Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-105/2025 09.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış fayda olaraq 4,542.00 (dörd min beş yüz qırx iki) AZN əsas borc, 2239.00 (iki min iki yüz otuz doqquz) manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 430.00 (dörd yüz otuz) manat olmaqla, ümumilikdə 7,211.00 (yeddi min iki yüz on bir) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq «Azərbaycan Avtomobil Evi” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (“Alıcı”) ilə aralarında avtomobil alqı-satqısına dair xx.xx.2023-cü il tarixli B-732-AAE-23 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 58,794.00 (əlli səkkiz min yeddi yüz doxsan dörd) manat müəyyən edilən Changan Uni-V markalı, buraxılış ili 2023 olan (VİN: LS5A2DKE5PA334797), rəngi boz metal) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh 4.290,00 (dörd min iki yüz doxsan) manat ilkin ödəniş etmiş, 54,504.00 (əlli dörd min beş yüz dörd) manat qalan məbləğin isə xx.xx.2023-cü il tarixindən (sonradan qarşılıqlı razılaşmaya əsasən aylıq ödəniş hər təqvim ayının 20-sinə keçirilmişdir) etibarən 36 (otuz altı) ay müddətinə, ayda 1,514.00 (bir min beş yüz on dörd) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmiş (sonuncu ödəniş xx.xx.2024-cü il tarixində olmuşdur), bununla bağlı iddiaçı tərəfindən cavabdehə gecikdirilən ödənişlərin təmin edilməsinə, əks təqdirdə müqaviləyə xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixində xəbərdarlıq göndərilmiş, şifahi danışıqlar aparılmış lakin bu da heç bir nəticə vermədiyi və cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni iki aydan artıq müddətdə iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə müqavilə predmeti olan 77PD766 qeydiyyat nömrəli Changan Uni-V markalı avtomobil xx.xx.2024-cü il tarixində cavabdehin sahibliyindən geri götürülmüş, həmçinin iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B-732-AAE-23 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Avtomobil iddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilmiş, avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş Changan Uni-V markalı, buraxılış ili 2023 olan (VİN: LS5A2DKE5PA334797) avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 430.00 (dörd yüz otuz) manat müəyyən edilmiş və qeyd edilən həcmdə İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda cavabdeh tərəfindən ödənişin edildiyi son tarix olan xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə əldən çıxmış fayda olaraq 4,542.00 (dörd min beş yüz qırx iki) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 2239.00 (iki min iki yüz otuz doqquz) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması nəticəsində İddiaçı MMC-yə ümumilikdə 7,211.00 (yeddi min iki yüz on bir) manat miqdarında zərər dəymişdir. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsizərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli B-732-AAE-23 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Odur ki, Cavabdeh iddiaçı «Azərbaycan Avtomobil Evi” MMC-nin xeyrinə əldən çıxmış fayda olaraq 4,542.00 (dörd min beş yüz qırx iki) AZN əsas borc,2239.00 (iki min iki yüz otuz doqquz) manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 430.00 (dörd yüz otuz) manat olmaqla ümumilikdə 7,211.00 (yeddi min iki yüz on bir) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh ilkin olaraq 4290 manat ödəniş etməklə, qalan 54504 manat məbləği xx.xx.2023-cü il tarixindən etibarən 36 ay müddətində, ayda 1514 manat ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 2023-cü il buraxılışlı “Changan UNİ V” markalı avtomobil xx.xx.2023-cü il tarixdə cavabdehə qüsursuz və texniki saz vəziyyətdə təhvil verilmişdir. “Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” aktdan görünür ki, cavabdehin istifadəsinə verilmiş “Changan Uni-V” markalı, buraxılış ili 2023 olan avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 430,0 manat müəyyən edilmişdir. Həmin aktın qeyd hissəsindən görünür ki, nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə müştəridən təhvil alınmışdır. Arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə, yəni nəqliyyat vasitəsinin təhvil alındığı tarixə 4542,0 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmiş, lakin o, heç bir addım atmamışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 93 manat dövlət rüsumu ödəmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh ilkin olaraq 4290 manat ödəniş etməklə, qalan 54504 manat məbləği xx.xx.2023-cü il tarixindən etibarən 36 ay müddətində, ayda 1514 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə iddiaçı müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməklə, 2023-cü il buraxılışlı “Changan UNİ V” markalı avtomobili xx.xx.2023-cü il tarixdə cavabdehə qüsursuz və texniki saz vəziyyətdə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 606.1-ci maddəsinə əsasən, əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı malın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan əşya almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin əsas borca və nəqliyyat vasitəsinin təmir xərclərinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş arayışdan da göründüyü kimi, Cavabdeh xx.xx.2024-cü il tarixinə, yəni nəqliyyat vasitəsinin təhvil alındığı tarixə 4542,0 manat ödənilməmiş borcu qalmışdır. Eyni zamanda, “Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” aktdan görünür ki, cavabdehin istifadəsinə verilmiş “Changan Uni-V” markalı, buraxılış ili 2023 olan avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 430,0 manat müəyyən edilmiş və qeyd edilən həcmdə İddiaçı MMC-yə real zərər dəymişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla, məhkəmə belə qənaətə gəlir ki, 4542,0 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 2239,0 manat məbləğində cərimənin tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 223,90 manat cərimə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4542,0 manat əsas borc, 223,90 manat cərimə borcu və 430,0 manat məbləğində dəymiş ziyan tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 67,01 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4542,0 manat əsas borc, 223,90 manat cərimə borcu, 430,0 manat məbləğində dəymiş ziyan olmaqla, cəmi 5195,90 manat pul vəsaiti və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 67,01 manat alınaraq iddiaçı «Azərbaycan Avtomobil Evi” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-105/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-105/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver