Məhkəmə qərarları › İş №e-2(057)-1538/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1538/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1538/2025 03.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Salyan Rayon Məhkəməsində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və zamini Cavabdeh1 1089 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Salyan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 99A-da yerləşən “Elektro Center” mağazasında sahibkar fəaliyyəti ilə məşğul olur. 02 may 2024-cü il tarixdə Salyan rayonu, Şorsulu kənd sakini Cavabdeh2 1 nəfər ona zaminlik edən Salyan rayonu, Şorsulu kənd sakini Cavabdeh1 ilə birlikdə işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 1655 manat olan 1 ədəd F2T9GW9P ABLPCOM LG markalı paltaryuyanı zamini vasitəsilə alqı-satqı müqaviləsi bağladıqdan sonra 18 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mağazadan götürdüyü paltaryuyana görə hər ay mağazaya 92 manat ödəniş etməli idi. Lakin cavabdeh 1 il müddət ərzində mağazanın xəzinəsinə 566 manat əsas borcdan ödəmiş və 1 il müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 274 manat ödəniş etmişdir. Bununlada Cavabdeh2 hal-hazırda mağazanın xəzinəsinə 1089 manat əsas borcu yaranmışdır. Müqavilənin icrasından irəli gələn mübahisələri danışıq yolları ilə həll etmək mümkün olmadığı üçün Salyan rayonu Şorsulu kənd ünvanında yaşayan Cavabdeh2 və zamini Salyan rayonu Şorsulu kənd ünvanında yaşayan Cavabdeh1 ünvanına məktublar göndərərək mağazaya vurduğu ziyanı ödəməsini tələb etsədə Cavabdeh2 və zamini bundan qəsdən imtina etmiş mübahisənin danışıq yolu ilə nizama salınmasını istəməmiş və onlarla heç bir əlaqə saxlamamışlar.Odur ki, Cavabdeh2 ilə aralarında bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərini pozduğu üçün o, məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərin iddia ərizəsində göstərilən ünvana rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Alğı-satqı (hissə-hissə) müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı, Cavabdeh2 kredit məbləği 1655 manat olan F2T9GW9P ABLPCOM LG markalı paltaryuyanı satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit götürən Cavabdeh2 öhdəlikləri üçün bank qarşısında zamin kimi öhdəlik götürmüşlər. İş materiallarında olan Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, onlara gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 30.89 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 567-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 470.1-ci maddəsin əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1089 (bir min səksən doqquz) manat əsas borc və 30.89 (otuz manat səksən doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1089 (bir min səksən doqquz) manat əsas borc və 30.89 (otuz manat səksən doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar