Məhkəmə qərarları › İş №e-2(056)-977/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-977/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-977/2025 07.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli, M-3721 saylı alqı-satqı müqaviləsi üzrə 590 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, fiziki şəxs X5 ilə (VÖEN **********) “Sintra” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq cavabdeh X2 arasında xx.xx.2018-ci il tarixli, M-3721 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Sintra” firmasının istehsalı olan 1690 manat məbləğində olan “Sintra” modelli su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2018ci il tarixli, M-3721 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə Cavabdeh “Sintra” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icrasında qərəzli olaraq yayınmışdır. Tərəflər arasında xx.xx.2018-ci il tarixli, M-3721 saylı alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən, 50 manat ilkin ödəniş edərək, 2.4-cü bənddə göstərilən qaydada 24 ay müddətinə olmaqla, hər ayın 07-dən gec olmayaraq hər ay 70 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixli, M-3721 saylı alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 590 manat təşkil edir. Fiziki şəxs əsasında fəaliyyət göstərən X5 ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli, N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs X5 ilə (VÖEN **********) Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, M-3721 saylı alqı-satqı müqaviləsindən görünür ki, fiziki şəxs X1 Pərvanə Vaqif qızına 50 manat ilkin ödənil edilməklə 24 ay müddətinə, hər ay 70 manat ödəniş etməklə “Sintra” firmasının istehsalı olan 1690 manat məbləğində olan “Sintra” modelli su təmizləmə sistemini satmışdır. İş materiallarında olan fiziki şəxs X5 ilə (VÖEN **********) İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, fiziki şəxs X5 tələbetmə hüquqlarını İddiaçı MMC-yə güzəşt etmişdir. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli, M-3721 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh 590 manat əsas borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, xx.xx.2018-ci il tarixli, M-3721 saylı alqı-satqı müqaviləsini ödənişin hissə-hissə həyata keçirilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu kontekstdə müəyyənləşdirir. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli, M-3721 saylı alqı-satqı müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 306-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə işin araşdırılmış hallarına və sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh müqavilə əsasında aldığı avadanlığın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini tam yerinə yetirməmiş, nəticədə cavabdehin xx.xx.2018-ci il tarixli, M-3721 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 590 manat əsas borcu yaranmışdır. Ona görə də, iddiaçı təşkilat İddiaçı MMC-nin Cavabdeh öhdəliyinin icra edilməsini və yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın tam təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 590 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 620 (altı yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar