Məhkəmə qərarları › İş №e-2(057)-1277/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1277/2023

18.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1277/2023 18.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının Cavabdehnə qarşı “10 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Biriyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, **********00000 nömrəli abonent kodu ilə qaz sayğacı ilə qazdan istifade edir, 5 ildən bir yenidən sayğac quraşdırılıb. İstifadə etdiyi qazın dəyərini tam olaraq ödəmiş, daim də, ödəyir, cavabdehin işçiləri onun məlumatı olmadan sayğaca müdaxilə etdiyini əsas gətirərək borc hesablamışlar. İndi hazırda cəmi 1555.20 manat ondan pul tələb olunur. Daha sonra əldə etdiyi sənədlər əsasında məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri evə gəlmişlər və guya sayğaca baxış keçirmiş, sonra akt yazmışlar. Aktın yazılmasına səbəb sayğaca müdaxilə edilməsidir. Həmin akta görə 1555.20 (Bir min beş yüz əlli beş manat 20 qəpik) manat cərimə hesablamaları ona müəyyən olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, səhər işə gedərkən sayğacın şüşəsinin sındığını görmüş, bu barədə qaz idarəsinə xəbər vermişdir. İdarənin əməkdaşları gəlib sayğaca baxış keçirtdikdən sonra ona bildirmişlər ki, yeni sayğac quraşdırılmalıdır. Sayğac üçün 65 (altmış beş) manat pul ödəməsini bildirmişlər o, həmin pulu Azərbaycan Beynəlxalq Bankda olan hesaba ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, ona cərimə yazılmış, daha sonra idarəyə müraciət etmiş, idarə isə onlarlıq bir şey olmadığını, cərimənin baş idarə tərəfindən yazıldığı bildirilmiş, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X1 dövlət tərəfindən pulsuz olaraq quraşdırıldığını, həmin sayğac vasitəsilə qazla təmin olunduğunu bildirmiş, yekun qərarın məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 04 aprel 2023-cü il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, Salyan rayonu, istehlakçı Hənifəyev Abasquluna məxsus yaşayış sahəsində olan sayğac tutularaq qazı keçirməsi səbəbindən yeni qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 10 aprel 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Hənifəyev Abasqulunun evində quraşdırılmış qaz sayğacı yoxlanılmış və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıb və qaz itkisinin, müdaxilə olunmasını əsas gətirərək, dəymiş ziyan hesablanılmaqla sayğacın dəyəri ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Cavabdeh İstehsalat Biriyinin MD-nin sayğaclarını müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 10 aprel 2023-cü il tarixli, MSK 14-2-2/3-5-3822-1 №-li aktına əsasən G-4 markalı, 12580597 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıqdır, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilib və sayğacın zavod seüriya nömrəsi yazılmış lövhə dışı çarx üzərində aşkar olunmamışdır və sayğacın istismara yararsız olması aşkar edilmiş nöqsan kimi qeyd edilmiş. Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (6x24x90=12960 m3). İş materiallarında olan abonent nömrəsi **********00000 olan Hənifəyev Abasqulunun adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 20 iyun 2023-cü il tarixinə aktlar üzrə hesablanılmış borcu 1555,20 manatdır. İşə materiallarında olan iddiaçının X8 İstismarı İdarəsinin Salyan Xidmət Sahəsi üzrə idarə rəisinin müavini Faiq Qurbanova ünvanladığı ərizəsindən görünür ki, həqiqətən də, iddiaçı izahatında göstərdiyi kimi sayağacın şüşəsinin sınıq olmasını gördükdən sonra düzəldilməsi üçün müraciət etmişdir. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli BPM**********21 saylı mədaxil qəbzindən göründüyü İddiaçı Cavabdeh X3 QQİİ-nin Azərbaycan Beynəlxalq Bankda olan hesabına 65 (altımış beş) manat sınmış sayğacın dəyərini ödəmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən 04 aprel 2022-ci il tarixdə İddiaçının evində quraşdırılmış qaz sayğacının şüşəsinin sındığını aşkar etmiş, həmin günü ərizə ilə X8 İstismar İdarəsinə müraciət etmişdir. İddiaçı yeni sayğacın dəyəri olan 65 manat pulu cavabdeh təşkilata ödəmiş, sayğac yenisi ilə əvəz edilərək akt tərtib edilmiş, yeni sayğac quraşdırılmışdır. Bundan sonra, cavabdeh orqan tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, 12960 m3 dəymiş ziyan hesablanmışdır. Bu hal mübahisəsizdir. Belə ki, bu qeyd edilənlər iş materiallarında olan abonentin saldosu, “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt, dəymiş ziyanın bərpasından dair tələbnamə əsasında tam sübut edilir. Hazırda İddiaçı sayğaca onun hər hansı təqsirli hərəkəti nəticəsində ziyan vurulmadığını, həmin aktın əsassız tərtib edildiyini, beləliklə ona əsassız yerə 1555,20 manat məbləğində borc tələb edildiyini bildirərək bu borcun silinməsini tələb edir. Həmçinin müəyyən olunmuşdur ki, sayğac paylayıcı tərəfindən quraşdırılmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının çıxış plastmas borusu deşilməsi, sayğacdan keçən qazın həcmini qeyd etməməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, sayğacın şüşəsinin sınmasının istehlakçı (iddiaçı) tərəfindən aşkar edilməsinə baxmayaraq, sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda 10 aprel 2023-cü il tarixli, ******* nömrəli akta əsasən dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçının hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın hesablama mexanizmi keçən qazı qeyd etməməsini müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış borc silinməlidir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Salyan Qaz İdarəsi tərəfindən İddiaçı 10 aprel 2023-cü il tarixli, № ******* saylı akta əsasən hesablanmış 1555,20 manat borc onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar