Məhkəmə qərarları › İş №e-2(056)-966/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-966/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-966/2025 16.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı «X4 Kompleksi» MMC-nin Cavabdeh qarşı «borcun tutulması» barədə kiçik iddia ərizəsinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X4 Kompleksi» MMC Cavabdeh qarşı «borcun tutulması» barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 602,11 (altı yüz iki manat, 11 qəpik) manat əsas, 120,4 (bir yüz iyirmi manat, 40 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 752,51 (yeddi yüz əlli iki manat, 51 qəpik) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı «X4 Kompleksi» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, alıcı qismində «X4 Kompleksi» MMC, tədarükçü qismində «X4 Kompleksi» MMC-nin “ X3 və Tədarükü məntəqəsi və Fermer (cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli,696 saylı xam pambığın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 2 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya ( Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 1214,04 manat məbləğində avans vəsaitlər ( nağd vəsait, dərman, çiyid, gübrə və.s) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavadeh yaranmış borcdan 611,93 manat dəyərində xam pambıq verməklə ödəmişdir. Beləliklə cavabdeh tərəfindən 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 696 saylı müqavilənin 2.1.1,2.1.7 və 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin 602,11 manat borcu qalmışdır.Bundan əlavə müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə ( 1-ci növ xam pambığın 1 tonunun qiyməti 700 manatdır) 20 faiz həcmində cərimə ödəməlidir ki, bu cərimənində məbləği 120,4 manat təşkil edir. xx.xx.2023-cü il tarixli üzləşmə aktında qeyd olunan borc öz təsdiqini tapmışdır. Cavabdehə pretenziya məktubu göndərilmiş 3 iş günü ərzində borcun ödənilməyəci halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə kiçik iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 696 saylı alqı -satqı müqaviləsindən görünür ki, «X4 Kompleksi» MMC ilə Cavabdeh arasında xam pambığın istehsalı və tədarükü müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 1214,04 manat məbləğində avans vəsaitlər( nağd vəsait, dərman, çiyid , gübrə və.s) verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 696 saylı müqavilə üzrə Cavabdeh «X4 Kompleksi» MMC-yə 611,93 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh bildiriş göndərilərək banka olan borcunun tam ödənilməsi təklif olunmuşdur, əks halda aiddiyyatı üzrə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı borc tələbi üzrə iddia qaldırılmasına görə 30 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunan müqavilədən görünür ki, cavabdeh bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri üzərinə götürmüş, lakin götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İddiaçı əsas kredit borcu ilə bərabər 120,40 manat məbləğində dəbbə pulunun tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göründüyü kimi tənasübsüz surətdə yüksək dəbbə pulunu məhkəmə tərəfindən azaldıla bilinməsi müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarına və qanunla müəyyən edilmiş dəbbə pulunun miqdarının tərəflərin razılaşması ilə artırıldığı hallara aiddir. Belə ki, bu hallarda dəbbə pulunun miqdarı öhdəliyin əhəmiyyəti və onun pozulduğu hallarda dəyə biləcək mümkün zərərin miqdarını nəzərə almaqla tərəflərin razılaşmaları əsasında müəyyən edilir. Belə razılaşma zamanı mümkün pozuntuya mütənasib olmayan dəbbə pulunun müəyyən edilməsi istisna olunmur. Buna görə də mülki qanunvericilik tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldıla bilməsi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını və eyni zamanda kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən həmin məbləğin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir və cəriməni 50 manat həddinədək azaltmağı ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 696 saylı müqavilə üzrə 602,11 manat əsas borc və 50 manat cərimə tutulub iddiaçı “X4 Kompleksi» MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumunun 27 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 696 saylı müqaviləyə əsasən 602,11 (altı yüz iki manat, 11 qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə borcu olmaqla ümumilikdə 652,11 (altı yüz əlli iki manat,11 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 27 manat hisəsi alınaraq iddiaçı «X4 Kompleksi» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar