Məhkəmə qərarları › İş №e-2(057)-1241/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1241/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1241/2025 11.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3,567.00 AZN əsas borc,1070.00 manat cərimə borcu, real zərər olan avtomobilin təmir xərci 1,376.72 manat və 262,00 manat inzibati xətalar üzrə cərimələrin ödənişi olmaqla, ümumilikdə 6 275.72 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-052-SA-24 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitənsi Satıcı tərəfindən avtomobilin dəyəri tam ödənilənədək Alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən iddiaçıya ilkin ödəniş edilməsi nəzərdə tutulmamışdır, nəqliyyat vasitəsinin dəyərini təşkil edən 71.340,00 (yetmiş bir min üç yüz qırx) manat məbləğində pul vəsaitinin isə xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1189.00 (bir min bir yüz səksən doqquz) manat olmaqla iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Nəqliyyat vasitəsinin dəyəri tam ödənildikdən sonra, həmin nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca icra edilməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra ilk 2 ay ərzində ödəniş öhdəliklərini vaxtında icra etsə də, 3 -cü ayda ödənişi gecikmə ilə həyata keçirmiş, növbəti aylarda isə heç bir ödəniş edilməmişdir (Maliyyə arayışı əlavə olunur). Ödəniş öhdəliklərinin gecikdirilməsi barədə əməkdaşlarımız tərəfindən cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, lakin həmin xəbərdarlıqlar heç bir müsbət nəticə verməmiş, cavabdeh tərəfindən aylıq ödənişlərin həyata keçirilməsi təmin edilməmişdir. Öhdəliklərini icra etməməməsi səbəbindən iddiaçı tərəfindən cavabdehə Skoda Kamiq 1.6 MPİ markalı, 77YL732 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəsicavabdehdən alınaraq iddiaçının qanunisahibliyinə geri qaytarılmışdır. Bununla bağlı Cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbindən (yəni avtomobilin qanuni sahibliyimizə geri qaytarıldığı tarixlə birlikdə üç aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə), xx.xx.2024-cü il tarixli məktubla iddiaçı tərəfindən Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-052-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildiririk ki, Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün xx.xx.2024-cü il tarixində təmir edilməklə 1,376.72 (bir min üç yüz yetmiş altı manat 72 qəpik) manat avtomobilə xərc çəkilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi (təqsirli hüquqazidd hərəkətləri) nəticəsində İddiaçı MMC-yə real zərər (delikt) dəymişdir. Eyni zamanda Baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (24534 km) və bazar qiymətlərinə uyğun olaraq 25% dəyərdən düşmüşdür. Eyni zamanda cavabdeh tərəfindən son edilən ödəniş, yəni xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən, cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan üç ayın (iyul, avqust, sentyabr) ödənilməmiş məbləği olan 3,567.00 (üç min beş yüz altmış yeddi) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1,070.00 (bir min yetmiş) manat məbləğində dəbbə pulu yaranmışdır. Nəqliyyat vasitəsinin Cavabdeh istifadəsində olduğu müddət ərzində müxtəlif tarixlərdə onun tərəfindən törədilmiş inzibati xətalara görə X5 tərəfindən cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, lakin sözügedən şəxs tərəfindən cərimələrin ödənilməsi təmin edilməmişdir. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra ümumi məbləği 262,00 (iki yüz altmış iki) manat təşkil edən cərimələrin ödənilməsi İddiaçı MMC tərəfindən həyata keçirilmişdir. Beləliklə Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə6 275.72 (altı min iki yüz yetmiş beş manat yetmiş iki qəpik) manat miqdarında zərər, borc öhdəliyi və cərimə borcu yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həlledilməsiməqsədi ilə məhkəməyə müraciət edilməsizərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli B-052-SA-24 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Odur ki, Cavabdeh 3,567.00 AZN əsas borc,1070.00 manat cərimə borcu, real zərər olan avtomobilin təmir xərci 1,376.72 manat və 262,00 manat inzibati xətalar üzrə cərimələrin ödənişi olmaqla, ümumilikdə 6 275.72 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, onunla iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, ödənişdə gecikmələr olduğu üçün maşın iddiaçıya təhvil verilmişdir. Maşın iddiaçıya onun tərəfindən saz vəziyyətdə geri qaytarılmış, iddia ərizəsində qeyd olunan avtomobilin təmir xərcinə dair qüsur aktı həqiqəti əks etdirmir. O, həmçinin, iddiaçıya gecikdirilmiş məbləği ödəyəcəyi halda avtomobilin ona geri qaytarılması barədə təklif etmiş, lakin iddiaçı həmin təklifi qəbul etməmişdir. Belə olan halda avtomobili geri qaytarmışdır. İddia ərizəsində qeyd olunan inzibati cərimələrin ödənilməsinə etiraz etmədiyini, lakin avtomobil artıq iddiaçıya geri qaytarıldığı üçün iddianı qalan hissədə qəbul etmədiyini bildirərək, iddanın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş; İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqısatqısı üzrə B-052-SA-24 saylı müqavilədən görünür ki, alıcı ilkin ödəniş 0 manat ödəməklə, 60 ay müddətində, hər ay 1189 manat ödəmək şərti ilə ümumi dəyəri 71340 (yetmiş bir min üç yüz qırx) manat olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) avtomobili texniki saz halda satıcıdan almışdır. 28 mart 2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, Skoda Kamiq 1.6 MPİ markalı, (VİN:TMBGC6NW2P3195100), yürüşü 0 km olan avtomobil qüsursuz və texniki saz vəziyyətdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 3567 AZN gecikdirilmiş borc, 1070 AZN cərimə borcu vardır. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya 2378 manat əsas, 726 manat cərimə borcu vardır. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə məktubun məzmunundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli B-052-SA-24 saylı müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə xəbərdar edilmişdir. İcra edilmiş xidmətlərə dair aktdan görünür ki, Skoda Kamiq 1.6 MPİ markalı avtomobilin təmir xərci 1376,72 manat təşkil etmişdir. İnzibati xəta haqqında protokollardan görünür ki, müqavilənin qüvvədə olduğu müddətdə Skoda Kamiq markalı, 77YL732 dövlət qeydiyyat nömrəli avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar avtomobili etibarnamə əsasında idarə edən sürücülər AR X5 tərəfindən inzibati qaydada cərimələnmişdirlər. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 567.1-ci maddəsinə görə, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdi ki, İddiaçıMMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli B-052-SA-24 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ilkin ödəniş 0 manat ödəməklə, 60 ay müddətində, hər ay 1189 manat ödəmək şərti ilə ümumi dəyəri 71340 (yetmiş bir min üç yüz qırx) manat olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW9P3197863), yeni və yürüşü 0 km olan avtomobili satıcıdan almışdır. İş üzrə İddiaçıMMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, avtomobili cavabdehin mülkiyyətinə vermiş, lakin cavabdeh müqavilə üzrə əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyini icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İddiaçı müqaviləyə birtərəfli qaydada xitam vermiş və alqı-satqı müqaviləsinin predmeti olan əşyanı qaytarmışdır. İddiaçı hazırda, nisyə alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış hissə-hissə ödənişlərin müqavilənin qüvvədə olduğu müddətdə ödənilmədiyi əsas və faiz hissəsini, həmçinin avtomobilə dəymiş real zərəri tələb edir. Məhkəmə iddia tələbinin cavabdehdən əsas borcun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin hərəkətləri nisyə alqı-satqı müqaviləsinin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan malı almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyini yerinə yetirməmişdir. Bu halda satıcı alıcıdan əşyanın qaytarılmasını və ya ödənilməsini tələb edə bilərdi. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsi imperativ qaydada alıcı tərəfindən əşyanı ödəmək vəzifəsinin yerinə yetirilmədiyi halda satıcıya iki hüquq verir: verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək. İddiaçı tərəfindən isə nisyə-alqı müqaviləsinə birtərəfli qaydada xitam verilmiş, həmçinin alıcıya verilmiş avtomobil ondan geri alınmışdır. Belə olduğu təqdirdə, iddiaçının artıq xitam verilmiş müqavilə üzrə ödənilməyən əsas borcu tələb etməsi əsassızdır və iddia bu hissədə təmin edilə bilməz. İddianın öhdəliyin icra edilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1070 manat məbləğində dəbbə pulunun tələb edilməsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödəməlidir. Tərəflər arasında bağlanmış alğısatqı müqaviləsinin 2.5-ci maddəsində isə qeyd edilmişdir ki, “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməli, gecikdirilən hər gün üçün isə X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Göründüyü kimi, tərəflər Mülki Məcəllənin müvafiq normasına zidd olmayan şərtlə bağlı razılığa gəlmişlər, bu səbəbdən gecikdirilmiş cərimə borcunun tələb edilməsi əsaslıdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərərək xx.xx.2024-cü il tarixli B-052-SA-24 saylı müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə xəbərdar etmişdir. Belə olan halda, iddiaçının artıq xitam verilmiş müqavilə üzrə həmin tarixdən sonrası üçün hesablanmış cərimə borcunu tələb etməsi əsassızdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixə hesablanmış 726 manat cərimə tutulmalıdır. İddiaçı tərəfindən alıcının avtomobili istifadə etməsi nəticəsində avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün təmir xərcinin və inzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin tələb edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi ona dəymiş zərəri ehtiva edir. Cavabdeh avtomobili saz vəziyyətdə iddiaçıya geri qaytardığını bildirsə də, etirazını əsaslandırdığı həmin halı sübut edə bilməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 31,27 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 726 manat cərimə borcu, 1376,72 manat dəymiş zərər, inzibati xəta haqqında protokollara görə ödənilmiş 262 manat olmaqla, ümumilikdə 2364,72 (iki min üç yüz altmış dörd manat yetmiş iki qəpik) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 31,27 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 726 manat cərimə borcu, 1376,72 manat dəymiş zərər, inzibati xəta haqqında protokollara görə ödənilmiş 262 manat olmaqla, ümumilikdə 2364,72 (iki min üç yüz altmış dörd manat yetmiş iki qəpik) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 31,27 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar