Məhkəmə qərarları › İş №e-2(057)-1232/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1232/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1232/2025 07.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını onların iştirakları olmadan keçirərək, Cavabdeh 6020.93 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 80 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00-da Bakı şəhəri, 8 noyabr prospektində “Toyota Prius minik” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticə "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSB200144795 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada “avtokasko” risklərdən sığortalanmış “Mitsubishi L200 minik” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilən İXP5296416 saylı protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “Mitsubishi L200 minik” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 10922,26 (on min doqquz yüziyirmi iki manat, iyirmi altı qəpik) manat təşkil edir. Hadisə üzrə, "xxxx" ASC tərəfindən CSB136760/23 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 250,00 (iki yüz əlli) manat məbləği çıxılaraq 10672,26 (on min altı yüz yetmiş iki manat, iyirmi altı qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hadisə zamanı Cavabdeh tərəfindən idarə edilən “Toyota Prius minik” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 4651,33 (dörd min altı yüz əlli bir manat, otuz üç qəpik) manat hissəsi Şirkətimizin hesabına ödənilmişdir. Məbləğin 6020,93 (altı min iyirmi manat, doxsan üç qəpik) manat hissəsi ödənilməmiş qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə məhkəmə iclaslarında iştirak edə bilmədiklərini qeyd edərək, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsi və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan № CSB200144795 saylı, xx.xx.2021-ci il tarixli Avtomobilin Sığorta Şəhadətnaməsindən görünür ki, “Mitsubishi L200 minik” markalı, **- AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “avtokasko” risklərdən sığortalanmışdır. İş materiallarında olan CSB136760 nömrəli sığorta aktından görünür ki, xx.xx.2023cü il tarixdə, saat 13:00-da Bakı şəhəri, 8 noyabr prospektində baş vermiş hadisə nəticəsində sığortalanmış “Mitsubishi L200 minik” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, "xxxx" ASC tərəfindən 10672.26 manat pul "xxxx" MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00-da Bakı şəhəri, 8 noyabr prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı mülkiyyətçisi "xxxx" MMC, sürücüsü X4 olan “Mitsubishi L200 minik” markalı, **-AZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə mülkiyyətçisi X1 Cavabdeh olan “Toyota Prius” markalı, **-XG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. İş materiallarında olan 5827 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 10922.26 manat məbləğ "xxxx" MMC-yə ödənmişdir. İş materiallarında olan Qüsur aktından görünür ki, “Mitsubishi L200 minik” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10922.26 manat maddi zərər dəymişdir. İş materiallarında olan iddiaçının 25 aprel 2024-cü il tarixli məktubundan görünür ki, cavabdehə ödənilmiş 6020.93 manat sığorta ödənişinin ödənilməsinin zəruriliyi, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət nəfinə 80 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00-da Bakı şəhəri, 8 noyabr prospektində “Toyota Prius minik” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticə "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə № CSB200144795 saylı sığorta şəhadətnaməsi əsasında könüllü qaydada “avtokasko” risklərdən sığortalanmış “Mitsubishi L200 minik” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilən İXP5296416 saylı protokola əsasən, Ağayev X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “Mitsubishi L200 minik” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 10922,26 (on min doqquz yüziyirmi iki manat, iyirmi altı qəpik) manat təşkil edir. Hadisə üzrə, "xxxx" ASC tərəfindən CSB136760/23 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 250,00 (iki yüz əlli) manat məbləği çıxılaraq 10672,26 (on min altı yüz yetmiş iki manat, iyirmi altı qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hadisə zamanı Cavabdeh tərəfindən idarə edilən “Toyota Prius minik” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 4651,33 (dörd min altı yüz əlli bir manat, otuz üç qəpik) manat hissəsi Şirkətimizin hesabına ödənilmişdir. Məbləğin 6020,93 (altı min iyirmi manat, doxsan üç qəpik) manat hissəsi ödənilməmiş qalmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.1-ci maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. 19.2-ci maddəsinə əsasən bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və 6020.93 (altı min iyirmi manat doxsan üç qəpik) manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 80 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6020.93 (altı min iyirmi manat doxsan üç qəpik) manat pul və 80 (səksən) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar