rüsumunun, cəmi 3555 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 10 may 2023-cü il tarixli, 09/03569 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Həmin müqaviləyə əsasən 7000 manat öhdəlikdən 3500 manat ödəniş edilmişdir. Cavabdehin cəmiyyətə hazırda 3500 manat borcu vardır. Cavabdeh iddiaçıya olan borcunu vaxtında qaytarmadığına görə iddiaçı tərəfindən borcun ödənilməsi dəfələrlə tələb edilsə də, bu günə kimi cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 may 2023cü il tarixli, 09/03569 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC Cavabdeh 2 ay müddətinə, yəni xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi 7000 manat qarşılığında CLAAS Dominator-130 markalı taxılyığan kombayn istifadəyə verilmişdir. İş materillarında olan 15 may 2023-cü il tarixli, 09/03569 nömrəli Akt 1-dən görünür ki, İddiaçı ASC-nin Sabirabad RN-nin istifadəsində olan CLAAS Dominator-130 markalı taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, o, texnikadan təyinatı üzrə istifadə etməyi, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi və s. öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 09/03569 nömrəli Akt 2-dən görünür ki, İddiaçı ASC-nin Sabirabad RN-nin istifadəsində olan CLAAS Dominator-130 markalı taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh tərəfindən Sabirabad RN-nin rəhbəri X3 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanmış Pretenziya məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə 3500 manatın ödənilmədiyi barədə Müqavilə bəndlərinə əsasən öhdəlikləri xatırladılmış, həmin məbləğ ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 10 may 2023-cü il tarixli, 09/03569 nömrəli müqavilə üzrə Cavabdeh 3500 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə ilk növbədə tələbin müqavilə üzrə ödənilməmiş qalan 3500 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında göründüyü kimi, cavabdeh kombaynı 2 ay müddətinə 7000 manat qarşılığında liziqə (istifadəyə) götürmüş, pretenziya məktubunda da həmin məbləğdən 3500 manatın ödənilməmiş qalması ona xatırladılmışdır. Lakin cavabdeh iddiaçı qarşısında öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün ödənilmiş 55 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 55 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və MPM-nın 119, 216-220, 227, 233, 284-5 və 284-6-cı 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 manat müqavilə üzrə ödənilməmiş borc və 55 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəm 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar