Məhkəmə qərarları › İş №e-2(057)-1481/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1481/2023

25.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1481/2023 25.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Ağaverən oğlunun nümayəndəsi və vəkili Vəkil Tahir oğlunun, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ağaverən oğlunun Cavabdehnə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 24 iyun 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555.20 manat cərimənin silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ağaverən oğlu Cavabdehnə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 24 iyun 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555.20 manat cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktı əsasında hesablanmış 1555.20 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, **********00000 nömrəli abonent kodu ilə qaz sayğacı ilə qazdan istifadə edir. 5 ildən bir yenidən sayğac quraşdırılmışdır. İstifadə etdiyi qazın dəyərini tam olaraq ödəmişdir. Daim də ödəyir. Cavabdehin işçiləri onun məlumatı olmadan sayğaca müdaxilə etdiyini əsas gətirərək borc hesablamışlar. İndi hazırda cəmi 1555.20 manat ondan pul tələb olunur. Daha sonra əldə etdiyi sənədlər əsasında məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri evə gəlmişlər və guya sayğaca baxış keçirmiş, sonra akt yazmışlar. Aktın yazılmasının səbəbi sayğaca müdaxilə edilməsidir. Həmin akta görə 1555.20 manat cərimə hesablamaları ona müəyyən olunmuşdur. Cavabdehin nümayəndələri tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və həmin akta görə hesablanmış cərimə qanunsuzdur. Birincisi o, sayğaca müdaxilə etməmişdir. Cavabdehin istənilən vaxt sayğacın işləmə prinsipinə nəzarət etmək imkanı var. O, evdə daimi qazdan istifadə etmişdir. Bundan başqa o, sayğacla qaz işlətmişdir. Onun sayğacı olub və qanuni şəkildə istifadə etmişdir. 15 gündən bir cavabdehin nümayəndəsi gəlib sayğaca nəzarət etməli idi və qanuna əsasən bu onun vəzifəsi və borcudur. Qeyd olunanlar cavabdehin xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və həmin akt əsasında hesabladığı 1555.20 manat cərimənin qanunsuz olduğunu birbaşa sübut edir. Odur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktı əsasında hesablanmış 1555.20 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Ağaverən oğlunun nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddianı müdafiə edir. Sayğac iyul ayında dəyişdirilmişdir. Sayğacda sərfiyyat aşağı düşməsinə havaların isti keçməsi səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, sayğac dekabr ayında yenisi ilə əvəz olunmuş və laboratoriyaya yoxlamaya göndərilmişdir. Laboratoriya sayğacın qapağının yan tərəfdən əzilməsini müəyyən etmişdir. Həmin akt əsasında abonentə cərimə hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Ağaverən oğluna məxsus yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmış, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin, sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK 14-2- 2/3-5-6268/Q006 № rəyinə əsasən G-4 markalı, ******* №-li qaz sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (6x24x90=12960 m 3) Abonent nömrəsi **********00000 olan İddiaçı Ağaverən oğlunun adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 1555.20 manat borcu vardır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması halında abonentin təqsiri olmasını cavabdeh təşkilat sübut etməmişdır. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, ümumiyyətlə, iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin təklikdə buna görə istehlakçıya cərimə hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də bunun sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Bu səbəbdən həmin borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Ağaverən oğlunun xx.xx.2023-cü il tarixli akta əsasən hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın zədələnməsi və ziyan vurulması müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış 1555.20 manat məbləğində borc silinməli, Cavabdeh İB-dən 35.55 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Salyan Qaz İdarəsi tərəfindən İddiaçı Ağaverən oğluna 24 iyun 2023-cü il tarixli, № ******* akta əsasən hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 35.55 (otuz beş manat əlli beş qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar