Məhkəmə qərarları › İş №e-2(057)-1303/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1303/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1303/2024 24.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “Lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “Lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1681.41 manat pul və ödənilmiş 36.82 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərmaş" MMC ilə X6 arasında bağlanmış 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı, “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi” nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə№3) əsasən lizinq alan illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil edir. 16 avqust 2021-ci il tarixdə X6, X4 və İddiaçı MMC arasında MAS-2997 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 02 noyabr 2021-ci il tarixli MAS- 2997 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri S.Qafarov öz üzərinə götürmüşdür. 20 avqust 2021-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS- 2997 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 02 noyabr 2021-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(057)-1861/2023 saylı qətnaməsi ilə (hakim A.Səmədov) İddiaçı MMC-nin iddiası təmin edilərək, müqavilənin ləğv edilməsi, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 1774.03 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 mart 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1681.41 manat ziyan dəymişdir. Ona görə də, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1681.41 manat pul və ödənilmiş 36.82 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X5 elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək mülki işə iştirakları olmadan baxılaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsi və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmədə elan olunmuş 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı daxili lizinq müqaviləsinin ksero surətindən görünür ki, “Azərmaş" MMC ilə X6 arasında bağlanmış 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı, “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 16700 manat təşkil edir. Lizinq Alan, bu müqavilə imzalandığı gün 3400 manat məbləğində lizinq ödənişini lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3400 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 19 faiz həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən Lizinq verənə ödənilir. İş materiallarında olan “X11” MMC tərfindən tərtib olunmuş qüsur aktının surətindən görünür ki, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 1681.41 manat təşkil edir. İş materialında olan xx.xx.2020-ci il tarixli, MAS-2997 saylı X3 1 saylı əlavədən görünür ki, “Khazar SD minik” markalı, NVAW01HHFLE231868 ban nömrəli, ağ rəngli avtomobilin dəyəri 16700 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin direktoru X5 və X6, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materiallarında olan MAS-2997 nömrəli, xx.xx.2021-ci il tarixli Öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, X6, X4 və İddiaçı MMC arasında müqavilə bağlanmış və müqavilə əsasında 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X4 öz üzərinə götürmüşdür. İş materiallarında olan MAS-2997 nömrəli, xx.xx.2021-ci il tarixli Öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, X4, Cavabdeh və İddiaçı MMC arasında arasında müqavilə bağlanmış və müqavilə əsasında 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, X1 istifadəsinə verilmiş vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 təhvil almışdır. İş materiallarında olan MAS-2997 saylı X3 3 saylı Əlavənin surətindən görünür ki, lizinq alan illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil edir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1861/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, 02 noyabr 2020ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD minik” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 02 noyabr 2020ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 sentyabr 2023-cü il tarixə 1237.85 manat gecikdirilmiş əsas, 265.07 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 170.71 manat dəbbə pulu və ödənilmiş 100,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh lizinq obyektinə dəymiş ziyanı ödəməsini və yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq qaydada məsuliyyət daşıdığı bildirilmişdir. Vurulmuş zərərin məbləğini müzakirə edən məhkəmə ilki olaraq onu qeyd edir ki, cavabdehin sahibliyində və istifadəsində olan zaman iddiaçıya (lizinq verənə) məxsus avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək qeyd edir ki, cavabdeh iddiaçı təşkilatdan lizinq müqaviləsi əsasında “Khazar SD” minik markalı, NVAW01HHFLE231868 ban nömrəli, ağ rəngli avtomobil götürmüş, lakin daxili lizinq müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “Daxili lizinq” müqaviləsi ləğv edilmiş, avtomobili iddiaçıya qaytarılmış və xx.xx.2024-cü il tarixli aktla avtomobilə dəymiş zərər 1681.41 manat məbləğində qiymətləndirilmişdir. Ona görə də, lizinq obyektinin sahibi avtomobilə dəymiş zərəri tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan xüsusatları və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı xx.xx.2024-cü il tarixli mütəxəsis arayışını şübhə altına alan, zərərin daha az olmasına ehtimal verən hallar aşkar edilməmişdir. Bu baxımdan avtomobilə dəymiş zərərin miqdarını təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə mütəxəsis tərəfindən tərtib olunmuş arayışı mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın mütəxəsis arayış ilə müəyyən edilmiş mədləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir və bu nəticəyə gəlir ki, Cavabdeh iddiaçının xeyrinə 1681.41 manat tutulmalıdır. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 36.82 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 127.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh lizinq obyekti olan “Khazar SD minik” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1681.41 manat məbləğində pul və ödənilmiş 36.82 manat dövlət rüsumu alınıb İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh lizinq obyekti olan “Khazar SD minik” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1681.41 manat məbləğində pul və ödənilmiş 36.82 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar